Min bir dərdin dərmanı hesab elədiyimiz çayın adambaşına düşən istehlakına görə ölkəmiz statistik göstəricilərə əsasən, dünyada ilk onluğa daxildir. Lakin maraqlı tərəf odur ki, bu qədər tələbat olmasına baxmayaraq, çay istehsalının hələ də tənəzzül dövrünü yaşamasıdır. Paradoks yaradan bu vəziyyəti ekspertlər Movqe.az-a açıqlamalarında dəyərləndiriblər.
Kənd təsərrüfatı üzrə ekspert Vahid
Məhərrəmova görə, indiki vəziyyət sovet hakimiyyəti illərində
aparılan siyasətin nəticəsidir: "Bunun bir neçə səbəbi var. Ölkədə
Sovet höküməti vaxtında təxminən 40 min tona yaxın çay istehsalı
həyata keçirilirdi. Əgər başqa respublikalara paylanmasa idi, bu
rəqəm Azərbaycanın çay istehlakını tamamilə ödəyə bilərdi. Ancaq
sonralar bu plantasiya sahələri pay torpağı kimi kəndlilər arasında
paylandı. Kəndlilər isə düşündülər ki, bu torpaqlarda daha
faydalı işlə məşğul ola bilərlər. Ona görə də əksəriyyəti çay
istehsalına deyil, taxıl əkininə maraq göstərdilər. Beləliklə çay
istehsalçıları öz fəaliyyətlərini dəyişməyə başladılar".
Ekspert çayın gec yetişən bir məhsul olmasını da sahibkarların bu sahəyə maraqsız olmasına səbəb kimi göstərdi: "Bunun bir səbəbi də odur ki, çay istehsalı uzun müddət tələb edir. Belə ki, çay plantasiyası təxminən 8 ildən sonra məhsul verir. Bunların sıradan çıxarılması təbii ki, öz fəsadlarını verdi. Nəticədə Azərbaycanda çay istehsalı 40 min tondan 5 min tona düşdü. İndi isə təxminən min tona qədər çay istehsal olunur. İstehsal olunmuş az məhsul da baha başa gəlir. Məhsuldarlıq da aşağıdır. Buna görə də Azərbaycan öz tələbatını idxal hesabına ödəyir. Problem ondan ibarətdir ki, biz bu sahədə hələ irəliləyişlər əldə edə bilməmişik. İstehsal edilən məhsulun maya dəyəri yüksəkdir. Maya dəyərinin yüksək olması məhsulun da sonda baha olmasına gətirib çıxarır. Belə olan halda məhsul daxili bazarda tələb olunmur".
Azərbaycanın iqlim şəraitinin
çay istehsalını artırmaq üçün əlverişli olduğunu deyən ekspert
Nizami Qarayev isə bu sahədə dövlətin sahibkarlara dəstəyinə
ehtiyac olduğunu düşünür: "Çay sevən bir xalq olmağımız çaya olan
tələbatımızı artırır. Ölkəmiz dünyada çay istehlakına görə
əhəmiyyətli yerlərdən birini tutsa da, çay istehsalında mövqeyimiz
xeyli aşağıdır. Bu hər şeydən əvvəl onunla bağlıdır ki, çay
plantasiyaları sıradan çıxmışdı. Yenilərinin salınması
istiqamətində fəaliyyətə isə yenicə başlanılıb. Məhsulun miqdarının
az olması bununla bağlıdır. Nəzərə almaq lazımdır ki, çay
plantasiyaları ümumiyyətlə, gec məhsul verən, uzunmüddətli
investisiya tələb edən bir sahədir. Bu da mövcud sektorun
inkişafına müəyyən qədər mane olur. Yaxşı olardı ki, dövlət büdcəsi
hesabına sahibkarlara ucuz kreditlər verilsin ki, çay
plantasiyalarının genişləndirilməsində maraqlı olsunlar. Əgər iri
invetisiyalar qoyularsa, Azərbaycanın iqlim şəraiti kifayət qədər
imkan verir ki, çay istehsalı genişləndirisin. Xüsusən də Zaqatala
bölgəsində, Lənkəran-Astara zonalarında çay istehsalı təşkil edilə
bilər".