Əlaqə Arxiv
news Image
2014.04.03
18:30
| A A A
GMO-lardan hələ də yaxa qurtarmaq mümkün deyil
Əli Məsimli: «Azərbaycanda da ekoloji təmiz məhsulların istehsalı genişləndirilməlidir» Vahid Məhərrəmov: «Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün əlavə yollar axtarılmalıdır»

Eyyub Hüseynov: "Yaxşı olardı ki, insan orqanizminə zərərli olması baxımından idxal tamamilə dayandırılsın"


Genetik modifikasiya olunmuş (GMO) qida məhsulları getdikcə daha çox diqqət mərkəzində yer alan məsələlərdən biriən çevrilməyə başlayır. Əksər ekspertlər bu məhsullardan istifadəni məsləhət görmür. Digər tərəfdən hökumət də bel əməhsulların ölkəyə gəlişinin  qarşısını almaq üçün zəruri addımlar atır.

Lakin hələ də bazarlarda belə məhsullara rast gəlinir. 

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli Mövqe.az saytına açıqlamasında məsələyə münasibətini bildirib. Millət vəkilinin sözlərinə görə, ölkəmizdə bununla bağlı qanunvericilik sənədi var:  "Sənəddə birmənalı olmasa da, hər halda geni dəyişdirilmiş məhsulların Azərbaycana gətirilməsinin qarşısının alınması məsələsi nəzərdə tutulur. Amma eyni zamanda həm də Azərbaycanda da geni dəyişdirilmiş məhsullar istehsalı nəzərdə tutulur. Söhbət ondan gedir ki, Azərbaycan son illər sürətlə dünyanın turizm sektoruna daxil olur. Tuzimin inkişaf etdirilməsi üçün təkcə 5 ulduzlu otellərin tikintisi deyil, eyni zamanda yüksək xidmət keyfiyyəti ilə yanaşı, ekoloji təmiz məhsulların yetişdirilməsi də lazımdır. Əgər rəqabətli mühitə qoşulmaq istəyiriksə, ekoloji təmiz məhsulların yetişdirilməsini genişləndirməliyik. Bu sahədə dövlət dəstəyinə ehtiyac var. Genetik modifikasiya olunmuş məhsulların qarşısını tamamilə almaq mümkün olmasa da, bəzi ölkələrdə ekoloji təmiz məhsulların istehsalını genişləndirirlər. Azərbaycanda da bu iş həyata keçirilməlidir. Bu, eyni zamanda, qeyd etdiyim kimi, turizmin inkişafında da təsirli olacaqdır. Genetik modifikasiya olunmuş məhsulların bu gün ölkəmizdə də yayılması bir tərəfdən də kənd təsərrüfatının zəif inkişafı ilə əlaqələndirilir". 


Elə bu sahə üzrə mütəxəssis Vahid Məhərrəmovun sözləri də bu istiqamətdə oldu. Belə ki, ekspert bildirir ki, artıq kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün əlavə yollar axtarılmalıdır: "Geni dəyişdirilmiş məhsullarla bağlı uzun zamandır ki, mübahisələr gedir. Bəzi alimlər bunun insan orqanizminə mənfi təsirindən danışır, bəziləri heç bir mənfi təsirinin olmadığını deyir. Əslində, hər iki tərəfin əsası var. Əsas ondan ibarətdir ki, bu prosses insanlar tərəfindən idarə olunur. Yəni, istənilən anda həm insan orqanizmi üçün faydalı olan məhsul əldə etmək olar. Və yaxud da əksinə, orqanizm üçün ciddi fəsadlar yarada biləcək, onların hətta fiziki cəhətdən məhvinə səbəb ola biləcək məhsul əldə etmək olar. Burda əsas məqsəd ölkənin ərzaq məhsullarına olan tələbatını təhlükəsiz məhsulla ödəməkdirsə, bu vaxt əlbəttə ki, ölkə özü elmin inkişafına nail olmalıdır. Söhbət o ölkələrdən gedir ki, onlar bu gün gen modifikasiyası ilə məşğul olur. Amma qonşu Rusiya, Belorus, Ukrayna, Avropa ölkələrinin bəziləri, ümumiyyətlə, dünyanın 193 ölkəsindən yalnız 20-si qanun qəbul edib ki, bu məhsulların istehsalına da, idxalına da qadağa qoyulsun. Mən düşünürəm ki, buna birmənalı şəkildə qadağa qoymaq düzgün deyil. Ona görə ki, indi elə bir şərait yaranıb ki, kənd təsərrüfatı məhsullarının istehsalında ciddi problemlər var. Yaxın günlərdə biz biotik stresslər nəticəsində məhsuldarlığın azalacağını proqnoz verdik. Ümumiyyətlə, abiotik stresslər, yəni xəstəliklər, zərərvericilər və s. bunların təsiri son zamanlar çox güclənib. Ona görə də nəzərə alınmalıdır ki, artıq ənənəvi qaydada kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olmaq çətinləşib. Yollar axtarmaq lazımdır ki, hansı forma ilə biz vəziyyəti yaxşılaşdıra, kənd təsərrüfatı məhsulunun istehsalını artıra bilərik. Bunlardan biri, ən mütərəqqisi modifikasiya yolu ilə məhsuldarlığı artırmaq, bitkinin abiotik, biotik stresslərə qarşı davamlı etməkdir. Bu yolla da, demək olar ki, bir sıra inkişaf etmiş ölkələr həm öz kənd təsərrüfatı məhsullarına ehtiyacını ödəyə bilirlər, həm də ixrac qabiliyyətini artırırlar. Biz bu sahəni inkişaf etdirməliyik. Ona görə ki, gələcəkdə həm özümüz üçün, həm də ixrac üçün faydalı, insan orqanizmi üçün zərərli olmayan məhsul istehsal edə bilək". 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, idxalın dayandırılması məqsədəuyğun olsa da, hazırda bu mümkün deyil: "Azərbaycanın 2000-ci ildə qoşulduğu "Bioloji müxtəlifliyə dair" BMT-nin konvensiyası, 2005-ci ildə bu konvensiyadan irəli gələn "Biotəhlükəsizliyə dair Kartagen protokolu" , eləcə də ölkə Prezidentinin 2 fevral 2013-ci il tarixli fərmanı da göstərir ki, GMO bəşəriyyətə bəla gətirən bir şeydir. Və artıq bunun bəzi zərərli cəhətləri məlumdur. Çox təəssüflər olsun ki, bu, beynəlxalq səviyyədə zərərli hesab olunsa da, bir çox dünya ölkələrində hələ də GMO məhsullar yetişdirilir. O cümlədən də Azərbaycanda. Və GMO ilə məşğul olan bir sıra təşkilatlar var ki, bunu yaymaq istəyirlər. Bunun arxasında ümumdünya təşkilatları durur. Əlbəttə ki, yaxşı olardı ki, insan orqanizminə zərərli olması baxımından idxal tamamilə dayandırılsın. Amma bu, tamamilə dayandırıla bilməz. Çünki artıq Azərbaycanda da GMO məhsulları yetişdirilir, əkilib-becərilir".


Sizin Reklam Yeriniz