Əlaqə Arxiv
news Image
2014.05.20
18:42
| A A A
GMO-larla orqanik məhsulları ayırd etmək müşkülə çevrilib
Vahid Məhərrəmov: «Bu fərqi yalnız və yalnız laborotoriya şəraitində müəyyən etmək olar»

Məlumdur ki, dünyada genetik modifikasiya olunmuş (GMO) məhsullara birmənalı münasibət yoxdur. Belə məhsulların yarada biləcəyi müxtəlif cür fəsadlar haqda yazılanlar, səslənə ekspert fikirləri isə insanları getdikcə daha çox təşvişə salır. Elə bir vəziyyət yaranıb ki, insan aldığı hər şeydən şübhələnir. Lakin ən çətin olanı isə genetik modifikasiya olunmuş məhsulların adi orqanik  məhsullardan seçilə bilməməsidir. 

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Movqe.az-a açıqlamasında  bildirib ki, GMO məhsullar nə görünüşə, nə həcmə, nə də dadına görə adi bitkilərdən fərqlənir. Fərqi yalnız laborotoriya şəraitində müəyyən etmək mümkündür. Ekspertin sözlərindən aydın oldu ki, adi alıcı heç bir yolla məhsulun təbii, yoxsa GMO olduğunu bilə bilməz: "GMO məhsullarını xarici görünüşünə görə digərlərindən fərqləndirmək mümkün deyil. Həm genetik modifikasiya yolu ilə əldə olunan məhsullar, həm də kimyəvi maddələrlə əldə olunan məhsulların xarici görünüşü tam bir-birinə oxşardır. Həm həcmi, həm də xarici görünüşü, demək olar ki, eynidir. Üstəlik dadı da fərqli deyil. Burda yalnız tərkiblə bağlı incə fərq var. Belə ki, kimyəvi maddələr vasitəsilə əldə olunan məhsulların tərkibində insan orqanizmi üçün zərərli olan bir sıra maddələr, ağır metallar olur. Lakin bunu hiss eləmək adi alıcı üçün mümkün deyil. Bu fərqi yalnız və yalnız laborotoriya şəraitində müəyyən etmək olar. Onu qeyd edim ki, bitkilər kimi, eyni zamanda GMO heyvanları da fərqləndirmək olmur. Bu yaxınlarda mən şahidi olmuşdum ki,  sosial şəbəkələrdə iri, ətli bir heyvanı GMO kimi təqdim etmişdilər. Bu, qətiyyən doğru deyil. Eləcə də görürsən ki, şprisli pomidor şəkli verilib, yazılır ki, tərkibi dəyişdirilib.  Bunun heç bir əsası yoxdur. Hər ikisi təxminən eyni fiziologiyaya malikdir. Bu bitkilər ikisi də  torpaqdan eyni qida alırlar". 

Ekspert vətəndaşları təşvişə düşməməyə çağırır. O bildriri ki, bu gün istehlak etdiyimiz məhsulların çoxu GMO toxumlardan yetişir: "Vətəndaşlara məsləhət görərdim ki, təşvişə düşməsinlər. Əsas görüləcək iş məhsulları sərhəddən keçirərkən yoxlamaqdır. Çünki idxal məhsullardır daha çox geni dəyişdirilmiş olanlardır. Qeyd etmək lazımdır ki, GMO məhsulları bütün hallarda zərərli olmur. Ona görə ki, bu idarə olunan prosesdir və istehsalın məqsədindən asılıdır. Əgər məqsəd sağlam məhsul əldə etməkdirsə, onun insan orqanizminə heç bir zərəri olmayacaq. Yox, əgər istehsal edən ölkə qarşısına digər məqsədlər  qoyubsa, zərərli ola bilər. Bunu da sərhəddən keçirərkən yoxlamaq lazımdır. İnsanların təşvişə düşməsinə heç bir əsas yoxdur. Bir çoxları, xüsusən də mətbuat bu məsələni həddindən artıq qabardır. Fotoşop proqramı ilə  düzəlmiş müxtəlif şəkillər verərək insanların diqqətini çəkirlər. Ancaq hal-hazırda ölkədə kifayət qədər GMO məhsul var. Biz bilirik ki, ölkəyə gətirilən tərəvəz toxumları GMO yolu ilə əldə olunmuş toxumlardır. Son zamanlar ən çox istehlak etdiyimiz pomidor, xiyar, o cümlədən ölkədə istehsal olunan kartof da modifikasiya olunmuş toxumlardan əldə olunan məhsullardır. Xüsusən kərə yağı, xaricdən gətirilən süd və süd məhsulları, ət və ət məhsullarını, bilməliyik ki, GMO yolu ilə əldə olunan bitkilərdən, heyvanlardan əldə edirlər.  Və burda insan orqanizmi üçün hər hansı bir ciddi fəsad yoxdur. Fəsad o zaman ola bilər ki, bizi özünə düşmən bilən ölkələr bu işlə məşğul olsunlar. Yəni, gen modifikasiyası yolu ilə əldə olunan insan orqanizmi üçün zərərli məhsul əldə etsinlər və bunu da ölkəmizə göndərməklə hər hansı bir məqsədə nail olsunlar. Düşünürəm ki, indi həmin ölkələrdə elm o dərəcə inkişaf etməyib. Yəni, onlar bu işlə məşğul ola bilmzlər. Biz özümüz çalışıb bu işlə məşğul olmalıyıq ki, özümüz GMO yolu ilə daha faydalı məhsulu istehsal edib, ölkəni idxaldan asılı qoymayaq". 


Sizin Reklam Yeriniz