Əlaqə Arxiv
news Image
2014.05.12
15:38
| A A A
Tikinti ustalarının yaratdığı böyük problem
Eyyub Hüseynov: «Belə halların yaşanmasının əsas səbəbi əksər ustaların qeyri-peşəkar olmasıdır» Nəriman Əliyev: «İnşaatçılar özləri, eyni zamanda işi sifariş verən təşkilatlar da diqqətli olmalıdır»

Bir binanın və ya tikilinin ömrü işlədilən materialların keyfiyyyəti ilə yanaşı, onların düzgün, yerli-yerində istifadəsindən də asılıdır. Əsrlər öncə tikilən binaların, tarixi abidələrin dövrümüzə qədər gəlib çatmasında bu amilin sözsüz ki, mühüm rolu var. Müasir dövrümüzdə isə müxtəlif çeşidlərdə tikinti materialları saysız-hesabsızdır. Lakin mövcud materiallardan hər zaman tam düzgün istifadə olunduğunu söyləmək də olmaz. Bu səbəbdəndir ki, bəzi hallarda yeni tikilən bina, təmir olunan ev kifayət qədər uzun ömürlü olmur. Bu isə bir çox hallarda tikinti zamanı materialların düzgün istifadə olunmaması ilə əlaqəli olur. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı bildirir: "Düzdür, bir çox hallarda ustalar materiallardan istədikləri kimi istifadə edirlər ki, nəticədə sonradan fəsadları yaşanır. Görürsən ki, yeni təmir olunan yer tez bir zamanda sökülür. Bununla bağlı qurumumuza çoxsaylı şikayətlər daxil olub. Belə hallarda Azad İstehlakçılar Birliyi təmənnasız olaraq istehlakçıların hüquqlarını qoruyur və şikayətçilərin pulu geri qaytarılır. Belə halların yaşanmasının əsas səbəbi əksər ustaların qeyri-peşəkar olmasıdır. Bu müstəqil peşə hesab olunduğu üçün heç kəs ustadan sübut tələb etmir. Və onların işinə nəzarət edən konkret qurum da yoxdur. Belə olan halda əsas məsuliyyət istehlakçıların öz üzərinə düşür. Yaxşı olardı ki, istehlakçılar ustalarla iş danışarkən, onların şəxsiyyət vəsiqələrinin surətini, telefon nömrələrini  götürsünlər, iş görəcək ustalarla müqavilə bağlasınlar və s. İnsanlar  özləri bu işdə diqqətli, ayıq olmalıdırlar". 

Memar Nəriman Əliyev isə tikintiyə nəzarət edən orqanları nəzarəti gücləndirməyə çağırır: "Tikinti şirkətlərinə nəzarət edən həm orqanlar, həm də şəxslər var. Onlar nəzarəti daha ciddi həyata keçirməlidirlər. Necə ki, sağlamlıq cəhətdən  iki dərmanı bir-birinə qatıb içmək olmaz, eyni zamanda inşaatda da materialları bir-birinə qatıb istifadə etmək düzgün deyil. Ona görə nəzarətedici orqanlar ciddi olmalıdırlar. İnşaatçılar özləri də, eyni zamanda  işi sifariş verən təşkilatlar da diqqətli olmalı, son nəticə ilə maraqlanmalıdırlar". 


Sizin Reklam Yeriniz