Əlaqə Arxiv
news Image
2014.04.25
08:13
| A A A
İqlim dəyişikliyi əkinçiliyə də təsir göstərməyə başladı
Ekspert: “İqlim dəyişikliyinə uyğun olaraq yeni bitki sortları yaratmaq olar”

Qlobal iqlim dəyişikliyi dünya miqyasında aqrar sahəyə də mənfi təsirini göstərməkdədir. Elə məhz bu səbəbdən də kənd təsərrüfatı məhsullarının bəzi növlərində qıtlıq və bahalaşma proqnozlaşdırılır. Ancaq iqlim dəyişikliyinin məhsuldarlığa vurduğu zərərin azaldılması üçün müxtəlif təkliflər də var. Bunlardan biri əkinçiliyin iqlim şəraitinə uyğunlaşdırılmasıdır. Əkinçilikdə iqlim dəyişikliyinə uyğun seçilmiş strategiyalar qısa və uzunmüddətli ola bilər. Ekspertlərin fikrincə, oxşar metoddan ölkəmizdə də istifadə olunmalıdır.

Aqrar msələlər üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, əvvəllər də biz iqlim dəyişikliyinin təsərrüfatlara vura biləcək zərərin qarşısını almaq üçün təkliflər paketi hazırlamışdıq: "Orada göstərilirdi ki, Azərbaycanda mövcud olan əkin sahələrində iqlim dəyişikliyi nəzərə alınaraq səpin işləri aparılsın. İkincisi, iqlim dəyişikliyinə uyğun olaraq yeni bitki sortları yaratmaq olar. İqlim şəraitinə uyğun olaraq bəzi bitkilərin əkin coğrafiyasını dəyişdirməyə ehtiyac var. Son zamanlar bu haqda BMT-nin FAO təşkilatı da təklif verib. Halbuki, həmin təklifləri biz 2010-cu ildə hazırlamışdıq. Burada o nəzərdə tutulur ki, iqlim dəyişikliyi öz növbəsində əkinçiliyə təsir edir. Bitkilər müəyyən temperatur diapazonunda inkişaf edirlər. Yəni, elə bitkilər var ki, istiyə, elələri də var ki, soyuğa davamlıdır. Bitkilərin ətraf mühitə olan tələbatını nəzərdə keçirib, ona uyğun hansı regionda hansı bitkinin yetişdirilməsini müəyyənləşdirməliyik. Fermerlərimizin hamısının qlobal iqlim dəyişikliyindən xəbəri yoxdur. Amma onlar da görür ki, dolu əvvəlki kimi düşmür. Dolu dənələrinin həcmi indi artıb. Bu da təsərrüfata çox ciddi zərər vurur. Ancaq dolunun qarşısını almaq mümkündür. Bunun üçün xüsusi toplar var. Digər tərəfdən, dolunun hansı müddətdə düşüdüyü öyrənib əkinçiliyin zamanını çəkmək olar. Hansı mərhələdə hansı təbiət hadisələri baş verdiyi nəzərə alınmalıdır. Bunun nəticəsində hansı bitkilər daha çox zərər çəkməsini müyyənləşdirmək olar. Yəni, tamamilə olmasa da, nisbətən bu risklərin qarşısını almaq mümkündür".

Ekspert əlavə etdi ki, əvvəllər ənənəvi qaydada bu sahədə seleksiya işləri aparılırdı: "Soyuğa, istiyə dözümlü yeni sortlar yaradırdılar. İndi isə daha mütərəqqi texnologiyadan istifadə edirlər. Yəni, genetik modifikasiya yolu ilə soyuğa, istiyə davamlı bitkilər yaradırlar. Belə üsullardan istifadə etmək elə də problemli deyil. Məsələn, əvvəllər Rusiyanın şimalında üzüm yetişdirmək mümkün deyildi. Çünki, üzüm istisevən bitkidir. Ancaq hazırda həmin ərazidə daha məhsuldar üzüm sortları yetişdirirlər. Yəni, artıq elm o qədər inkişaf edib ki, istənilən iqlimə uyğun yeni sortlar yaratmaq olur".

Vahid Məhərrəmov qeyd etdi ki, Aran bölgəsində temperaturun həddən çox artması yetişmiş qarpız, yemiş bitkilərinin meyvəsində pıxtalaşma yaradır: "Həmin bitkinin coğrafiyasını nisbətən şimala doğru dəyişmək mümkündür. Onu da konkret olaraq həmin bölgədə havanın temperaturu nəzərə alınaraq çəkmək olar. Şimala doğru çəkildiyi halda isti bir o qədər şiddətli olmayacaq. Orada hava bitkinin ətraf mühitə olan tələbinə uyğun olacaq. Ancaq pıxtılaşma tək bostan yox, həm də tərəvəz məhsullarında baş verir. Ona görə də onların yetişdirilməsini daha çox dağətəyi rayonlara çəkmək lazımdır. Qarpız, yemiş, pomidor, badımcan isti sevən bitkilər olsalar da, şiddətli istiyə dözə bilmirlər"

Sizin Reklam Yeriniz