Əlaqə Arxiv
news Image
2014.04.17
09:37
| A A A
Yaşamaq üçün Azərbaycana üz tutan əcnəbilərin sayı artır
Azər Allahverənov: " Azərbaycanın tolerant, mədəni dövlət olması da bəzi xariciləri daimi yaşamaq üçün bura üz tutmağa həvəsləndirir "

Azərbaycanın sabitliyi, iqtisadi inkişafı əcnəbi vətəndaşları bura daha çox cəlb etməkdədir. Bunun nəticəsidir ki, son zamanlar Azərbaycanda daimi yaşamaq üçün xaricdən ölkəmizə üz tutanların sayında artım var. Müvafiq olaraq miqrantların sayı da çoxalır. Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, daimi yaşamaq üçün Azərbaycana üz tutanların çoxu qonşu ölkələrdəki soydaşlarımızdır. Onları bura cəlb edən əsas məqam isə həmsöhbətimizə görə, Azərbaycanın iqtisadi, siyasi baxımdan stabil olması, mədəni müxtəlifliyidir: "Bildiyiniz kimi, 2008-ci ildən bu yana Azərbaycana gələn miqrantlar, daimi yaşamaq icazəsini almaq istəyən xaricilərin sayı daim artmağa başlayıb. Nəticə etibarilə 2008-ci ildən üzü bəri miqrasiya saldosu müsbətdir. Yəni ölkəyə daimi yaşamaq məqsədilə gələnlərin sayı, buradan köçən insanların sayından çoxdur. 2008-ci ilə qədər isə ölkəmizdə bu istiqamətdə mənfi göstərici mövcud idi. Həmin illərdə Rusiyanı çıxmaq şərtilə postsovet ölkələrinin hamısında proses məhz mənfi istiqamətdə cərəyan edirdi. Bu da özünü statistik rəqəmlərdə göstərirdi. Amma artıq 6 ildir ki, Azərbaycana gələnlərin sayı daha çoxdur. Bu da onu göstərir ki, Azərbaycanda daimi yaşamaq istəyən insanların sayı ildən-ilə artır. Belə vəziyyət isə ölkənin ümumi iqtisadi göstəriciləri ilə bağlı haldır. İqtisadi inkişaf, siyasi sahədə sabitlik, Azərbaycanda çoxsaylı iri regional layihələrin həyata keçirilməsi və ölkəmizin bölgədə kifayət qədər böyük rola malik olması kimi halları insanların bizim Vətənə olan etimadını artırmış olur. Nəticə etibarilə, bir çox xarici vətəndaş daimi yaşamaq üçün məkanı sırf Azərbaycanla bağlayırlar. Daimi yaşamaq vizası və sonradan vətəndaşlığın alınması üçün də Azərbaycanın Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər. Onu da qeyd edim ki, burada daimi yaşamaq icazəsi almaq istəyən insanların əksəriyyəti Rusiya, Ukrayna, Gürcüstandan olan insanlardır. Eyni zamanda, onlar arasında Avropada yaşayan azərbaycanlılar da vardır. Hansı ki, onlar keçən əsrin 90-cı illərində Avropaya köçüb getmişdi. İndi isə geri qayıdaraq Azərbaycan vətəndaşlığını almaq istəyirlər. Lakin reallıq onu göstərir ki, ölkəmizdə daimi yaşamaq icazəsi almaq istəyənlərin böyük əksəriyyəti məhz qonşu dövlətlərdə yaşayan soydaşlarımızdır. Azərbaycnı tərk edərək xaricdə yaşamaq istəyənlər arasında isə azərbaycanlılarla yanaşı, ruslar və digər millətlərin nümayəndələri də var. Yaxın 2-3 ildə Azərbaycanda böyük iqtisadi layihələrin gerçəkləşməsi nəzərdə tutulub. Bu da ölkənin gəlirinin artması, insanların ümumi rifahının yaxşılaşması anlamına gəlir. Azərbaycanın tolerant, mədəni dövlət olması da bəzi xariciləri daimi yaşamaq üçün bura üz tutmağa həvəsləndirir. Bu faktor da insanları ölkəmizə cəlb edir. Bu da ondan irəli gəlir ki, hər hansı bir ölkəyə daimi yaşamağa gedən insan iqtisadi məqamla yanaşı, həmin dövətin mədəni tərəqqisinə də nəzər yetirir. Azərbaycanda dini müxtəliflik də prosesə birbaşa təsir göstərən hallardan biridir".

A. Allahverənov ölkəmizə daimi yaşamaq üçün gələn insanların hansı kateqoriyanı təmsil etdikləri barədə ciddi tədqiqatların aparılmadığını söylədi. Bununla belə onun fikrincə, əsasən xidmət sahəsində çalışanlar gəlir: "Bununla belə, ola bilsin müəyyən statistik rəqəmlər Dövlət Statistika Komitəsində vardır. Fokus qruplarla görüşlər zamanı müəyyən etmişik ki, ölkəmizə daim yaşamaq üçün gələnlər əsasən xidmət sahəsi ilə bağlı insanlardır. Almaniyadan gələn az saylı insanlar vaxtilə tikinti sahəsində çalışıb. Onların bir çoxu Azərbaycanda olan zaman müəyyən müəssisələrdə sex rəisləri vəzifəsində işləyib. Almaniyada olanda isə tikinti sektorunda çalışırdılar. Həmçinin, gələn insanlar arasında bir neçəsi də var ki, alimlər kateqoriyasına aid intellektuallardır. Onlar Azərbaycan vətəndaşlığından vaxtilə heç çıxmayıb da. Sadəcə olaraq, bir müddət xaricdə yaşayaraq oradakı eimi-tədqiqat institutlarında işləmişlər. Onu da vurğulayım ki, daimi yaşayış üçün Azərbaycana gələn soydaşlarımız təkcə paytaxtdan olanlar deyil, onlar arasında regiondan olanlar da vardır. Deməli, həmin gələnlər arasında kənd təsərrüfatı sahəsində müəyyən bilik və bacarığa malik olanlar da ola bilər".

Ekspert Azərbaycana xaricdən daimi yaşamaq üçün əsasən intellektual insanların cəlb olunmasını daha vacib sayır: "Bunun üçün ölkə daxilində müəyyən şirnikləndirici proqramlar həyata keçməlidir. Elmi sahələr üzrə çalışanlara elə bir əlverişli şərait yaradılmalıdır ki, onlar bura çoxsaylı şəkildə gələrək burada elmi tədqiqatlarını aparsın və Azərbaycan iqtisadiyyatına töhvə versinlər. İqtisadi müstəviyə gəldikdə, iri sərmayəçilərin daimi yaşamaq üçün Azərbaycana cəlb olunması istiqamətində ciddi işlər görülməlidir. Onların bacarığı, gətirdikləri texnologiya Azərbaycan iqtisadiyyatının yüksəldilməsinə yönəldilməlidir. İntellektualların daimi yaşamaq naminə ölkəmizi seçmələri üçün onların həyara keçirdiyi işlərə görə vergi güzəştləri edilməli, onlar üçün stimullaşdırıcı sosial subsidiyalar reallaşmalıdır. Belə olarsa, yaxın gələcəkdə xaricdəki intelektualların da Azərbaycana daimi yaşamaq üçün üz tutacaqlarını müşahidə edə bilərik. Amma bununla yanaşı, ölkə daxilindən xaricə beyin axınının olmamasıı üçün də stimullaşdırıcı addımlar atılmalıdır".

Sizin Reklam Yeriniz