Kişilərin üz tutduğu məkanlar sırasında çayxanalar həmişə xüsusi yer tutub. Elə bu səbəbdəndir ki, indi müasir görkəmə və üsluba malik çay evlərinin sayı durmadan artır. Xüsusən də havalar istiləşdikcə çayxanalara üz tutanların sayı daha da artır. Nəzərə alanda ki, gün ərzində bir çayxanaya onlarla insan gəlib gedir, burda təmizlik məsələsi, gigiyenk qaydalara əməl olunması diqqət edilməli olan ən mühüm məsələlər sırasına daxil olur. Lakin təəssüf ki, bir sıra çayxanalarda bu xüsusda lazımi tələblərə əməl edilmir. Ən çox da mərkəzdən kənar çayxanalarda bəzən stəkanlar adi qaydada yaxalanaraq yenidən istifadəyə verilir.
Gigiyena və Epidemiologiya Mərkəzinin
şöbə müdiri İmran Abdullayev isə Movqe.az-a açıqlamasında bildirib
ki, ictimai iaşə obyektlərində istifadə olunan qablar xüsusi
dezinfeksiya olunmalıdır: "Xüsusən də çayxanalarda istifadə olunan
stəkanlar soda və yaxud da xloramin məhlulu ilə qarışdırılmış suda
dezinfeksiya edilib sonra yaxalanmalıdır. Lakin bu bir həqiqətdir
ki, bir çox hallarda, xüsusən də kənd yerlərində çayxanalarda
stəkanları təmiz yumur, hətta soyuq su ilə adi yaxalanmaqla
kifayətlənirlər. Bu, yolverilməz haldır. Stəkanlar mütləq qaynar
suda yuyulmalı, təmizlənməlidir ki, mikroblar zərərsizləşdirilsin.
Düzdür, çay elə bir məhsuldur ki, ondan hər hansı bir təhlükə
gözlənilməz. Çünki, burada su qaynadılır. Lakin çayxanalarda mövcud
təhlükə təmiz yuyulmamış stəkanlardan gələ bilər. Bu səbəbdən onlar
mütləq təmiz yuyulmalı və zərərsizləşdirilməlidir".
İmran Abdullayev eyni zamanda yerlərdə zamanla yoxlamaların aparıldığını da bildirib: "Qeyd edim ki, bizim tərəfimizdən də tədbirlər görülür, yoxlamalar aparılır. Hal-hazırda yeni qanunvericilik aktına əsasən çalışırıq. Bu akta əsasən, yoxlamalar yalnız planlaşıdırılmış üsulla aparılır. Plana daxil olan obyektlərdə ciddi yoxlanış aparılır. Bu kimi hallar müşahidə olunarsa, müvafiq cəza tədbirləri görülür".
Tibb sahəsi üzrə ekspert Adil Qeybulla isə
natəmiz stəkanlardan insanlara keçə biləcək xəstəliklərdən danışıb.
Həkimin sözlərinə görə, belə yerlərdə gigiyenik tələblər
gözlənilmirsə, natəmiz stəkanlarla ağız suyu vasitəsilə keçən
infeksiyalar yayıla bilər. Söhbət Hepatit B, müxtəlif cür ağız
göbələkləri, ağzı suyunda parazitlik edən müxtəlif infeksiyalardan
gedir: "Lakin əgər stəkanlar axar su altında təmiz yuyularsa, orada
qida gigiyenasında nəzərdə tutulan, ictimai iaşə obyektlərində əməl
olunmalı tələblər həyata keçirilirsə, heç bir problem olmaz. Burda
əsas məsələ adi gigiyenik tələblərə nə qədər əməl olunmasıdır.
Bilirsiniz ki, çay bütün dünyada geniş vüsət almadığından, bunun istifadəsi ilə bağlı qaydalar yoxdur. Məsələn, indi bütün dünyada xəstəliklərin qarşısını almaq üçün su, sərinləşdirici və ya spirtli içkilər olsun, hamısı birdəfəlik qablarda verilir. Amma çay isti olduğuna görə, onu birdəfəlik qabda işmək olmur. Ona görə də, yeganə edilə biləcək şey stəkanları düzgün təmizləməkdir. Çayxanada istifadə olunan stəkan ən az 5 dəqiqə axar su altında, müxtəlif qələvi məhlullarla yuyulmalıdır".