Əlaqə Arxiv
news Image
2014.05.02
09:36
| A A A
“Paket maaş” problemi hələ tam çözümüün tapmayıb
Rəşad Həsənov: “Sahibkarın bu addımı sərbəst şəkildə atmasından zərər görən təkcə dövlət büdcəsi deyil, həm də işçilərdir” Radil Fətullayev: “İşçilərə konvertlə pulun verilməməsi üçün dövlət vergi məsələsində müssəsisələr arasında differensial yanaşma tətbiq edə bilər”

İnsanın əmək qabiliyyətinin zəiflədiyi və itdiyi dövrdə həyatının sığortalanması üçün əmək pensiyalarının xüsusi önəmi var. Təqaüdlərin həcmi isə artıq bugünki əmək haqqı ilə birbaşa bağlıdır. Ancaq bəzən insanlar bilə-bilə bu məsələyə laqeyd yanaşırlar. Yəni, aldıqları maaşın tam həcmdə rəsmiləşdirilməməsinə göz yumur, "paket maaş" sistemi ilə razılaşırlar. Bu, daha çox özünü özəl sektorda göstərməkdədir. "Paket maaş" sistemi eyni zamanda müəssisələrin vergidən yayınmasına böyük şərait yaradır. Qanunvercilikdə bu kimi hallara qarşı ciddi cəzalar nəzərdə tutulsa da, hələlik "qara mühasibatlıq"dan faydalanan və ziyan çəkən insanlar az deyil. Problemin olmasında mütəxəssislər müxtəlif səbəblər göstərirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, bunun müxtəlif səbəbləri mövcuddur: "Əsas səbəblərindən biri vergidən yayınmaqdır. Lakin sahibkarın bu addımı sərbəst şəkildə atmasından zərər görən təkcə dövlət büdcəsi deyil, həm də işçilərdir. Əmək haqlarının azlığı sığorta fonduna ödənişlərin azlığına səbəb olur. Bu da gələcəkdə onların təqaüdlərinin az olmasına yol açır. Lakin işçi buna göz yumur. Əsas problem də buradadır. Ona görə ki, işçi iş yerini itirməkdən qorxur. İşçi sahibkar qarşısında hüquqi üstünlüklə çıxış edə bilmir. Tapdığı işi son ümid kimi qəbul etdiyindən sahibkarın tələbləri ilə razılaşmağa məcbur olur. Digər tərəfdən, burada həmkarlar ittifaqının da günahı var. Həmkarlar ittifaqı işçilərin əmək hüququnu qoruya bilmir".

Ekspert qeyd etdi ki, əmək haqlarının paket şəklində verilməsi həm sahibkarlıq maraqlarına xidmət edir: "İqtisadiyyatımızda neft sektorundan kənarda vergidən yayınma çoxdur. Bu rəqəmlər dünyada da təxmini hesablamalarla aparılır. İl ərzində təkcə əmək haqlarının düzgün göstərilməməsinə görə Azərbaycan dövlət büdcəsi 2 milyard manata yaxın vəsait itirir. Sosial Müdafiə Fondunun itkiləri də bura daxildir".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin eksperti Radil Fətullayev bildirdi ki, əmək haqqının ödənilməsi ilə bağlı ölkələrin təcrübəsində iki cür yanaşma var: "Belə ki, bəzi ölkələrdə minimal əmək haqqı yüksək, lakin ödənilən əmək haqqı az olur. Bəzi ölkələrdə isə əksinədir. Onlarda minimal əmək haqqı aşağı, lakin onların ödənilən məbləğ çox olur. Bu gün Azərbaycanda da belə vəziyyətin olması işçiləri işə götürən zaman müəssisələrin müəyyən ödənişlərinin yüksək olması səbəbinə görə işçilərlə müqaviləni aşağı məbləğlə bağlamasına razılıq səbəbindəndir. Buna da səbəb sosial və vergi ödənişlərin çox olmasıdır".

Ekspert əlavə etdi ki, Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasındadır: "Bizim kimi dövlətlərdə sosial ödənişlər təxminən 25% ətrafında olur. Vergi ödənişləri ilə bir yerdə bəzən 39%-ə qədər gəlib çatır. Bu baxımdan həmin məbləğin işçiyə yoxsa, dövlətə verilməsi nöqteyi- nəzərindən qanunverciliyin yol verdiyi şəkildə müqaviləni aşağı məbləğdə bağlayıb, işçiyə çox vəsait verməyə çalışırlar. Bunun aradan qaldırılmasının müxtəlif yolları var. İşçilərə konvertlə pulun verilməməsi üçün dövlət vergi məsələsində müssəsisələr arasında differensial yanaşma tətbiq edə bilər. Bu zaman müəssisələr işçiyə çatacaq əmək haqqını tamamilə rəsmiləşdirər. Ancaq tək differensialdırılmış yox, ümumən sosial vergini azaldılması da mümkündür".

Sizin Reklam Yeriniz