Əlaqə Arxiv
news Image
2014.04.11
08:46
| A A A
Bakıdan regionlara sürət qatarı ilə getmək olar...
Azər Allahverənov: “Meqapolislərin təcrübəsi göstərir ki, sürət qatarları urbanizasiya probleminin həllinə, regionlararası əlaqələrin güclənməsinə gətirib çıxarır”

Məlumdur ki, "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinə görə, Abşeron yarımadası ərazisində sürət dəmiryol xəttinin çəkilişi nəzərdə tutulub. Plan Bakının 11 rayonunu, eləcə də Sumqayıt və Xırdalan da daxil olmaqla, ümumi sahəsi 280 min hektar olan Abşeron rayonunu əhatə edəcək. Xatırladaq ki, vaxtı ilə Bakı ilə ətraf qəsəbələri birləşdirən elektrik qatarları olub. Paytaxt əhalisinin tramvay və trollebyus nəqliyyatlarından da yararlanmamsı artıq uzun illəri əhatə edir. Halbuki, bu növ ictimai nəqliyyat həm avtomobil yollarının yüklənməsinin, həm də ekoloji problemlərin qarşısını almaqda yardımçı rol oynayırdı. Eyni zamanda urbanizasiyanın qarşısının alınmasında da bir vasitə ola bilər. Gediş haqqı ictimai nəqliyyatın digər növlərinə nisbətən baha olsa da, dünya ölkələrində çoxdan bu təcrübədən istifadə edirlər. Məsələn, Yaponiyada sürət qatarından istifadə bu sahədə müsbət təcrübəsini verməkdədir. Ölkəmizdə də bu təcrübədən istifadə məqbul sayılır. Məsələn, Bakıdan Sumqayıt, Şabran, Xaçmaz istiqamətində sürət qatarlarının işə salınması mümkün sayılır.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, vaxtilə Bakı ilə ətraf əraziləri əlaqələndirən qatarlar üçün infrastruktur mövcud olub: "Bu infrastrukturun dağılmağasına bir neçə amil səbəb oldu. Birincisi, Sovetlər İttifaqında qatarların təchizat məsələlərində vahid əlaqələndirmə mərkəzi var idi. Amma bazar iqtisdiyyatı şəraitində sovet dönəmindəki vahid təsərrüfat sisteminin dağılması insaları yavaş-yavaş bu nəqliyyat vasitəsindən imtina etməyə məcbur etdi. Digər tərəfdən, həmin nəqliyyat vasitələrinin texniki göstəriciləri, təmiri, sanitariyası, yolların vəziyyəti artıq insanları bir qədər narahat etməyə başladı. Bunlarla bərabər insanların rifahında da yüksəliş oldu. Bu gün Azərbaycanda olan nəqliyyat vasitələrinn sayı 1 milyondan çoxdur. Ancaq meqapolislərin təcrübə göstərir ki, sürət qatarları urbanizasiya probleminin həllinə, regionlararası əlaqələrin güclənməsinə gətirib çıxarır. Həm də insanları böyük məsrəflərdən sığortalamış olur və iqtisadi cəhətdən çox mənfəətlidir. Digər tərəfdən də şəhər yollarının yüklənməsinin qarşısını qismən ala bilər. Sırf bununla bağlı olan başqa bir məsələ ətraf mühitin mühafizəsidir. Yəni, nə qədər az nəqliyyat vasitəsi istismar olunacaqsa, bir o qədər də havaya az zərərli maddələr atılacaq. Bütün bu amillər həmin infrastrukturun yenidən qurulmasına zərurət yaradıb".

Ekspert əlavə etdi ki, məsələnin texniki tərəfi də var: "Vaqonlar kifayət qədər müasir olmalıdır. Ekoloji cəhətdən zərərsiz olması ilə yanaşı, insanların rahatçılığına xidmət etməlidir. Digər yandan, bizim dəmir yolları da bu sistemə uyğunlaşdırılmalıdır. Faktiki olaraq, hazırda Azərbaycan dəmir yollarının bərpası ilə bağlı böyük işlər həyata keçirilir. Eyni zamanda bizim özümüzdə yaxın zamanlarda qatar istehsalına başlanılacaq. Həmin yerli qatarlar hesabına qatar parkını yeniləmək və sürətli qatar sistemində də ondan istifadə etmək olar. Faktiki görünür ki, Azərbaycanda sürət qatarının olmasına imkanlar var. Təşəbbüslər, siyasi iradə də var. Sürət qatarları insanların rahatçılığına xidmət edən məsələdir. Xüsusi ilə yay aylarında, bağ fəslində insanlar rahat şəkildə bağdan şəhərə, iş yerinə gələ biləcəklər. Ancaq burada insanların çoxluğundan bilet satışı kimi problemlər də yarana bilər. Gərginlik yaşanmasın deyə, müasir satış elementlərindən elektron satışı həyata keçirmək mümkündür. Yaxud da aylıq abonentlər sisteminin tətbiqinə ehtiyac olacaq. Hətta bu işdə müəyyən subsidiya elementləri tətbiq edilə bilər. Necə ki, pullu yolların salınması layihəsində bu var. Burada da hansısa şirkətlər podratçı qurum olaraq öz sözlərini deyə bilər".

Sizin Reklam Yeriniz