Dövlət Məmmədov: "Filtr suyun tərkibində
orqanizm üçün xeyirli olan mineral maddələri də tutub
saxlayır"
Havalar istiləşdikcə təbii olaraq içməli suya tələbat daha çox artır. İndi satışda əhaliyə cürbəcür sular təklif olunur ki, onların hansının təmiz, hansının yararlı olmadığı dəqiq bəlli deyil. Eləcə də gündəlik istifadə elədiyimiz suyun da tam təmiz olmasına heç kim zəmanət vermir. Çarəni su filtrində görən əksəriyyət isə bir çox hallarda aldadılır. Belə ki, çox vaxt həyətlərdə, əldə satılan filtrlər keyfiyyətsiz çıxırlar. Düzgün işləmir, suyu kifayət qədər yaxşı təmizləmirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub
Hüseynov bildirir ki, bu gün bazarda qiyməti bir neçə min manata
qədər olan filtrlər satılsa da, onların hamısı keyfiyyətli olmur:
"Havanın istiləşməsi ilə bağlı su filtrləri bazarında canlanma
yaranıb. Bu gün qiyməti hətta bir neçə minə qədər olan su filtrləri
satılır. Guya cürbəcür ekspertizalar aparılır. Amma əhalinin su
filtrləri vasitəsilə aldadılması halları baş verir. Bu sahə çox
açıq qalıbdır".
Standartlaşdırma,
Metreologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin
rəhbəri Fazil Talıblı bilirdi ki, dövlət bu işə nəzarət edir.
Sadəcə, vətəndaşlar özləri diqqətli olmalı, sertifikatlaşdırılmış
məhsullar almalıdırlar: "Vətəndaşlara məsləhət görərdik ki, su
filtləri alarkən ixtisaslaşmış mağazalardan alsınlar və sertifikat
tələb etsinlər. Əgər o su filtrlərinin uyğunluq sertifikatı
varsa, onların keyfiyyəti araşdırılır, müvafiq sənədləri
yerindədirmi deyə, yoxlanılır və sonra serifikat verilir. Əgər
sertifikat yoxdursa, əldə, kustar üsulla hazırlanıbsa, dövlət belə
qurğuya görə, təbii ki, zəmanət vermir".
Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədov da məsələyə münasibət bildirdi. Dövlət Məmmədov deyir ki, filtrlərdən süzülən su "ölü su" sayılır: "Şirkətlər mənzilləri gəzərək təcrübə aparır, öz məhsullarını reklam edir və onu baha qiymətə əhaliyə satırlar. Əslində, o filtrlərdən keçən su "ölü su"dur, heç bir faydası olmur. Məsələ burasındadır ki, filtrlərdən istifadə etdikdən sonra bu qurğuda bakteriyalar yığılır, filtrlərin içi xüsusi avadanlıq vasitəsilə yuyulmadığına görə, bura mikroorqanizmlərin mənbəyinə çevrilir. Bu da sonradan insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.
Bundan əlavə, filtr suyun tərkibində orqanizm üçün xeyirli olan mineral maddələri də tutub saxlayır. Xarici ölkələrdə təmizlənən sulara sonradan süni şəkildə mineral maddələr əlavə edilir. Onu da qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən bəzi şirkətlər bulaq suyu adı altında kran suyunu filtrdən keçirərək qablaşdırıb satışa çıxarır".
Dövlət Məmmədov deyir ki, filtr
bazarına nəzarət yoxdur: "Ölkəyə gətirilən su filtrlərinin
əksəriyyəti Çin istehsalıdır. Bu filtrlər, demək olar ki, dünya və
Avropa standartlarına cavab vermir. Filtrlər aşağı keyfiyyətli
materialdan hazırlanır. Xaricdən gətirilən sintetik tərkibli
filtrlər baş alıb gedir. Bu məhsulların əksəriyyəti Avropada və
digər MDB dövlətlərində bazarlara buraxılmır".
Dövlət Məmmədov hesab edir ki, hazırda Azərbaycan mineral su tələbatını tam şəkildə ödəmək qabiliyyətindədir və hətta xarici ölkələrə də mineral su ixrac etmək iqtidarındadır.