Əlaqə Arxiv
news Image
2014.04.02
11:06
| A A A
Tibbi turizmdən istifadə problemləri hələ də tam həllini tapmayıb
Eldar Aslanov: "Özəl sektor və xarici investorları cəlb etməklə geniş tutumlu sanatoriya-kurort kompleksləri yaradılmalıdır"

Ölkəyə çoxsaylı turistlərin cəlb olunmasına nail olmaq üçün müxtəlif variantlar mövcuddur. Buraya həm əlverişli istirahət məkanlarının yaradılması, tarixi-mədəni abidələrin geniş təbliği, həm də ölkədəki sanatoriya kurortların turistlər üçün müalicə baxımından cəlbedici olması kimi tədbirlər də daxildir. Bir sıra ölkələrə təşrif buyuran xarici turistlər içərisində məhz ilk öncə müalicə məqsədilə gələnlər üstünlük təşkil edir.

Bu da həmin ölkələrdə müalicə əhəmiyyətli şəfa ocaqlarının geniş yayılması və bura gələn insanların şafa tapması üçün lazım olan tibbi infrastrukturun müasir standartlara tam cavab verməsindən qaynaqlanır. Bu yaxınlarda Dubay hökuməti də ölkəyə sırf müalicəyə gələn turistlərin sayını il ərzində yarım milyon nəfərə çatdırmağı qərara alıb. Buna nail olmaq üçün isə onlar əmirliyin tibbi infrastrukturunu genişləndirməyi planlaşdırıblar.

Bildiyimiz kimi, Azərbaycanda da çoxsaylı şəfa ocaqları vardır. Bununla bağlı təkcə Naftalanın adını çəkmək kifayətdir.

Maraqlıdır, Azərbaycanda şəfa ocaqlarına görə ölkəyə turist axınının artmasına nail olmaq üçün hansı addımlar atılmalıdır?

Tibb elmləri doktoru Adil Qeybulla düşünür ki, əcnəbiləri Azərbaycandakı sanatoriya-kurort mərkəzlərinə cəlb etmək üçün qiymətin aşağı salınması və xidmətin keyfiyyəti sahəsi üzrə ciddi dəyişikliklərə gedilməlidir: "Azərbaycanda çoxsaylı turizm obyektləri var. Amma təəssüf ki, buradakı qiymətlərlə xidmət arasında tam uyğunsuzluq hökm sürür. İnsanlar da turizm mərkəzlərinə, sanatoriyalara üz tutarkən birinci növbədə, maddi faktoru önə çəkirlər. Ölkəmizdəki bu tip turizm mərkəzlərində xərclər dünyanın tanınmış, aparıcı, məşhur sanatoriya mərkəzlərilə müqayisədə xeyli yüksəkdir. Ölkəmizdə xərclərin yüksək olmasına rəğmən, xidmətlər xarici sanatoriyalarla müqayisədə aşağıdır. Belə bir qeyri-adekvat vəziyyət isə sonda xarici turistləri ölkəmizdəki sanatoriya-kurort mərkəzlərinə gəlməkdən çəkindirir. Çünki müalicəyə gələn adamlar da birinci növbədə qiymət və ona müvafiq xidmət səviyyəsilə maraqlanır. Dünyada bu istiqamətdə ciddi rəqabət sistemi var. Həmin rəqabət sisteminə əsasən çalışırlar ki, qiymətlər dünya səviyyəsini aşmasın, həm də servis kifayət qədər yüksək olsun. Sanatoriya-kurort mərkəzləri adətən xəstələrin reabilitasiyası üçün nəzərdə tutulur. İnsanlar müxtəlif ağır xəstəlik, travma və əməliyyatlardan sonra tibbi təyinatlı sanatoriya mərkəzlərinə reabilitasiya olunmaq, sağlamlıqlarının bərpası üçün gəlirlər. Bu istiqamətdə ciddi irəliləyişə nail olmaq üçün çalışmalıyıq ki, ölkəmizdə də qiymətlər və xidmət dünya standartına uyğun olsun. Bu məsələ korrdinasiya olunmayınca, ölkədəki şəfa ocaqlarına kütləvi axını təmin etmək mümkün deyil. Kütləvi axına nail olmaq və dövlət büdcəsinə həmin istiqamət üzrə real gəlirlərin daxil olması üçün həmin sahə üzrə köklü dəyişikliklərə ehtiyac var. Tibbi infrastruktur baxımından bu gün ölkədə sanatoriya mərkəzlərinin əksəriyyəti xeyli müasir avadanlıqlarla təmin edilib. Bu da Azərbaycanda son illər tibbi təchizatın artması ilə bağlıdır. Amma sanatoriyalarda çalışacaq mütəxəssis sarıdan hələ problemlər yaşanır, bu sahə üzrə peşəkar kadrlara ciddi ehtiyacımız var. Azərbaycan sovet təbabətindən qərb təbabətinə keçib. Qərb təbabəti standartlarını mənimsəmək, peşəkar mütəxəssislərlə təmin olunmağımıza isə zaman lazımdır".

