Əlaqə Arxiv
news Image
2014.03.14
16:10
| A A A
Tıxacda partlayış təhülkəsi
Rauf Məmmədov: «Yaxşı olardı ki, təhlükəli maddə daşıyan maşınların ümumi axınla günün pik satlarında, tıxacların əmələ gəlmə ehtimalı çox olan vaxtlarda hərəkətinə məhdudiyyət qoyulsun» Ərşad Hüseynov: «O avtomobillərin hərəkət marşrutu elə təyin olunmalıdır ki, maksimum dərəcədə yaşayış məntəqəsindən keçməsin»

Paytaxt Bakı üçün artıq xarakterik hallardan biri də bəzən saatlarla avtomobillərin tıxaclarda qalmasıdır. Tıxaclarda isə bəzən yanacaq və təhlükəli digər maddələr daşıyan yük maşınlarını da çox görmək olar. Bu hal isə daha təhlükəli sayılır. Belə ki, ən kiçik bir ehtiyatsızlıq nəticəsində baş verə biləcək bədbəxt hadisə nəticəsində onlarla insan və maşın zərər görə bilər. Belə halların qarşısını almaq üçün təklif edilir ki, təhlükəli maddə daşıya yük maşınlar   gecələr, yəni yollarda avtomobillərin sayının az olduğu zaman daşımaları həyata keçirməlidirlər.  Ekspertlərin fikrinə görə, təhlükəsizlik qaydaları baxımından bu zəruridir.

Azərbaycan Texniki Universitetinin "Avtomobil nəqliyyatı vasitələri" kafedrasının müəllimi, dosent Rauf Məmmədovun sözlərinə görə, yanacaqdoldurma məntəqələrinə yanacaq daşıyan avtomobillər hazırlanarkən belə təhlükəsizlik qaydaları nəzəər alınır: "Eləcə də onlar hərəkətə buraxılarkən təhlükəsizlik tələblərinə əməl olunmalıdır. Yaxşı olardı ki, onların ümumi axınla günün pik satlarında, tıxacların əmələ gəlmə ehtimalı çox olan vaxtlarda hərəkətinə məhdudiyyət qoyulsun. Onlar xüsusi marşrutla, yolla hərəkət etsinlər". 

   R.Məmmədov bildirib ki, belə avtomobillərin gecə və ya səhər tezdən hərəkəti daha məqsədəuyğundur: "Məntəqələrlə neft emalı zavodları arasında elə qrafiklər müəyyən olunmalıdır ki, onlar yolların boş olduğu vaxtlarda hərəkət etsinlər. Məsələn, gecə vaxtı, ya səhər tezdən. Şərt deyil ki, bu maşınlar da ümumi axınla bir hərəkət etsinlər. 

Bunun bizdə həyata keçirilməsi idarəçilik məsələsi ilə bağlıdır. Məsələn, yanacaqdoldurma məntəqələrində rezervuarlar ki var, onların boşalma vaxtları əvvəlcədən məlum olur. Gündəlik sərfiyyat bilinir. Ona uyğun olaraq qrafiki qurmq olar. Onu elə vaxta uyğunlaşdırmaq olar ki, yolların boş vaxtına uyğun gəlsin.  Bu, birinci variantdır. 

   İkincisi isə xüsusi hallarda bu tipli maşınların Dövlət Yol Polisi və yaxud müvafiq qurumların müşayiəti ilə hərəkətinə şərait  yaradıla bilər. Ancaq bu, xüsusi haldır. Əsas onların hərəkət qrafikinin müəyyənləşdirilməsidir. Kifayət qədər elə xidmət növləri var ki, işçilər gecə çalışırlar. Bunu da o cür həyata keçirmək olar. Bu yolla problemin həlli mümkün görünür. Əslində,  avtomobillərin xarakteristikasına baxanda görürük ki, tək yanacaq daşıyan avtomobillər deyil, yük avtomobilləri də axında maneə yarada bilirlər. Ancaq burda təhlükəzlik baxımından yanacaq daşıyan maşınlar daha çox təhdid doğurur. 

   Artıq ictimai nəqliyyat üçün yolda ayrıca zolağın çəkilməsi nəzərdə tutulur. Ancaq yanacaqdoldurma məntəqələrinə yük daşınması elə prosesdir ki, sutkada bir dəfə həyata keçirilir, ya yox. Onun üçün xüsusi zolaq ayrılması məqsədəuyğun və mümkün deyil. Ancaq hərəkətin təşkilinin qrafiklərlə qurulması bu problemin həllinə kömək ola bilər". 

Yol hərəkəti haqqında qanunun 57-ci maddəsinə əsasən, təhlükəli yüklər daşıyan nəqliyyat vasitələrinin hərəkət marşrutu və hərəkət qrafikinin Dövlət Yol Polisi, Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyətləri ilə razılaşdırılmalı olduğunu deyən Ərşad Hüseynov isə məsələyə belə münasibət bildirib: "Bu, benzin, dizel və yaxud sıxılmış maye qazın daşınması ilə məşğul olan avtomobillərlərə və s. aiddir. Onların üzərində xüsusi nişan və təhlükəsizliyi haqda xüsusi sertifikatı olur. Həm Dövlət Yol Polisinin, həm Fövqəladə Hallar Nazirliyinin, həm də yerli icra hakimiyəti orqanlarının icazəsi olmalıdır. Bunlar əgər görsələr ki, sözügedən avtomobillərin hərəkət qrafiki həqiqətən də tıxac vaxtına düşür, hərəkət marşrutu intensiv hərəkət olan küçələrindən, prospektlərindən, yaşayış binalarının, məktəblərin yanından, yəni insanların çox olduğu yerlərdən keçir, bu zaman mövcud qrafikə dəyişiklik etməlidirlər.       

   Ümumiyyətlə, o avtomobillərin hərəkət marşrutu elə təyin olunmalıdır ki, maksimum dərəcədə yaşayış məntəqəsindən keçməsin. Əsas budur.   İkincisi şərt isə vaxt məsələsidir. Vaxt qrafiki elə seçilməlidir ki, yanacağın daşınması hərəkətin yollarda ən az olduğu vaxtda həyata keçirilsin. Əslində, bu qayda bizdə də tətbiq edilir. Yanacaq daşıyan avtomobillər əsasən gecə saatlarında hərəkət edirlər. Lakin qaydaları pozanlar da az deyil. Tıxaclar zamanı belə avtomobillərə də rast gəlinir".


Sizin Reklam Yeriniz