Əlaqə Arxiv
news Image
2014.04.15
15:19
| A A A
Avtomobillərdə cərimə problemi
Ərşad Hüseynov: «İndi insanların çoxu maşını etibarnamə ilə alır, digər məsələlərlə heç maraqlanmırlar da» Kamran Əliyev: «Avtomobili alan şəxs rəsmi olaraq öz hesabına keçirməlidir»

Əli Məsimli: "Avtomobil alan şəxs maşının nə qədər cəriməsinin olub-olmadığını yoxlamalıdır"

Bir sıra hallarda  ikinci əl satılan avtomobil almaq istəyən şəxslərin rastlaşdığı problem  əvvəlki sürücüdən qalma cərimələr olur. Bəzi sürücülər haqqını tələb edib, cəriməni səbəbkara ödədə bilsələr də, bir çoxu pulu özü ödəməyə məcbur olur. Müəyyən xarici ölkələrdə isə cərimə şəxsin adına deyil, avtomobilin nömrəsinə əsas göstərilməklə yazılır və yol polisinin rəsmi saytında bu barədə məlumat öz əksini tapır. Ölkəmizdə də bu təcrübənin tətbiq olunması labüd sayılır. 

"Digesta" firmasının Direktoru, hüquqşünas Ərşad Hüseynov Mövqe.az saytına təkliflə bağlı münasibətini bildirib. Hüquqşünas deyib ki, əslində, bizdə bu həyata keçirilir. Amma cərimə konkret şəxsin adına yazılır: "Məlumat da Dövlət Yol Polisinin informasiya bazasında qeyd olunur.  Orda avtomobil sahibi, eyni zamanda avtomobilin markası, rəngi, nömrəsi və s. hamısı öz əksini tapır. Yaxşı olardı ki, avtomobil satışı zamanı o, qanunvericiliklə başqasının adına keçiriləndə bu xüsusiyyətlər də yoxlanılsın. Yaxud da şəxs informasiya sisteminə girə bilib öyrənə bilsin ki, avtomobilin əvvəlki sahibi hansı qayda pozunutusuna yol verib,  nə qədər cərimə ödəyib, ödəyəcəyi cərimə qalıbmı və s. Amma indi insanların çoxu maşını etibarnamə ilə alır, digər məsələlərlə heç maraqlanmırlar da. Bu sahədə maarifləndirmə işləri də aparılmalıdır".

Ə.Hüseynov cərimələr haqda məlumatların hamıya açıq olması ideyasını müsbər qarşılayır: "Hal-hazırda Dövlət Yol Polisinin rəsmi saytında cərimələr haqda məlumatlar var. Lakin burda hər kəs öz adına olan məlumata baxa bilər. Bu məlumatların hamıya açıq olması çox müsbət ideya olardı. Buna əsasən, hansı avtomobilin nə qədər cəriməli olması bilinərdi. Avtomobili almaq istəyən şəxs də sadəcə nömrəni yazmaqla onun haqda məlumatları əldə edərdi". 

Bu gün əksər sürücülərin avtomobili etibarnamə ilə aldıqlarını deyən Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə problemin bununla əlaqədar yarandığını dedi: "Məsələ bundan ibarətdir ki, insanlar avtomobili rəsmi şəkildə almırlar. Sadəcə, etibarnamə ilə avtomobili əldə edirlər. Etibarnamə nəqliyyat vasitəsinin başqa şəxsə satılmasını bildirən sənəd deyil. Ona görə də, avtomobili alan şəxs rəsmi olaraq öz hesabına keçirməlidir. Hesabına keçirəndən sonra, ondan əvvəl nə cərimə vardısa,  bu, ona aid olmayacaq. Amma etibarnamə ilə avtomobil əldə edəndə, ödənilməyən cəriməyə görə 2 aydan sonra avtomobilin hərəkətinin dayandırılması haqda qərar qəbul olunur. Və cərimə ödənməmiş nəqliyyat vasitəsi buraxılmır.  Amma rəsmi alqı-satqı zamanı maşın haqda bütün məlumatlar üzə çıxır və həmin vətəndaşlar öz aralarında mübahisəli məsələni həll etməyə çalışırlar". 

Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimlinin də münasibətini öyrəndik: "Avtomobil sahibi qayda pozuntusu edirsə, o, ya radara düşür,  ya da  ki birbaşa cərimələnir. Və cərimələnərkən  artıq bu haqda məlumat informasiya bazasında yerləşdirilir. Sadəcə, avtomobil alan diqqətli olmalıdır. Necə ki, avtomobilin texniki vəziyyətini öyrənmək üçün yoxlamadan keçirirlər, eləcə də həmin formada nə qədər cəriməsinin olub-olmamasını yoxlasınlar. Bu məsələdə diqqətli olmaq lazımdır". 


Sizin Reklam Yeriniz