Əlaqə Arxiv
news Image
2014.05.15
11:00
| A A A
Qida satışında küçə ticarəti yenidən «qızışır»
Rəşid Mahmudov: «Açıq şəkildə satılan qidalar hava-damcı yolu ilə keçə bilən bütün xəstəliklərin mənbəyi ola bilər» Əliabbas Bağırov: «300 nəfər işçiylə 3 milyonluq şəhərə tam nəzarəti həyata keçirmək olmur»

Havalar istiləşdikcə səyyar formada qida məhsullarının satışında da bir canlanma hiss olunur. Halbuki, qanunvericiliklə bu qadağandır və küçə ticarəti sayılır. Həm də belə formada satılan qida məhsulları insanların səhhəti üçün də ciddi problemlərə yol aça bilər.


Tibb elmləri namizədi Rəşid Mahmudov Movqe.az-a açıqlamasında bildirir ki, açıq şəkildə satılan qidaların orqanizm üçün təhlükələrə yol aça bilər. Həkim qeyd edir ki, bu cür qidalar Günəş altında qalarkən qıcqıra, çürüyə bilir ki, bu zaman ərzaqda müxtəlif bakteriyalar formalaşır: "Açıq şəkildə satılan qidalar hava-damcı yolu ilə keçə bilən bütün xəstəliklərin mənbəyi ola bilər. Onlardan biri qrip virusudur ki, qida vasitəsilə sürətlə yayıla bilər. Bundan əlavə, qidalanma toksikozları baş verə bilər. Bu gün bazarlarda meyvə-tərəvəz Günəşin altında açıq şəkildə satılır. Əslində, istinin təsirindən onlarda çürümə, qıcqırma gedir. Bu zaman isə orda mikroblar daha çox inkişaf edir. Həmin meyvə-tərəvəzi yeyəndə insanda mədə-bağırsaq xəstəlikləri yarana bilər. Ümumiyyətlə, bu zaman bağırsaqda hər cür infeksiyanın yaranması üçün şərait olur. Çünki, o qıcqırma və çürümə çox mikrobun inkişafı üçün ən optimal şəraitdir. Bir çox ölkələrdə meyvələri açıq havada qoyanda üzərinə xüsusi maddə çəkirlər ki, o məhsulu çürümədən qoruyur. Bizdə isə belə təfbir həyata keçirilmir. Ona görə də, bazardan alınan məhsulu isti, ilıq suda yumadan yemək məsləhət deyil".

Rəşid Mahmudov açıq şəkildə peraşki, qutab, bulka kimi qidaların satışı ilə bağlı isə deyir ki, bunlar qəti yolverilməzdir: "Adi evdə bişirilən peraşki soyuduqdan 6-8 saat sonra orda hər cür mikrob olur. Qaldı ki, açıq havada satılan, harda, hansı şəraitdə bişirildiyi məlum olmayan qidaları yemək".

Bu işə nəzarət edən orqan, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov da həmsöhbətimiz oldu. Əliabbas Bağırov əvvəlcə Departament tərəfindən aparılan mübarizə tədirlərindən danışdı: "Nazirlər Kabinetinin 94 nömrəli qərarı çıxıbdır. Əslində, əvvəllər də bu məsələlər də var idi. Qərarın təzələnməsinin xeyri odur ki, bir daha bu məsələyə qayıdılıb. Havalar istiləşir, yay günləri gəlir, mövsümün şiddətli istiləri yaxınlaşır. Ona görə o qərara yenidən ehtiyac duyulur. Əhaliyə xidməti daha da yaxşılaşdırmaq, əhalinin keyfiyyətli qida məhsulları ilə təminatında yüksək nəticəyə nail olmaq üçün çox böyük önəm kəsb edir. Qərarda açıq havada satılan məhsulların, havalar istiləşdikcə əhalini ən çox ehtiyac duyduğu sərinləşdirici suların satışı ilə bağlı və s. qaydalar nəzərdə tutulub. Belə ki, məsələn, sərinləşdirici sular ancaq şüşə qablarda satıla bilər. İndi elə yerlər var ki, məsələn, xüsusən ticarət obyeklərinin qabağında açıq şəkildə suların satışı, qidaların satışı qanunla yasaqdır. Əvvəla ona görə ki, bu antisanitariyadır. İkinci, ona görə ki, son vaxtlar xəstəliklər həddən artıq artıb. Və öünümzdə isti yay günlərində belə hallar daha da arta bilər. Nazirlər Kabinetinin verdiyi qərara əsasən, satışa yalnız o zaman icazə verilə bilər ki, buna Bakı Şəhər Ticarət və Xidmət Departamentinin icazəsi və xüsusi nəzarəti olsun. Qeyri-qanuni yerlərdə onların satışı birmənalı olaraq qadağandır. Dediyim kimi, yalnız icazə və nəzarət altında o sular, ərzaq məhsullarının satışına icazə verilə bilər. Məsələn, dondurma satılır. Deyək ki, mütləq onlar dondurma dolablarında olmalıdır ki, əriməsin. Bəzən olur ki, köhnə aparaturalardan istifadə olunur, onlar lazımi dərəcədə soyudulmur, yaxud elə yerlərdən gətirilir ki, özəl şirkətlər onları istehsal edirlər. Onların da keyfiyyəti yüksək olmur. İçərisində müxtəlif xəstəliklərin daşıyıcıları olur və s. Bu mənada onlar xüsusi nəzarətdə olmalıdır. Əgər nəzarət olmasa, onların satışına icazə verilməyəcək".

Nəzarətə, aparılan mübarizə tədbirlərinə baxmayaraq fakt budur ki, hələ də ayrı-ayrı yerlərdə qidaların açq satışı həyata keçirilir. Elə qurumun mətbuat katibi də bunu inkar etmədi: "Bizim nəzarətimiz olsa da, mən istisna etmirəm ki, belə satış yoxdur. Biz buna qarşı mübarizə aparırıq. Lakin Bakı təxminən 3 milyon əhalisi olan böyük şəhərdir. 300 nəfər işçiylə 3 milyonluq şəhərə tam nəzarəti həyata keçirmək olmur. Xüsusi çətinliklər var. Amma hər-halda çalışırıq mübarizə aparaq və düşünürəm ki, işimiz kifayət qədər öz səmərəsini verir. Biz televiziya vasitəsilə də maarifləndirmə işləri aparırıq. Eyni zamanda tərəfimizdən sahibkarlara bildirişlər paylanılır ki, belə hallara yol verməsinlər. Şəhər hamımızın şəhəridir. Ona görə də, hamılıqla çalışmalıyıq. Çünki bu ərzaqlardan hər birimizn ailəsi, qohum-qardaşı istifadə edir. Ona görə bu hamının, həm aidiyyatı olan, həm aidiyyatı olmayan təşkilatların qoşulmalı olduğu, diqqət önünə almalı olduğu bir məsələdir".



Sizin Reklam Yeriniz