Əlaqə Arxiv
news Image
2014.05.15
08:55
| A A A
Fərdi evlər daha sürətlə bahalaşmağa başladı
Ramil Osmanov: "Fərdi evlərin qiymətinin bina evləri ilə müqayisədə daha baha olmasında birinci növbədə mövsümü amillərin rolu var" Nüsrət İbrahimli: "Fərdi evlərə tələbatın artması fonunda onların qiyməti də qalxır"

Son zamanlar Azərbaycanda fərdi həyət evlərinin qiyməti bina evləri ilə müqayisədə daha çox artır. Hazırda insanlar bina evlərindən mənzil almağa elə də maraq nümayiş etdirmir. Bunun müqabilində onlar şəhər kənarında torpaq sahəsi alaraq fərdi ev tikintisinə meyl edir. Halbuki, ölkədə tikinti bunu yaşanan illərdə bina evlərinin qiymətləri daha yüksək idi. İndi isə göründüyü kimi, mənzərə fərqlidir.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanov düşünür ki, burada bir sıra amillər rol oynasa da, əsas məqam mövsümü amillərlə bağlıdır: "Fərdi evlərin qiymətinin bina evləri ilə müqayisədə daha baha olmasında birinci növbədə mövsümü amillərin rolu var. Hazırda havaların istiləşməsi ilə əhali əsasən şəhər kənarında fərdi yaşayış yerləri almağa daha çox üstünlük verir. Bu da öz növbəsində fərdi evlərin qiymətinin daha sürətlə bahalaşmasına gətirib çıxarır.Digər tərəfdən, vəziyyətin belə hal almasında "Sovetski" deyilən ərazilərdəki söküntü işlərinin də böyük rolu olub. Belə ki, buradakı evlərin sökülməsi müqabilində təklif olunan kompensasiya məbləği daha çox məhz şəhər kənarında fərdi evlər almağa və tikintisinə imkan verir. Bu baxımdan da fərdi evlərə tələbat artıb. Deməli, onların qiymətinin daha baha olması da aktuallaşıb. "Sovetski", "Kubinka" kimi yerlərin sökülməsi müqabilində kompensasiyanın müəyyən edilən məbləği 1500 manatdan qabağa çıxmadıqca bu tendensiya davam edəcək. Düşünürəm ki, vəziyyətin bu cür hal alması hardasa iki ilə qədər sürəcək".

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimov isə düşünür ki, fərdi evlərin qiymətinin daha baha olması onlara tələbatın daha çox olması ilə bağlıdır: "Evlərin qiyməti 2013-cü ildə hardasa 30 faizə qədər artmışdı. Bu ilin birinci rübündə isə onun qiymət artımı 10 faiz təşkil edib. Təbii ki, bu qiymət artımı da həmin mənzillərə ehtiyacı olanları bir qədər bazardan küsdürüb. Bu gün Əhmədlidə iki otaqlı mənzil almaq üçün azı 70 min manat pul lazımdır. Bu da hər bir adamın cibinə uyğun deyil. Ona görə də insanlar indi əsasən fərdi yaşayış evlərinin tikintisi , yaxud da alınmasına daha çox meyl edir. Çünki, bu tip evlər onlara 50-60 min manata başa gəlir. Mövsümü amil də insanları fərdi evlər almağa sövq edir. Belədə də fərdi evlərə tələbatın artması fonunda onların qiyməti də qalxır. Bu tendensiyanın davam etməsi bazardakı konyukturadan asılıdır. Əvvəllər təzyiq bina evlərinə olduğundan qiymətlər əsasən orada qalxırdı, indi isə əksinədir. Bu balansın düzəlməsindən sonra da insanlar başqa alternativ yollar axtaracaq.

Son illər ölkə iqtisadiyyatının digər seqmentlərinin heç birində nəzərəçarpacaq qiymət artımı olmadığı halda, daşınmaz əmlak bazarında fərqli dinamika müşahidə edilib. Amma nəzərə alsaq ki, qiymətlər üzü yaya doğru artmaqdadır, bu, mənzil bazarında vəziyyətin bir qədər fərqli şəkildə cərəyan etməsi deməkdir". Digər tərəfdən, tikinti materiallarının qiymət artımı da prosesə təsirsiz ötüşmür. Ekspertlər qeyd edir ki, hazırkı situasiyada tikinti, o cümlədən idxal materiallarında bahalaşma fərdi yaşayış evlərinə daha çox təsir göstərir.

Sizin Reklam Yeriniz