Əlaqə Arxiv
news Image
2014.05.09
08:19
| A A A
Bələdiyyələrin fəaliyyətindən bitməyən narazılıq
Fazil Mustafa: “Bələdiyyələrin birləşdirilməsi istənilən effektiv fəaliyyəti ortaya qoymayacaq” Rəcəb İmanov: “Hazırda ölkəmizdə bələdiyyələrin səlahiyyətinin artırılmasına ehtiyac var”

Məlumdur ki, Azərbaycanda bəzi bələdiyyələr ləğv edilməsi nəzərdə tutulub. Milli Məclisin Regional məsələlər komitəsinin son iclasında komitə sədri Arif Rəhimzadə Azərbaycanda bələdiyyələrin sayının çox olduğuun bildirib: "İlk vaxtlar 2757 bələdiyyə fəaliyyət göstərirdi. Sonradan bu qənaətə gəlindi ki, kiçik bələdiyyələr özlərini lazımi səviyyədə göstərə bilmir. Buna görə də 2009-cu ildə mayın sonlarında bələdiyyələr birləşdirilərək sayı 1716-ya endirildi. Hazırlanan yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir".

Bildirək ki, bu təklif "Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsinin və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə və dəyişikliklər haqqında layihəsinin müzakirəsi zamanı yer alıb. Hər iki qanun layihəsi müzakirələrin sonunda parlamentin plenar iclasına tövsiyə olunub. Lakin görülən bütün bu tədbirlər fonunda bələdiyyələrin fəaliyyəti yenə də qənaətbəxş sayılmır. Bələdiyyələrin effektiv fəaliyyəti üçün isə mütəxəssislər yenə də onların səlahiyyətlərinin çoxaldılmasını daha vacib hesab edirlər.

Millət vəkili Fazil Mustafa bildirdi ki, bələdiyyələrin səlahiyyəti daim gündəmdə olan mövzulardan olub: "Azərbaycanda bələdiyyələrin səlahiyyəti yetərli səviyyədə deyil. Bələdiyyələr faktiki olaraq, yerli icra orqanının funksiyasını yerinə yetirə bilmirlər. Ona görə də ilk növbədə onlara bu funksiyanı vermək lazımdır. Nəzərdə tutulan müddəalar təsdiq olunsa, bələdiyyələr müstəqil qurum kimi fəaliyyət göstərə bilsə, onlar yerli səviyyədə xalqa xidmət edən orqanlara çevrilə bilərlər".

Millət vəkilinin fikrincə, bələdiyyələrin birləşdirilməsi istənilən effektiv fəaliyyəti ortaya qoymayacaq: "Bələdiyyələrin birləşdirilməsi o vaxt effektiv olar ki, onların müstəqilliyi tam təmin olsun. Müstəqilliyi maksimum təmin edilməsə, bələdiyyələrin funksiyalarını istənilən kimi yerinə yetirməsi çətin olacaq".

Bələdiyyə məsələləri üzrə ekspert Rəcəb İmanovun fikrincə, hazırda ölkəmizdə bələdiyyələrin səlahiyyətinin artırılmasına ehtiyac var: "Çünki, onların verilən səlahiyyətin müstəsnalığı, konkretliyi yoxdur. Məsələn, yerli əhəmiyyətli yolların çəkilməsi, kənd yerlərində qəbritsanlıqların saxlanılması, müəyyən abadlıq işləri həm bələdiyyələr, həm də yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Bələdiyyələrə səlahiyyətlər mərhələli şəkildə verilməlidir. Bələdiyyələrin beynəlxalq təcrübədə qəbul edilmiş klassik səlahiyyətləri var ki, onlar icra hakimyyəti orqanlarından mərhələli şəkildə alınaraq bələdiyyələrə ötürülməlidir. İlkin mərhələdə yerli icra strukturlarında olan səlahiyyətlərin tam şəkildə birbaşa bələdiyyələrə verilməsini təklif edərdim. Ondan sonra klassik bələdiyyə idarəetmə üslubundan olan digər xidmətlərin verilməsi məqsədəuyğun olardı. Müxtəlif ölkələrdə müxtəlif təcrübələr var. Məsələn, kommunal sahələrin, yerli səviyyədə abadlaşdırmanın, tikinti məsələlərinin bələdiyyələrin səlahiyyətində olduğu ölkələr var. Daha yaxşı inkişaf etmiş ölkələrdə isə hətta təhsilin də bələdiyyələrin səlahiyyətinə keçməsi kimi təcrübələr mövcuddur. Ancaq indiki dövr üçün Azərbaycanda real görünmədiyi üçün buna toxunmuram".

Ekspert əlavə etdi ki, zaman –zaman xırda bir öhdəliklərin bələdiyyələrin üzərinə keçməsi ilə bağlı məsələlər eşidirik: "Lakin çox təəssüf ki, bu səlahiyyətlər verilən zaman onların maliyyə mənbələri göstərilmir. Yəni, səlahiyyət verilirsə, onun icrası üçün müəyyən maliyyə mənbələri olmalıdır. Bu gün bələdiyyələrin maliyyə mənbəyi vergilər və digər ödənişlərdəndir. Bunlar da artıq neçə illərdir dəyişmir. Ödəniş mənbələri həmişəki kimi qalıb. Bələdiyyələr isə onların əksəriyyətini yığa bilmirlər. Ona görə də xırda səlahiyyələr bələdiyyələrə verilsə də, maliyyə mənbəsinin olmadığına görə, onlar həmin səlahiyyətləri icra edə bilmirlər".

Rəcəb İmanovun fikrincə, bələdiyyələrin birləşdirilməsi vacib məsələdir: "Yaxın zamanlarda bələdiyyələrin birləşməsi prosesini gördük. Lakin bu prosesdə çatışmayan məqamlar oldu. Bir bələdiyyənin öhdəliyində olan sosil-vergi və digər borc öhdəlikləri birləşdiyi bələdiyyənin öhdəliyinə keçdi. Yəni, onlar həmin boclardan qurtarmadı. Birləşmənin bu məqamlarına diqqət yetirmək lazımdır".

Sizin Reklam Yeriniz