Əlaqə Arxiv
news Image
2014.05.22
08:26
| A A A
Sırf müqaviləli əsasda hərbi birliklər yaradıla bilər
Azad İsazadə: " Azərbaycan Ordusundakı hərbi birliklərin bu sistemə keçməsi onların peşəkarlığının, döyüş qabiliyyətinin yüksəlməsinə xidmət edəcək " Üzeyir Cəfərov: " Bütün qoşun növlərinə yalnız və yalnız müqavilə əsasında təcrübəli insanları cəlb etməliyik "

Son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Ordusu xeyli dərəcədə güclənib. Bunun nəticəsidir ki, indi ordumuz təkcə Cənubi Qafqazda yox, həm də Şərqi Avropada, MDB məkanında peşəkarlıq və döyüş qabiliyyəti baxımından ən güclü silahlı qüvvələr sırasında yer alır. Hesab olunur ki, ordunun döyüş qabiliyyətinin daha da yüksəldilməsi üçün onun müqaviləli əsasda formalaşdırılması təcrübəsindən də istifadə olunmalıdır. Məsələn, sırf müqaviləli əsasda hərbi birliklərin yaradılması zəruri sayılır.

Hərbçi ekspert Azad İsazadə bildirdi ki, müqaviləli sistemə keçid ordunun peşəkarlığının artırılması baxımından olduqca vacibdir: "Onsuz da hazırda Azərbaycan ordusunda müqaviləli əsasda xidmət edən hərbçilər var. Bəzi peşələr üzrə hərbçilər, kiçik zabit rütbəsində olanlar orduda müqavilə üzrə qulluq edir. Sadəcə olaraq, onların sayı azdır. Ümumiyyətlə, təcrübə göstərir ki, müqaviləli ordu sistemi peşəkarlıq, verilən tapşırıqların daha keyfiyyətli icrası baxımından hazırkı sistemdən qat-qat üstün cəhətlərə malikdir. Bu mənada Azərbaycan Ordusundakı hərbi birliklərin bu sistemə keçməsi onların peşəkarlığının, döyüş qabiliyyətinin yüksəlməsinə xidmət edəcək. Çünki, adətən peşəkar hərbçilər işin öhdəsindən daha çevik və daha keyfiyyətli gəlmək gücündədir. Bundan başqa, bir sıra ölkələrdə olduğu kimi, ordu sistemində qulluğun qarışıq forması da tətbiq oluna bilər. Burada əsas döyüş qüvvələri müqavilə əsasında komplektləşir. Amma əhali arasında hərbi hazırlığın olması üçün çağırış formaları da qalır. Məsələn, Litva NATO-nun üzvü olandan sonra çağırış sistemindən imtina edərək, ordusunu ancaq müqavilə əsasında formalaşdırdı. Lakin Ukraynada cərəyan edən proseslərdən sonra ordusunun bir hissəsini çağırışçılar hesabına formalaşdırmağı düşünür".

Digər ekspert Üzeyir Cəfərov da müqaviləli ordunun böyük üstünlüklərə malik olduğunu diqqətə çatdırdı: "Azərbaycan Ordusu peşəkar ordu sisteminə keçməlidir və yəqin ki, keçəcək. Müqaviləli ordunun böyük üstünlükləri var. Dəfələrlə qeyd etmişik ki, həyat və ordu təcrübəsi olmayan 100 minlik insanı saxlamaqdansa, 60-70 minlik həyatın bərk və boşundan çıxan insanları orduya cəlb etməklə, onların bilik və bacarığından istifadə etmək hərtərəfli şəkildə, maliyyə, mənəvi, hüquqi baxımdan özünü doğruldur. Müqaviləli ordunun üstünlüyü ondan ibarətdir ki, burada tam olmasa da, 90 faizə qədər peşəkarlar xidmət edir. Onlar isə hər zaman həvalə edilən işi elə səviyyədə icra etməyə çalışırlar ki, aldıqları əmək haqqı da özünü doğrultsun, həm də onlarla bağlı sabah hansısa bir problem yaşanmasın. Çünki istənilən rəis yanında ancaq peşəkar bacarığı olan mütəxəssisi saxlamaq istəyər və o görsə ki, tabeliyində olan işin öhdəsindən peşəkar səviyyədə gələ bilmir, onun xidmətini davam etdirməsini istəməz. Azərbaycan müqaviləli orduya keçməlidir, bundan çəkinmək lazım deyil. Azərbaycanda bu istiqamətdə təcrübə də var. Bir neçə hərbi hissədə sırf müqavilə əsasında çalışan hərbi heyət mövcuddur. Peşəkar ordu dünyanın hər bir yerində özünü doğruldub. Məktəb partası arxasından qalxıb, orduya gələn şəxs heç zaman bilik və bacarıq yarışında özünü lazımi səviyyədə göstərə bilməz. Çünki, onun peşəkarlığı və hazırlığı o həddə deyil. Ölkəmizdə bəzi şəxslər müqaviləli orduya keçidi müəyyən problemlərlə əsaslandırırlar, amma bu əsaslandırmanın heç bir dərin kökləri mövcud deyil. Müqaviləli ordu ilə çağırış sistemindəki neqativ hallardan qurtula bilərik. Bu gün dünya dövlətlərində peşəkarlara ən yüksək qiymət verilir. Bütün qoşun növlərinə yalnız və yalnız müqavilə əsasında təcrübəli insanları cəlb etməliyik".

Sizin Reklam Yeriniz