Əlaqə Arxiv
news Image
2014.04.19
08:46
| A A A
Zirzəmilər sığınacaq funksiyasını itirir
Ələsgər Vəliyev: “Bu gün zirzəmilərin əksəriyyətindən əsasən ticarət məqsədli istifadə edilir” Həbib Ocaqov: “Bütün zirzəmilər həmişə hazır vəziyyətdə olsun deyə, sülh dövründə istifadədə edilməlidir”

Əhalini nüvə, kimyəvi, bakterioloji və digər döyüş silahlarının mənfi təsirlərindən qorunması üçün istifadə edilən müdafiə üsullarından biri sığınacaqlardır. Hansı ki, bunlar təbii fəlakət zamanı da yararlı hesab edilir. Xüsusi ilə müharibə şəraitində olan ölkələr üçün sığınacaqların olması ikiqat önəm daşıyır. Ölkəmizdə bu gün sığınacaq deyəndə ən birinici Bakı Metropoliteni göz önünə gəlir. Buraya həm də yerlatı keçidlər, tunel, şaxta və binaların zirzəmiləri daxildir. Sonuncunun üstündə dayanaq. Hazırda ölkəmizdə zirzəmisiz bina görmək mümkün deyil. Ancaq onların da demək olar ki, əksəriyyəti işlək vəziyyətdədir. Ticarət, iaşə və digər məqsədlərlə işlədilir. Yaxud da belə yerləri su basır və onu heç təmizləyən də olmur. Mütəxəssislərin fikrincə, sülh şəraitində zirzəmilərdən bu cür istifadə məqsədəuyğundur. Onların saz vəziyyətdə qalmasına şərait yaradır. Ancaq unutmayaq ki, hazırda su basmış, illərdir qapısı bağlı qalmış zirzəmilər də az deyil.

Bakı Dövlər Universitetinin "Həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrası müəllimi Ələsgər Vəliyev bildirdi ki, binaların mərtəbələri nə qədər çox olarsa, onun özülü də bir o qədər dərin olur: "Hətta artıq bir çox binaların altında ikimərtəbəli zirzəmilər var. Onların hamsı da indiki vaxtda ya avtomobil dayancağı, ya ticarət obyektləri kimi istifadə olunur. Amma hansısa fövqəladə hal baş verərsə, həmin yerlərdən sığınacaq kimi istifadə olunması nəzərdə tutulub. Zirzəmilərdən çayxana, iş yeri, ticarət məqsədi üçün istifadə etmək olar və hazırda edirlər də. Amma fövqəladə hal baş verərsə, mütləq sığınacaq kimi istifadə olunacaq. Bakı şəhərində şəraiti pis olan zirzəmilər çox az qalıb. Ticarət fəaliyyəti bu qədər inkişaf etməyən dövrlərdə şəraiti pis olan zirzəmilər çox idi. Amma bu gün zirzəmilərin əksəriyyətindən əsasən ticarət məqsədli istifadə edilir. Bu, yaxşı haldır. Ən azından içəridəki şərait abadlaşır. Həmin obyektlərin hamısı Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzarətindədir".

Ekspert əlavə etdi ki, sığınacaq kimi tək zirzəmilərdən istifadə olunmur: "Sığınacaq kimi yeraltı keçid, tunellər, metrodan istifadə etmək olar. Xüsusi sığınacaq növləri də var. Bunlar isə siyasi və hərbi rəhbərlik üçün nəzərdə tutulub. Dünyanın heç bir ölkəsində bütün ölkə əhalisini təmin etmək üçün sığınacaq olmur. Əgər fövqəladə hadisə etimalı varsa, əhalinin istehsalatda məşğul olmayan qismini təhlükəsiz rayonlara köçürürlər. İstehsalatla birbaşa məşğul olan insanları isə saxlayıb, sığınacaqlara bölüşdürürlər. Bütün bu insanların hesabatları FHN-nin regional şöbələrində aparılır".

Azərbaycan Memarlıq və İnşaat Universiteti, "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrasının müdiri, professor Həbib Ocaqov bildirdi ki, bütün zirzəmilər həmişə hazır vəziyyətdə olsun deyə, sülh dövründə istifadədə edilməlidir: "Zirzəmilər istifadədə olanda oradakı şərait tələblərə cavab verir və müharibə dövründə əhalinin mühafizəsi üçün istifadə etmək olur. Sığınacaqların sülh dövründə istifadə edilməsi metodu xarici dövlətin hamısında var idi. Ancaq SSRİ o vaxt sığınacaqları bağlı olaraq saxlayırdı. İndi isə elə deyil. Demək olar ki, ölkədə olan zirzəmilərin əksəriyyəti ya ticarət, ya iaşə və s. bu cür məqsədlə işlədilir. Bu, bir tərəfdən vətəndaşlara pul qazandırırsa, digər tərəfdən zirzəminin həmişə yaxşı vəziyyətdə qalmasına şərait yaradır. Həmin zirzəmiləri işlədən vətəndaşlar FHN ilə müqavilə bağlayır".

Professor əlavə etdi ki, mühafizə qurğuları 3 cür olur - sığınacaqlar, radiasiya əleyhinə daldanacaqlar və sadə daldanacaq: "Sığınacaq, öz işini müharibə dövründə kateqoriyalı şəhərlərdə davam etdirən fəlhələr üçün tikilir. Radiasiya əleyhinə və sadə daldanacaqlar isə əhali üçün tikilib. Bakı şəhərində yaşayan əhalinin əksəriyyəti zirzəmilərdə, keçidlərdə, metroda mühafizə olunmalıdır. Bakıda yaşayan əhalinin hamısı üçün sığınacaq tikilməli deyil. Çünki, təhlükədən əvvəl əhalinin bir hissəsi – öz işini dayandıran, xəstələr, qocalar, uşaqlar kənd yerlərinə köçürülür. Qalan əhali üçün isə daladanacaqlar təmin olunmalıdır".

Sizin Reklam Yeriniz