Əlaqə Arxiv
news Image
2014.05.20
20:30
| A A A
Düzgün şəraitdə saxlanılmayan qidalar
İmran Abdullayev: «Ərzaqların düzgün olmayan şəkildə istifadəsi, saxlanılması, temperatur rejiminə, sanitar-gigiyena qaydalarına əməl olunmaması qida zəhərlənmələrinin əsas səbəblərindəndir»

Havalar istiləşdikcə qidaların saxlanma şəraitinə düzgün əməl olunması daha böyük zərurətə çevrilir. O baxımdan ki, Günəşin şüaları altında, istidə qalan qidalar ən yaxşı halda keyfiyyətini itirir. Bir çox hallarda isə xarab olub zəhərlənmələrə gətirib çıxara bilir. Bu gün paytaxt Bakının daha çox mərkəzdən kənar ərazilərində, bəzi regionlarda mağaza və dükanlarda ərzaqların saxlanma qaydalarına bir çox hallarda əhəmiyyət verilmir. Bəzən olur ki, plastik qabda sərinləşdirici içki  Günəş şüaları altında qalır. Yaxud da soyuq şəraitdə saxlanmalı olan ağartı məhsulları, ət və ət məhsulları elə şəraitdə saxlanır ki, müştərini özündən uzaqlaşdırır. Belə nümunələrin sayını çoxaltmaq olar. 

Respublika Gigiena və Epidemiologiya mərkəzinin Qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev Movqe.az-a açıqlamasında vətəndaşları diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, düzgün saxlanılmamaq nəticəsində hətta gec xarab olan qidalar belə tərkibini dəyişə bilir: "Ərzaqların düzgün olmayan şəkildə istifadəsi, saxlanılması, temperatur rejiminə, sanitar-gigiyena qaydalarına əməl olunmaması qida zəhərlənmələrinin əsas səbəblərindəndir. Bu cür hallardan qaçmaq üçün qidaların saxlanma rejiminə riayət olunmalıdır. Mikrobların öldürülməsi məqsədi ilə termik emal həyata keçirilməlidir. Vətəndaşlara məsləhət görərdim ki, antisanitariya hökm sürən yerlərdən qida almasınlar.  Çünki saxlanma şəraiti pozulsa, tez xarab olmayan qidaların belə tərkibinin, keyfiyyətinin dəyişməsi mümkündür. Belə ki, isti mühitdə kif göbələkləri, mikroorqanizmlər, qidanın təkibində olan fərqli maddələrin kimyəvi reaksiyalara girməsi nəticəsində zəhərlənmələr baş verə bilir".


Sizin Reklam Yeriniz