Əlaqə Arxiv
news Image
2014.05.20
16:49
| A A A
Dünyaya səs salan yeni elmi kəşflərimiz hələ də yoxdur
Əhməd Qəşəmoğlu: «Ortaya əvvəlki kimi böyük nəticələrin, kəşflərin çıxmamasına bir neçə səbəb var»

Bu gün ölkədə kifayət sayda savadlı, yüksək səviyyəli alim, professor heyəti var. Eyni zamanda elmlər namizədləri sayca heç də əvvəlki dövrlərdəkindən geri qalmır. Lakin bu da bir həqiqətdir ki, artıq Yusif Məmmədəliyev kimi dünya kimya elminə böyük töhfələr verən, eləcə də qeyri-səlis məntiqin banisi olan Lütfi Zadə kimi iz qoyan şəxslər yoxdur. 

Sosiloloq, iqtisad elmləri doktoru, "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğlu mövcud vəziyyəti şərtləndirən səbəblər haqda fikirlərini Mövqe.az saytına verdiyi açıqmada bölüşüb: "Bu, bir qədər nisbi məsələdir. Çünki mən bilirəm ki, bu gün Azərbaycanda kifayət qədər ciddi elmi nəticələr əldə edə biləcək insanlar var. Amma buna rəğmən, ortaya əvvəlki kimi böyük nəticələrin, kəşflərin çıxmamasına bir neçə səbəb var. Əvvəllər Azərbaycan elmi sovet elminin tərkib hissələrindən biri idi. O zaman azərbaycanlı alimlər sovet alimləri ilə də əməkdaşlıq edir, müəyyən mənada təmasda olurdular. Və Azərbaycanın görkəmli alimlərinin əksəriyyəti əvvəllər Moskvada, Leninqradda yetişib gəlmiş alimlər idi. Onların da ümumittifaq səviyyədə əlaqələri var idi. Bir tədqiqat aparanda onlarla əlaqə olurdu, seminarlara gedirdilər, müzakirələr aparırdılar. Böyük bir komanda var idi ki, insanlar xoş məramla öz nəticələrini onlarla  müzakirə edə bilirdilər. Edilən kəşflər də geniş şəkildə çap olunurdu. Lakin indi bu yoxdur". 

Sosioloq  ikinci bir səbəb kimi elmə tələbatının və marağın azalmasını göstərir: "İkinci məqam ondan ibarətdir ki, sovet dövründə rejimin neqativ tərəflərinə baxmayaraq, elmə böyük tələbat, sifariş var idi. Yəni, birbaşa elmi-tədqiqat institularından dövlət səviyyəsində konkret nəticələr tələb olunurdu. Bunun hesabına elm inkişaf edirdi. Məsələn, Amerikada niyə elm inkişaf edir? Çünki elmdən hərbi sənayedən tutmuş, elektronikaya qədər, sənayeyə qədər bir çox sahələrdə birbaşa gözlənti var. Bizdə də eyni addımlar atılmalıdır". 

Ekspert eyni zamanda alimlərin maaşı məsələsinə də xüsusilə toxundu: "Üçüncü bir məsələ odur ki, o dövrdə Azərbaycan alimlərinin əmək haqqı çox yüksək idi.Təsəvvür edin ki, mən yenicə müdafiə etmiş gənc elmlər namizədi olan vaxtı əmək haqqım hansısa rayonun birinci katibinin əmək haqqından 70 manat yuxarı idi. Əmək haqqı yaxşı olduğuna, alimi təmin elədiyinə görə, o da bütün gününü işinə sərf edir, nəticələr də əldə edirdi. Bundan əlavə, əlində ciddi elmi əsərlər olan alimlərə işlədiyi institutda da şərait yaradırdılar. Onlar ezamiyyətlərə göndərilirdilər". 

Sosioloqun sözlərinə görə, həm də o vaxtkı alim nüfuzu çox böyük idi: "Deyəndə ki, kimsə professordur, onun ailə üzvü, yaxını olmaq böyük fəxr idi. İndi professorun elə böyük nüfuzu da yoxdur. Bu da belə bir vəziyyəti yaradıb. Amma bütün bunlarla yanaşı, bu gün elmi nəticələr də var. Məsələn, mənim ortaya qoyduğum "Ahəngyol" elmi-fəlsəfi konsepsiyası yeni bir elmi nəzəriyyədir. Bu elmi Lütfi Zadə təsdiqləyib, Kaliforniya unuversiteti təsdiqləyib, haqqında Amerikada bir neçə dəfə məqalələr çap olunub, Türkiyədə də təqdimatı keçirilib.  Amma Azərbaycanda kiməsə bu haqda danışanda gülümsəyir və sadəcə deyir ki, Əhməd müəllim, biz sizinlə fəxr edirik. Bu qədər. Yəni, ölkəmizdə elmi kəşflərə diqqət və maraq yoxdur. Bütün bu səbəblər ortadakı vəziyyəti şərtləndirir". 

Əhməd Qəşəmoğlu sonda mövzunun vacibliyini xüsusilə vurğulayaraq, ölkənin inkişafı üçün bu sahədə ciddi addımlar atılmasının vacib oldğunu bildirdi: "Haqqında danışdığımız mövzu Azərbaycana hava kimi, su kimi vacibdir. Ölkənin inkişafında elm ön cəbhəyə keçməlidir. Bu gün dünyada ən bahalı şey intellektual əməkdir. Təsəvvür edin ki, neçə hektar yer əkməlisən, gübrə tökməlisən, suvarmalısan, qulluq etməlisən ki, torpaqdan 5-10 maşın məhsul əldə edə biləsən. Amma ondan əldə olunan gəlir yüksək deyil. Amerika, Yaponiya və başqa ölkələr isə bu gün intellektual məhsullar satmaqla  ölkəsinə daha çox  gəlir gətirir. Bu baxımdan Azərbaycanda da elm sahəsində görülməli işlər hələ çoxdur".  


Sizin Reklam Yeriniz