Turizm Universitetinin prorektoru Eldar Aslanov isə qeyd etdi ki, özəl sektorun bu sahəyə ciddi diqqət ayırması vacibdir. Eyni zamanda, kadr hazırlığı, marketinq işləri də stardartlara cavab verən səviyyədə olmalıdır : "2009-cu ilin fevralın 6-da ölkə başçısı "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı" dövlət praqramını imzalayıb. Bu proqram çərçivəsində müəyyən işlər də görülür. Azərbaycanda sovet dönəmində böyük sanatoriya-kurort kompleksi vardı. Məlum hadisələr, Qarabağda olan müharibə, qaçqın, məcburi köçkünlərin öz doğma evlərindən didərgin düşməsi ölkənin kurort kompleksinə böyük zərbə vurdu. Qaçqın və məcburi köçkünlərin əksəriyyəti bu tip obyektlərdə yerləşdi. Nəticədə oradakı şərait daha da ağırlaşdı. Dövlət proqramı isə sanatoriya-kurortların inkişafı baxımından böyük ümidlər yaradıb. Son 5 ildə Naftalanda iki otel istifadəyə verilib. Naftalanın kurort sənayesi mərkəzi kimi inkişafı ilə bağlı olaraq da Prezident ayrıca sərəncam imzalayıb. Azərbaycanda turizm mövsümünün 365 günə çatdırılması üçün sanatoriya-kurort, sağlamlaşdırma turizm mərkəzlərinin inkişafının böyük əhəmiyyəti var. Naftalanda İsti su, Masallıda, Bakıda Bilgəh zonası, Kordoloji Mərkəz və Naxçıvanda Duz dağ kimi potensialımız sürətlə artırılmalıdır. Dövlət proqramında da bunlar nəzərdə tutulur. Bu istiqamətdə yaxşı infrastruktur yaradılmalı, kadr hazırlığı işləri kompleks getməlidir. Bunun üçün ilk növbədə dövlət müəyyən layihələr həyata keçirə bilər. Növbəti addım olaraq isə özəl sektor və xarici investorları cəlb etməklə geniş tutumlu sanatoriya-kurort kompleksləri yaradılmalıdır. Onun yaradılması ilə paralel kadr hazırlığı və marketinq işləri də həyata keçirilməlidir. Azərbaycan sanatoriya-kurort kompleksinə malik ölkə kimi təbliğ olunmalıdır. Yalnız Daşkəsəndə olan hava şəraiti bir çox xəstəliklərin dərmanıdır. Dağ rayonlarındakı bitkilərlə bir çox xəstəliklərin müalicəsi kimi variasiyalar üzərində də biznes layihələr qurulmalıdır. Belə addımların atılması ilə ölkədə sağlamlaşdırma turizmini populyar turizm növünə çevirə biləcəyik".

Sizin Reklam Yeriniz