Əlaqə Arxiv
news Image
2014.04.23
18:35
| A A A
Xəzərin də su səviyyəsi yüksəlməyə başlayır
Telman Zeynalov: «2030-cu illərə qədər Xəzərdə suyun səviyyəsinin qalxması gözlənilir» Ramiz Məmmədov: «İqlim dəyişmələri nəticəsində suların səviyyəsi çoxalacaq»

Araşdırmalar göstərir ki, son 140 ildə dünyada dənizlərin səviyyəsi yüksəlib. Prosesin hələ də davam etdiyi bildirilir. O da qeyd olunur ki, bir sır aquru sahələri su altında qalacaq. Hətta Neapol, İstanbul və Venesiya şəhərlərinin su altında qalacağı bildirilir. Ümumiyyətlə, qlobal istiləşmə fonunda dünyada kəskin iqlim dəyişiklikləri olacağı proqnozlaşdırılıb. Alimlərin araşdırmalarına görə, qlobal istiləşmə buzlaqların əriməsi ilə müşayiət olunduğundan dünya okeanının səviyyəsi yüksələcək. Bəs bütün dünyada müşahidə olunan bu tendensiya, gözlənilən təhlükələr Xəzər dənizi üçün nə vəd edir? 

 Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov 30-cu illərə qədər Xəzərin səviyyəsinin artacağının gözlənilən olduğunu bildirir: "Son illər dünyada yağıntıların miqdarı getdikcə artır. Eyni zamanla şimal qitəsi buzlaqlardan azad olur. Buzlaqlar əridikcə okeanın üst qatı soyuyur. Soyuduqca da  bu və ya digər qasırğalar, daşqınlar yaradır. Yağıntıların miqdarı da artdıqca çayların suyu çoxalır. Onların suyu da  dənizə tökülür. Buxarlanma isə getdikcə azalır. Ona görə ki, dəniz səviyyəsində Günəş şüaları azalır. Azərbaycanda da son iki il ərzində Günəş şüaları yerə minimum həddə düşür. Səbəb isə odur ki, buludlar şüaların önünü kəsib. Bulud çox olduqca, buxarlanma azalır, suyun səviyyəsi də qalxa-qalxa gedir. Lakin bunlara baxmayaraq, elə bir ciddi təhlükə gözlənilmir ki,  bu və ya digər sahil zonaları suyun altında qalsın və s. Düşünürəm ki, bu, sadəcə, insanların arasında çaxnaşma, həyəcan yaratmaq üçün atılan bir addımdır. Məsələnin həm siyasi, həm iqtisadi tərəfləri var.  Düzdür, təxminən 2030-cu illərə qədər Xəzərdə suyun səviyyəsinin qalxması gözlənilir. Lakin bununla bağlı dövlət tərəfindən tədbirlər görülür". 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov da Mövqe.az saytına açıqlamasında deyib ki, aparılan araşdırmalara görə, iqlim dəyişikliyi nəticəsində dünya okeanının səviyyəsi qalxacaq: "Bunun nəticəsində müəyyən ərazilər su altında qala bilər. Söhbət birinci növbədə Böyük Briyaniya, Hollandiya, Cənub-Şərqi Asiyada isə, Tayland, Birma kimi okeanın səviyyəsinin dəyişməsinə həssas ərazilərdən gedir".  

İnstitutun direktoru hesab edir ki, Xəzərdə hər hansı ciddi bir təhlükə gözlənilmir: "Xəzər dənizinə gəldikdə isə, burda iki amil bir-biri ilə döyüşür. Bir amil odur ki, iqlim dəyişmələri nəticəsində suların səviyyəsi çoxalacaq. Yəni, Volqa çayının suyunun çoxalması Xəzər dənizinin səviyyəsini yüksəldə bilər. İkinci amil isə odur ki, Xəzər dənizi quraq ərazidə yerləşir. Orda buxarlanmanın miqdarı iqlim dəyişmələri ilə əlaqədar olaraq artacaq. Su çoxalsa da, buxarlanma da çoxalacaq və ikisi bir-birini konpensasiya edəcək. Ona görə də,  hər hansı dəhşətli bir hadisə gözlənilmir".


Sizin Reklam Yeriniz