Əlaqə Arxiv
news Image
2014.03.31
17:12
| A A A
Parklarda yaşıllıq problemi
Fəridə Hüseynova: «Oturacaqların ətrafında kölgə salmağa ağac yoxdursa, yay vaxtında heç orda dincəlməyin mənası yoxdur» Nəriman Əliyev: «Insanların istirahət üçün üz tutduqları parklarda yaşıllıqların sayı çoxaldılmalıdır»

Bu gün paytaxtın, eləcə də ölkənin müxtəlif rayonlarında  müasir parklar salınır ki, bu da hamı tərəfindən böyük məmnunluqla qarşılanır. . Göz oxşayan parklar sakinlərin də ürəyincədir. Lakin yeni salınan əksər  parklarda daş və mərmər döşəmələr yaşıllıqdan çoxdur. Digər tərəfdən ağacların əkilməsində də müəyyən çatışmazlıqlar var. Xüsusilə ağacların kənarlarda əkilməsi istirahət normalarına cavab vermir. Bəzən olur ki, skamyaların ətrafında bir dənə də olsun kölgə salan ağaca rast gəlmək mümkün olmur.

Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova bildirir ki, əgər parklarda yaşıllıq sahə yoxdursa, onların ekoloji mənası itir: "Təəssüflər olsun ki, bizdə müvafiq qurumların parkların və bağların abadlıq işlərinə baxan əməkdaşları bu ərazilərə çox hallarda boş yer kimi baxırlar. Həmin boş ərazilərdə ağac əkmək yerinə daha çox əyləncə üçün karusellər qururlar. Nəticədə o ərazilərin ekoloji mənası itir. İnsanlar bağ və parklara istirahət etmək üçün gedirlər. Yəni öz sağlamlıqlarını yaxşılaşdırmaq üçün bura üz tuturlar. Ona görə də orada oksigen çox olmalıdır ki, hava daha təmiz  olsun. İnsanlar əgər yayda parklara üz tuturlarsa, əgər isti dövrdürsə, orda Günəş şüalarından qoruna bilməlidirlər. Əgər qışdırsa, parklar insanları sərt küləkdən qorumalıdır.  Təəssüflər olsun ki, bunu təmin edən ağaclara bizim parklarda az yer verilir. Onların əvəzinə yalnız müəyyən qədər otluq sahə, qazonlar  yaradılır. Belə hesab edirlər ki, yaradılan qazonlar da oksigenli hava təmin edə bilir. Lakin əslində, ağacın, kolun yaşıllıq sahəsi otluqdan daha çox olur. Nəticədə ağac və kol daha çox oksigen ixrac edə bilir". 

Ekoloq hesab edir ki, əgər oturacaqların ətrafında kölgə salmağa ağac yoxdursa, yay vaxtında heç orda dincəlməyin mənası yoxdur:  "Ona görə yalnız axşam saatlarında, Günəş batanan sonra əhali parklara üz tuta bilir. Bu da həm uşaqlı ailələr, həm də ümumiyyətlə, işləyən insanlar üçün problemlər yaradır. Çünki onların yaşayış tərzi, rejimi dəyişir. Belə halda insanlar  məcbur olurlar ki, saat 8-də, 9-da istirahətə getsinlər".

Fəridə Hüseynova parklarda xüsusən də efir yağları ixrac edən ağaclara daha çox üstünlük verilməsinin vacibliyini vurğuladı: "Bu səbəblərdən də bağlarda, parklarda ağac və kollar şəklində olan yaşıllığa daha çox önəm verilməlidir ki, əhali günün hər vaxtında orda dincələ bilsin. Parklardakı mikroiqlim kənardakından başqa cür olsun. Bunu yaratmaq üçün də kolluq, yarımkolluq və hündür ağaclar olmalıdır. Bağın dövrəsində bundan hasar salınmalıdır. Daxildə isə oturacaqların dövrəsində mütləq ağaclıq olmalıdır. Əgər bunlar da yoxdursa, ən azından oturacaqların ətrafında çətir salınmalıdır. Çünki, əgər insanlar Günəşin altında otururlarsa, parkın onlara xeyrindən çox ziyanı dəyir. Və nəticədə ürək xəstəliyi, təyziq problemi olan xəstələr müəyyən çətinliklər yaşayırlar. Bunlar özlərini daha da pis hiss edirlər. 

Ümumiyyətlə, bağlar və parklar oksigen mənbəyi hesab olunurlar. Ona görə də ağaclar daha çox olmalıdır. Xüsusən də müxtəlif efir yağları ixrac edən ağaclar olsa, daha da yaxşı olar. Çünki onlar zərərli həşəratları da öldürür, havada olan çirkli maddələri də udaraq əvəzində oksigen verir. Bu da onların təmiz havanın yaranmasında paylarını artırır".    

Əməkdar memar, professor Nəriman Əliyev  də məsələyə münasibət bildirib: "Yaşıllıq iki cür olur: süni və təbii yaşıllıq. Təbii yaşıllıq meşəliklərdə olursa, parklarda mövcud olanlar insanlar tərəfindən yaradılan süni yaşıllıqdır. Əslində, təbii və süni yaşıllıq birlikdə yaşayış məskəninin 70%-ni təşkil etməlidir. Yəni, kəndin, şəhərin, qəsəbənin və s. təkcə 70%-i yaşıllıqla örtülü olmalıdır. Ona görə ki, oksigen yaradan mənbə yaşıllıqdır, ağaclardır".  

Memarın sözlərinə görə, indi Bakıda təmiz hava demək olar ki, yoxdur:  "Biz evdə oturarkən belə hava çatmayanda pəncərəni açırıq ki, nəfəs alaq, otağa oksigen daxil olsun. Amma indi vəziyyət elə yerdədir ki, nəfəs almaq üçün çöldə də təmiz hava yoxdur. Bu da yaşıllığın gündən-günə azalması ilə bağlıdır. Xoşbəxtlikdən Bakının dənizi də var. Lakin biz yaxın məsafədən olan ağaclardan daha çox faydalana bilərik. Şəhərin planlaşdırılması ilə məşğul olanlar bunu daha çox nəzərə almalıdırlar. Nəzərə almalıdırlar ki, insanların istirahət üçün üz tutduqları parklarda təmiz havaya daha çox ehtiyac var. Ona görə də yaşıllıqların sayını çoxaltmalıdırlar. Bu gün parklarda qurumuş ağaclara təsadüf edirik. Bu da onlarda baxımsızlıqdan yaranır. Ətraf yaşıllığına xüsusi önəm verilməli, bu sahədə ciddi işlər görülməlidir".  


Sizin Reklam Yeriniz