Əlaqə Arxiv
news Image
2014.05.14
16:47
| A A A
Artan avtomobillər ekologiyaya daha çox ziyan vurmağa başlayır
Fəridə Hüseynova: «Yeni salınan ağaclar bəhrəsini yalnız 15-20 il sonra verə bilərlər» Telman Zeynalov: «Havanın təmizlənməsində təkcə yaşıllıqlar deyil, küləklər də mühüm rol oynayır»

Ölkəyə gətirilən avtomobillərin gündən-günə artdığı bir şəraitdə, bunun ekologiyaya təsirinin böyüməsi də qaçılmaz sayılır. Özü də ölkədə avtomobillərin sayı durmadan artır və qarşıdak dövr ərzindədə artımın davam etməsi gözlənir. Xatırladaq ki, avtomobillərin ekologiyaya vurduğu zərərin minimum həddə salınması üçün ölkədə "avro 4" standartının təbiqinə start verilib. Eyni zamanda istər dövlət qurumları, istər könüllülər, istərsə də yaşılsevərlər tərəfindən şəhərdə yaşıllaşdırma sahəsində müəyyən işlər görülür. Lakin avtomobil idxalının artması fonunda görülən işlərin ekoloji durumu tam yaxşılaşdırmağa kifayət etməsi mümkün deyil. Ekoloqların sözlərinə görə, yeni salınan ağaclar bəhrəsini yalnız 15-20 il sonra verə bilərlər.

Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova Movqe.az-a açıqlamasında bildirir: "Bu gün Azərbaycanda istismarda olan avtomobillərin çoxu təmirdən çıxan, lakin köhnə avtomobillərdir. Bunlar adətən, xaricdən gətirilən ikinci əl avtomobillər olur. Yeni istehsal olunan maşınlar baha olur deyə, köhnə maşınları əhali büdcəsinə daha çox uyğun görür. Amma nəzərə almaq lazmdır ki, xarici ölkələr bu avtomobilləri ona görə bizə satırlar ki, onların filtrləri havaya atılan tullantıları təmizləyə bilmir. Onu dəyişdirmək isə çox baha başa gəlir. Bu halda onlar maşını satıb yenisini almağı üstün bilirlər. Bizimkilər isə, onları alıb ölkəyə gətirirlər. Çünki, bizdə qaydalar hələ lap kəskin deyil ki, onların qabağını alsın. Bu səbəblərdən havaya daha çox tullantı atılmış olur.

Eyni zamanda baxmayaraq ki, yaşıllıq işləri zamanı yeni, balaca şitilləri əkirlər. Bir tərəfdən onların ümumiyyətlə, tutma ehtimalı da müəmmalıdır ki, böyüyəcək ya böyüməyəcək. Digər tərəfdən onlar balaca olduğundan, yarpağının sayı da azdır. Yəni onun yarpağının ixrac qabiliyyəti də daha azdır, nəinki böyük ağacın. Yalnız 15-20 ildən sonra yeni əkilənlər əvvəlki, kəsilmiş ağacların ölçüsünə gəlib çatanda kifayət qədər oksigen ixrac edə biləcəklər. Təəssüflər olsun ki, bu gün bizim yaşıllaşdırma idarələrində hərdən elə adamlar çalışır ki, insan təəccüblənir. Görürsən ki, eyni ağacı bir ildən, iki ildən sonra kəsib budayırlar, yarpaqları da azalır. Onu cavanlaşdırmaq adı ilə eləsələr də, ətraf mühit üçün, hava üçün bunun əhəmiyyəti yoxdur. Əksinə, oksigenin miqdarı azalır".

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da deyir ki, yeni əkilən ağaclara hələ 7-8 il qulluq eləmək lazımdır ki, ondan sonra çirkli havanı təmizləyə bilsin: "Avtomobillərin havaya atdıqları istər dəmyə qazı, istərsə də digər zərərverici qazlar yaşıllıqları məhv edir, onların inkişafına mane olur. Çünki yaşıldıqlar karbon qazını mənimsəyirlər. Maşınlar isə karbon qazından savayı, bir sıra tullantılar da atırlar ki, onlar bitkini zəhərləyir. Təzə əkilən cavan, gənc yaşıllıqlar o çirkli havanı mənimsəməyə qadir deyillər. Gücləri çatmır. Onlar təzə əkilən ağaclar olduğuna görə hələ ilk öncə 7-8 il qulluq eləmək lazımdır ki, sonra onlar da havanı təmizləyə bilsin. Bu gün şəhərdə 200 min hektara qədər yaşıllıq salınıb. Xüsusən yol kənarlarında yaşıllıqlar salınb. Onlara qulluq da olunur. Sadəcə olaraq, boya-başa çatandan sonra üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəklər. Meqopolis gündən-günə böyüyür, insanların, maşınların sayı getdikcə artır. Nəhəng binalar küləyin əsməsinə mane olurlar. Havanın təmizlənməsində təkcə yaşıllıqlar deyil, küləklər də mühüm rol oynayır. Əvvəllər həftə sonları dənizə getmək olmurdu. Cümə günündən başlayan külək iki gün davam edirdi. İndi tamamilə başqa cürdür. İndi tikilən hündür binalara görə, küləyin istiqaməti də dəyişib. Şəhərə külək daxil olmur. Nəticədə avtomobillərin buraxdığı tullantılar havada asılı qalır".



Sizin Reklam Yeriniz