Əlaqə Arxiv
news Image
2014.04.12
09:30
| A A A
Avtomobil servis xidmətləri niyə bahadır?
Azər Allahverənov: "Azərbaycanda avtomobillərə xidmətin baha olması yüksək rüsumlar və prosesdə əməlli-başlı rəqabət mühitinin formalaşmaması ilə bağlıdır" Ramil Osmanov: "Gələcəkdə, avtomobillərin sayı artdıqca belə problemlər də aradan qalxacaq"

Azərbaycan yollarında hazırda 1,2 milyona yaxın avtomobil şütüyür. Onun da 60 faizindən çoxu paytaxtın payına düşür. Avtomobillərin belə çox olması fonunda, onların təmiri işlərini həyata keçirən servis xidmət sahələrinə də geniş tələbat yaranır. Bu əsasda da avtomobillərə qulluq edən servis xidmətlərinin sayı da sürətlə artıb. Amma buna rəğmən, ölkəmizdə avtomobillərin təmiri, detalların dəyişdirilməsi işləri xarici dövlətlərlə müqayisədə başa başa gəlir. Görəsən, bu vəziyyət nə ilə bağlıdır? Ekspert Azər Allahverənov bildirdi ki, normal rəqabət mühiti formalaşdığı təqdirdə, ölkəmizdə də avtomobillərə servis xidmətlərinin qiyməti ucuzlaşacaq: "Azərbaycanda avtomobil təmiri işlərinin xariclə müqayisədə baha olması ola bilsin bilavasitə xidmət göstərən həmin qurumlar arasında normal rəqabət mühitinin olmaması ilə bağlı məsələdir. Faktiki olaraq Azərbaycanla qonşu ölkələrdə eyni xidmətə görə haqq təxminən iki dəfə ucuz başa gəlir. Həmin ölkələrdə həm ustalara işin müqabilində verilən haqq, həm də ehtiyat hissələri bizdə olduğundan iki dəfə ucuzdur. Ehtiyat hissələrinin xaricdə ucuzluğu, məsələn, Gürcüstana bu hissələrin çatdırılması prosesinin daha ucuz başa gəlməsi ilə bağlı ola bilər. Bundan əlavə, gömrük rusumlarının aşağı olması da, qonşu dövlətlərdə avtomobil ehtiyat hissələrinin ölkəmizlə müqayisədə aşağı qiymətdə olmasını stimullaşdırır. Dediyim kimi, ən azından bu iki faktora görə, yəni ustaların xidmətə görə aldıqların haqqın çox olması və ehtiyat hissələrin qiymətinin baha olması, nəticə etibarilə Azərbaycanda avtomobillərə göstərilən xidmət haqqının baha başa gəlməsinə gətirib çıxarıb. Digər tərəfdən, Azərbaycanda elə bir vəziyyət yaranıb ki, insanlar çox zaman daha ucuz xidmət göstərən təmir yerlərinə müraciət edirlər. Çünki servis mərkəzləri bunu sənədləşdirilmiş şəkildə etdikdə, rüsumlar da ödəməlidirlər, belədə də daha yüksək məbləğ müəyyənləşdirirlər. Amma bu istiqamətdə heç bir sənədləşmə aparılmadan təmir xidməti göstərən müxtəlif özəl müəssisələr daha ucuz xidmət haqqı alır. Belədə, bu hal istehlakçı üçün qiymət baxımından sərf edən variant olsa da, həmin xidmət mərkəzləri vergidən yayınır. Vaxtilə bu məsələ ilə bağlı bir neçə quruma müraciət etməklə müəyyən etdik ki, servis mərkəzlərinin təklif etdiyi qiymət cədvəli adi ustaların təklif etdiyi cədvəldən təxminən 2,5 dəfə baha idi. Adi ustalardan bunu sənədləşdirilmiş şəkildə etmək istəyirdik, çünki bizə zəmanət lazım idi. Servislərdən bu tip zəmanətlər almaq olur. Ona görə ki, onlarda ehtiyat hissələrinə zəmanət verilir. Göstərilən xidmət haqqı da bu müəssisələrdə daha keyfiyyətli olur. Həmçinin, təmirdən sonra, səhəri gün hər hansı problem yarandıqda yenə də asanlıqla həmin servisin təklif etdiyi xidmətlərdən istifadə etmək olur. Ustalar isə dediyim bu 3 amilə elə də diqqət yetirmirlər. Nəticə etibarilə, bir çox məsələlər ümumi təhlil qaydalarından kənarda baş verə bilir. Düşünürəm ki, bu sahəyə ciddi diqqət yetirilməlidir. Faktiki olaraq həmin servis mərkəzlərində qiymətlərin düşməsi üçün müəyyən tədbirlər keçirilməlidir. Rüsumlar, yol haqları azaldılmalıdır, prosesdə əməlli-başlı rəqabət mühiti formalaşdırılmalıdır. Bu istiqamətdə icra qurumları prosesə nəzarət etməlidir ki, nəticə etibarilə istehlakçılar daha keyfiyyətli və ucuz xidmət almaq üçün həmin yerlərə müraciət etsinlər. Təbii ki, qiymətlərin ucuz və keyfiyyətin yüksək olması fonunda insanlar da məhz bu servis xidmətlərinə üz tutacaq". Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanov da qeyd etdi ki, avtomobillərin təmiri prosesinin baha olması bu sahədə rəqabət mühitinin lazımi səviyyədə olmamasından qaynaqlanır: "Adətən avtomobil servis xidmətlərinin baha olmasının əsas səbəbi sırf xidmət keyfiyyətinin yüksək olması ilə bağlı olur. Amma Azərbaycanda proses tamamilə əksinədir. Ölkəmizdə xidmətin keyfiyyəti o qədər yüksək olmasa da, servis xidmətləri, təmir işləri üzrə qiymətlər baha başa gəlir. Bu da onunla bağlıdır ki, Azərbaycanda bu sahədə rəqabət bir qədər aşağı həddədir. Xarici avtomobillərin ölkəmizə gətirilməsi və adaptasiya prosesi sürətləndikcə, bu cür servislərin sayı da artır. Nə qədər ki, rəsmi dillerlər təkbaşına bu servisi həyata keçirir, onlar bazara istədikləri qiyməti diqtə edə bilir. Amma müəyyən dövrdən sonra rəsmi

dillerlərin rəqibləri meydana çıxır. Belə vəziyyət də qiymətin ucuzlaşmasına təsir göstərir. Bu da ölkəyə gətirilən avtomobillərin sayı ilə bağlı məsələdir. Hazırda Azərbaycanda "Mersedes-Bens", "Hunday", "Nissan" markalı avtomobillərin servis barədə problemi yoxdur. Həmin avtomobillərin istənilən ehtiyat hissələrini tapmaq mümkündür. Belədə, həmin avtomobillər üzrə servis xidməti rəqabətinin geniş olması qiymətin müəyyən qədər ucuz olmasına da təsir edir. Amma digər markalar üzrə məsələ hələ ki, problem olaraq qalır. Yəqin ki, gələcəkdə, avtomobillərin sayı artdıqca belə problemlər də aradan qalxacaq".

Sizin Reklam Yeriniz