Əlaqə Arxiv
news Image
2014.05.08
17:35
| A A A
Kitablarımızın elektronlaşması ləngiyir
Şahbaz Xuduoğlu: «Müəllifin, yaxud nəşriyyatın icazəsi olmadan kitabları elektron şəbəkəyə yerləşdirmək yolverilməzdir» Lətifə Məmmədova: «Təşkil olunan elektron kitabxanalar, oradakı elektron kataloqlar kifayət qədər yüksək səviyyədədir»

Hər bir xalqın mədəni irsinin, tarixinin qorunub-saxlanmasında kitabxanaların rolu danılmazdır. Qədimdən bəri bu və ya digər şəkildə müxtəlif şəxslər tərəfindən təşkil olunmuş saray kitabxanalarından, şəxsi kitabxanalardan ən müxtəlif məsələlərə dair az məlumat əldə edilməyib. Müasir dövrün reallıqlarına uyğun olaraq isə elektron kitabxanalar daha geniş yayılmağa və istifadə olunmağa başlayır. Bu, eyni zamanda insanlara dünyanın müxtəlif yerlərindən kitabların əldə olunması rahatlığını da yaradır. 

Dünyada ilk elektron  kitabxana hələ 1971-ci ildə professor Maykl Hart tərəfindən yaradılıb. Azərbaycanda isə ilk elektron kitabxana yaratmaq təşəbbüsləri 80-ci illərin sonlarında Azərbaycan Milli Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri laboratoriyasının əməkdaşları tərəfindən irəli sürülüb. Məhz bu laboratoriyada musiqi alətlərinin elektron kitabxanası yaradılıb. İndi də ölkədə bir neçə elektron kitabxana mövcuddur. Lakin mövcud kitabxanalar qərb ölkələri ilə müqayisədə imkanları və istifadə dairəsi baxımından geri qalır. 

"Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Movqe.az-a açıqlamasında  bildirir ki, özəl nəşriyyatlar kitablarının elektron formasının yaradılmasında maraqlı deyillər: "Dövlət kitab xidmətini pulsuz elan etsə də, bu o demək deyil ki, mənim kitablarımdan pulsuz istifadə olunmasına şərait yaratmalıdır. Dövlət kitabı özəl nəşriyyatdan alandan sonra onu insanların istifadəsinə verməlidir. 

Kitabxanaların arasında ən çox kolleksiyası, şəraiti olan Milli Kitabxanadır. Bu kitabxanada samballı arxiv var və həqiqətən insanlar bundan istifadə edirlər. Amma eyni amanda Milli Kitabxanada çatışmayan xeyli cəhətlər var. Fonddan istifadə şəraitinin yaranmasından tutmuş, digər məsələlərə qədər. Azərbaycanda "Kitabxana işi haqqında" qanun mövcud olsa da, biz onun real həyatda tətbiqini görmürük. O mənada ki, alternativ kitabxanalar yoxdur. Bu tip kitabxanalar dəstəklənməlidir. Məsələn, Gənclər Fondu, Mədəniyyət Fondu fəaliyyət göstərir. Bəlkə bu fondlar bundan sonra bu cür kitabxanaların yaranmasına köməklik edəcəklər. Dünyanın hər yerində alternativ kitabxanalar var. 

Lakin biz nəşriyyat olaraq kitablarımızın elektron kitabxanaya yerləşdirilib ondan pulsuz istifadə edilməsinin əleyhinəyik. Müəllifin, yaxud nəşriyyatın icazəsi olmadan kitabları elektron şəbəkəyə yerləşdirmək yolverilməzdir. Bu, o zaman mümkündür ki, aramızda anlaşma olsun. Yəni bu işlər oğurluq yox, düzgün yolla olmalıdır".

Ş.Xuduoğlu elektron kitabxanaların yaradılmasının bu gün üçün gəlirli sahə olmadığını deyir: "Bizdə müəyyən arxiv var və bəlkə gələcəkdə müstəqil elektron kitabxana yaratmaq fikrimiz oldu. Gəlir perspektivləri olmadığı üçün hazırda müstəqil elektron kitabxana yaradıb ondan pul qazanmaq mümkün deyil. Nəinki pul qazanmaq, hətta işçi saxlamaq da imkansızdır. Bu sahə inkişaf etməyib və inanmıram ki, yaxın vaxtlarda işlək, perspektivi olan sahəyə çevrilsin".

Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova isə belə hesab edir ki, bu gün Azərbaycanda mövcud elektron kitabxanalar kifayət qədər yüksək səviyyədədir: "Bu gün Azərbaycan elektron kitabxana sistemi heç də Qərb ölkələrindən geri qalmır. Təşkil olunan elektron kitabxanalar, oradakı elektron kataloqlar kifayət qədər yüksək səviyyədədir. Belə ki, onların əsasında Amerikada istehsal olunmuş "FBreader" proqramı var. Bu proqramın platforması əsasında bütün kitabxana proqramları tərtib olunur. Bunlardan biri də "İRBİS 64" proqramıdır ki,  bizdə bir çox kitabxanalar tərəfindən, ilk öncə Prezident Kitabxanası və digər kitabxanalar tərəfindən alınıb, çox uğurla işləyir. Bu gün bizim kitabxanaların elekton kataloqlarında bir neçə parametrlə axtarış etmək mümkündür. Açar sözlə, müəlliflə, əsərin adı ilə, sərlövhə ilə və s. 

Demək olar ki, bu gün Azərbaycanın 70%-dən çox kitabxanası elektonlaşıb, avtomatlaşdırılıb. Və onlar dünya standartları səviyyəsindədir. Müasir tələblərə cavab verir. Ölkədə 2008-2013-cü illəri əhatə edən Kitabxana-informasiya sahəsində Dövlət Poqramı icra olunub.  Və uğurla davam etdirilir". 


Sizin Reklam Yeriniz