Əlaqə Arxiv
news Image
2014.03.17
18:45
| A A A
Küçə heyvanlarına sahib çıxan yoxdur
Yolçu Xanvəli: «Baytarlıq Xidməti tərəfindən heyvanlara sığınacaqlar yaradılması ilə bağlı təklif irəli sürülsə də, hələ ki, bu işə sponsorluq edən yoxdur» Azər Qarayev: «Artıq Azərbaycanda da bütün dünyada olduğu kimi heyvanlara qayğının vaxtı çatıb»

Dünyanın əksər ölkələrində kimsəsiz küçə heyvanlarına nəzarət edən xüsusi təşkilatlar, qurumlar olur ki, onlar bu və ya digər şəkildə həmin heyvanlarla maraqlanırlar. Belə ki, onları yuvalara yerləşdirir, xəstəliklərini müalicə edir, əgər problemli  olarlarsa ən son halda onların məhvini həyata keçirirlər. Ölkəmizdə isə küçə heyvanlarına nəzarəti Dövlət Baytarlıq Xidməti və Kommunal Sanitariya departamenti reallaşdırır. Lakin onlarla yanaşı, bizdə də  heyvanları qoruycaq özəl təşkilatların yaranması,sığınacaqların salınması böyük ehtiyacdır. 

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli saytımıza verdiyi açıqlamada mövcud problemin bu qurumu da ciddi narahat etdiyini bildirdi. Onun sözlərinə görə, Baytarlıq Xidməti tərəfindən heyvanlara sığınacaqlar yaradılması ilə bağlı təklif irəli sürülsə də, hələ ki, bu işə sponsorluq edən yoxdur: "Biz küçə heyvanlarına nəzarətlə bağlı proqram irəli sürmüşük. Burda küçə heyvanları üçün saxlanc yerlərinin yaradılması nəzərdə tutulur. Bunun üçün xüsusi tikinti işləri aparmaq lazımdır. Lakin problem ondan ibarətdir ki, hələ ki, bu istiqamətdə sponsorluq edən yoxdur. Baytarlıq Xidmətinin rolu burda yalnız ondan ibarət ola bilər ki, hansısa ərazilərdə heyvanlar toplanarsa, ora işçilər təhkim edək və heyvanların içərisində zərərli olanlar sonsuzlaşdırılsın, yaxud məhv edilsin. Bütün dünyada sivil ölkələrin hamısında heyvanların saxlanc yerləri var. Amma, təəssüf ki, bizdə bu işə maraq göstərən insanlar olmadığına görə hələ belə işlər görülmür. Bu, bizim qurumu da ciddi narahat edən məsələdir və həll olunmalıdır. Dövlət Baytarlıq Xidməti ötən il  ölkə üzrə 240 mindən artıq it, pişiyin vaksinasiyasiyasını həyata keçirib. Hər il olduğu kimi bu il də belə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hal-hazırda isə 240 min başa yaxın itin hardasa 30%-də bu tədbirlər başa çatdırılıb". Şübhəsiz ki ilin sonuna qədər də bu qarşıya qoyulan tədbirlər planına uyğun olaraq işlər yekunlaşdırılacaq". 

Heyvanların Müdafiə Cəmiyyətinin sədri Azər Qarayevin sözlərinə görə, bu gün Azərbaycanda da belə təşkilatlar var.  Lakin bunlar qeyri-dövlət xarakterli ictimai təşkilatlardır: "Könüllülərdən ibarət olan bu təşkilatların öz kiçik vəsaitləri əsasında heyvanlar üçün sığınacaqları ya öz həyətlərində, ya da icarəyə götürülmüş həytələrdə yaradıb çalışırlar ki, onlara əllərindən gələ köməyi etsinlər. Xüsusən də, yaralı, xəstə heyavnlara daha çox diqqət yetirilir. Lakin əlbəttə ki, onlar bütün belə heyvanları əhatə edə bilməzlər". 

A. Qarayev hesab edir ki, Mənzil Kommunal İdarələri tərəfindən heyvanların öldürülməsini qeyri-effektiv  üsuldur və onun heç vaxt nəticəsi olmayacaq: "Bununla paralel olaraq təəssüflər olsun ki, dövlət Baytarlıq Xidmətinin burda elə də böyük rolu yoxdur. Onlar  bu problemə nisbətən humanist və əsas odur ki, effektiv yanaşmağa çalışırlar". 

Cəmiyyətin sədri Azərbaycanda baytarlıqla bağlı ciddi kadr çatışmazlığının olduğunu və bununla bağlı bir sıra işlərin görülməsinə ehtiyac olduğunu da bildirdi:  "Artıq Azərbaycanda da bütün dünyada olduğu kimi heyvanlara qayğının vaxtı çatıb. Yeni struktur yaradılmalıdır ki, orda baytarlar, peşəkar kadrlar, əsas odur ki, heyvanlara biganə olmayan insanlar çalışsınlar. O struktur yalnız küçələrdən heyvanları humanist üsullar götürmək, onları peyvənd etmək, axtalamaq işlərini görsün. Nəticədə maksimum 7 il ərzində problem öz-özünə təbii şəkildə həll olunacaq. Çünki əsası odur ki, heyvanlar bala gətirməyəcək. Ümumdünya təqdiqatları əsasında aydın olub ki, bir it ailəsi öz həyatı boyu, yəni təxmini 10 il ərzində hardasa 15 min yeni nəsil həyata gətirir. Bunu nəzərə alsaq, görərik ki, itlərin hamısını öldürmək mümkün deyil. Sadəcə axtalamalar artımın qarşısını müəyyən qədər almaq olar. 

Onu da qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə baytarlıq sahəsində ciddi kadr çatışmazlığı var. Bunun da həlli yolu mümkündür. Belə ki,  xaricdən kard gətirilə bilər ki, onlar bizim baytarlara müxtəlif treninqlər keçirə bilərlər. Ya da bizim baytarlar xaricə göndərilib orda təcrübə keçə bilərlər. Sadəcə buna iradə və istək lazımdır".      


Sizin Reklam Yeriniz