Əlaqə Arxiv
news Image
2014.05.06
16:00
| A A A
Rayonlarda niyə çoxmərtəbəli binalara ehtiyac duyulmur?
Emil Cəfərov: «Bu, onunla bağlıdır ki, rayonlarda boş torpaq sahələri çoxdur» Rövşən Talıbzadə: «Tələbat artarsa, əslində, rayonlarda bina tikmək şəhərdəkindən daha sərfəli ola bilər»

Bu gün paytaxt Bakıda bir-birindən gözəl göydələnlər göz oxşayır. Eləcə də ölkənin bir sıra digər iri şəhərlərində də xeyli sayda çoxmərtəbəli binalar var  və yeniləri də tikilir. Lakin eyni vəziyyəti regionlarda, xüsusən də ucqar rayonlarda  müşahidə edə bilmirik. Bəzi rayonlarda yaşayış mənzilləri əsasən fərdi evlərdən təşkil olunur. 

Daşınmaz əmlak üzrə ekspert Emil Cəfərov bunu rayonlarda boş torpaq sahələrinin  çoxluğu, qiymətinin daha aşağı olması ilə əlaqələndirir: "Bu, onunla bağlıdır ki, rayonlarda boş torpaq sahələri çoxdur. Həm də rayon yerlərində çoxmərtəbəli binalara ehtiyac elə də yüksək deyil. Ona görə rayonlarda maksimum 8-9 mərtəbəli binalar tikilir. Burda torpağın qiyməti məsələsi də önəmli rol  oynayır. Bakıda torpağın qiyməti ilə rayonlarda torpağın qiyməti eyni deyil. Bakıda qiymət yüksək olduğundan, sahibkar çalışır ki, binanı çoxmərtəbəli tiksin". 

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə isə rayonlarda çoxmərtəbəli binalara tələbatın az olmasını əsas səbəb kimi göstərdi: "Bu, tələbatla bağlı məsələdir ki, şəhər yerlərində çoxmərtəbəli binalar çox olsa da, rayonlarda biz bunu müşahidə etmirik. Lakin onu qeyd etmək lazımdır ki, son illər rayonlarda da çoxmərtəbəli binalar tikilməyə başlayıb. Əsasən də turistik yerlərdə belə binalar daha çox tikilir. Ən çox da ya icarəyə verilir, ya da ki, otel kimi istifadə olunur. Əgər zərurət doğarsa, tələbat artarsa, əslində, rayonlarda bina tikmək şəhərdəkindən daha sərfəli ola bilər. Çünki onun maya dəyəri daha ucuz başa gələcək.  

Mən inanıram ki, zaman keçdikdə regionlarda da çoxmərtəbəli binalar çoxalacaq. Ən azından ona görə ki, bu gün rayonlarda da sosial-iqtisadi inkişaf güclənir, iş yerləri yaradılır və s.  Əminəm ki, rayon mərkəzlərində iş yerlərinin olması, əhalinin rayon mərkəzlərində işləməsi zəmin yaradacaq ki, orda da çoxmərtəbəli binalar tikilsin". 


Sizin Reklam Yeriniz