Bu günlərdə millət vəkili Musa Qasımlı Milli Məclisdə Azərbaycanın regionlarında da universitetlər açılmalıdır: "Hazırda minlələ gənc qəbul imtahanı vermədən ailə büdcəsi hesabına Rusiya, Ukrayna və Gürcüstanın aşağı səviyyəli universitetlərin akreditasiyadan keçməyən fakültələrində təhsil alırlar. Onların çoxu 4 illik təhsil əvəzinə 5 il, bəzəın 8 il təhsil alır. Bəziləri isə heç universiteti bitirə bilmirlər. Belə olan halda Azərbaycan haqqında mənfi rəy yaranır, ölkənin vəsaiti xaricə gedir. Ölkəyə gəldiyi zaman dövlətə tamam başqa münasibət bəsləyir. Azərbaycan azad ölkədir, vətəndaşın xarici ölkyə gedib təhsil alması normal haldır və bunu qadağan etmək mümkün deyil. Biz alternativlər axtarmalıyıq. Zənnimcə, Şirvan, Şamaxı, Quba, Mingəçevir və Qazaxda universitetlərin açılması zəruridir. Dağıstanda və Gürcüstanda yaşayan azərbaycanlıları nəzərə alsaq, bunun nə qədər vacib olduğunu görmək mümkündür".
Millət vəkilinin bu təklifinə
ekspertlərin münasibətini öyrəndik. Təhsil üzrə ekspert Məhərrəm
Zülfüqarlı təklifi müsbət qarşıladı: "Çox müsbət təklifdir. Lakin
bir məsələni qeyd etmək lazımdır ki, dövlət müstəqilliyimiz 23
ildir bərpa edilsə də, bəzi ali məktəblərdə sovet dövründən qalma
mənfi hallar davam etməkdədir. Bunlar korrupsiya, tapşırıqla qiymət
yazılması və s. bu kimi hallarla bağlıdır. Əgər bu hallar aradan
qaldırılmasa, Azərbaycanın mərkəzi ilə bərabər regionlarda açılacaq
universitetlər saxta diplom alan şəxslərin, savadsız kadrların
sayını çoxaldacaq. Regionlarda universitetlərin açılması fikrini
dəstəkləmək lazımdır. Amma bir şərtlə ki, neqativ halların aradan
qaldırmaq yolu ilə normal təhsil verilsin".
Ekspert Qüdrət İsaqov isə
regionlarda universitetlər açılması fikrini dəstəkləmir. Onun
sözlərinə görə, regionlarda universitetlər açılması üçün həm kadr
bazası baxımından, həm də ki, onların yüksək texnologiya ilə təmin
edilməsi baxımından maneələr var: "Düşünürəm ki, bu gün
Azərbaycanda universitetlərin sayı heç də az deyil. Hətta çoxdur
deyərdim. Amma əsas olan universitetin sayı yox, orda keçilən
təhsilin keyfiyyətidir.
Universitetlər iqtisadiyyatımızla və digər sahələrlə paralel olaraq yaradılmalıdır. Həm də bu universitetlərdə təhsil verəcək pedoqoji kadr potensialımız da kifayət qədər deyil. Ona görə də, mənim fikrimcə, regionlarda çoxlu universitetlərin açılması tədrisin keyfiyyətini aşağı salacaq. Bu, həm regionların özünə, həm də Bakıya təsir edəcək".