Fransanın Bordo Universitetinin apardığı tədqiqatların nəticəsində məlum olub ki, insan gün ərzində 30 dəqiqədən artıq mobil telefondan istifadə edirsə, bu, onda beyin xərçəngi xəstəliyinə tutulma riskini artırır. Eyni zamanda İsraildəki Təl-Əviv Universiteti və "Beylinson" xəstəxanasının alimlərinin birgə araşdırmasının nəticəsində mobil telefonların elektromaqnit şüalanması ilə insan orqanizmində qalxanabənzər vəzdə xərçəng xəstəliyinin yaranması və inkişafı arasında əlaqənin olması iddia edilir. Nəzərə alsaq ki, son illər Azərbaycanda xərçəng xəstəliyi xeyli artıb, burda elektromaqnit dalğalar yayan cihazların rolunun nə qədər olması maraq doğurur.
Həkim-onkoloq Samir Hacıbabayev
Movqe.az-a xərçəngin yaranmasında mobil telefondan istifadənin rolu
haqda məlumat verib. Onkoloq bildirir ki, müşahidələr də sübut edir
ki, telefondan gələn elektromaqnit dalğalar xərçəngin yaranmasında,
yayılmasında önəmli rola malikdir: "Ümumiyyətlə, mobil telefonların
beyin şişini yaratma riskini yüksəltdiyi artıq bir çox araşdırmalar
nəticəsində məlum olubdur. Həqiqətən müxtəlif cihazlardan yayılan
şüalanma ilə insanlar müxtəlif elektromaqnit dalğalara məruz
qalırlar ki, bu, beyinə zərərli təsir göstərə bilər. Statistik
olaraq araşdırmalarla təsdiq olunsa da, bir neçə araşdırma da var
ki, belə olmadığını söyləyir. Lakin onların sayı azdır. Müşahidələr
də burda əhəmiyyətli dərəcədə ciddi bilik qaynağıdır. Onlar
göstərir ki, gün ərzində həddindən artıq mobil telefondan istifadə
edən insanlarda xərçəng riski daha yüksəkdir. Lakin indi elə
telefonlar istehsal olunur ki, onların şüalandırma faizi çox
aşağıdır. Telefonlarda xüsusi qoruyucu korpuslar var. Yəni telefon
firmaları artıq bu məsələni diqqət mərkəzində saxlayır, bu sahədə
yeniliklər əldə edib, daha zərərsiz cihazlar istehsal etməyə
çalışırlar. Adi bir misal göstərmək olar ki, bəzən otaqda
telefon çalanda, interferensiya deyilən fiziki qanuna əsasən otaqda
olan digər şüalarla qarışdığı üçün bəzi cihazlar yanlış işləməyə
başlayır. Məsələn, təyyarədə də bəzi parametrlər imkan vermir ki,
mobil telefondan istifadə edilsin. Həqiqətən də mobil telefonlar
özündə təhlükə daşıyır. Ola bilsin ki, yaxın 10 ildə
heyvanlar üzərində əlavə eksprimental işlər aparılsın və mobil
telefonların ziyanı daha dəqiq sübut olunsun.
Düşünürəm ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da xərçəng xəstəliyinin yayılmasında bu amilin də rolu var. Müşahidələrim də bunu sübut edir ki, xəstələr arasında vaxtilə telefon aludəçisi olanlar olub. Zamanında ona xəbərdarlıq edilsə də, xəstə buna əhəmiyyət verməyib. Təbii ki, onun xəstəliyin inkişaf etməsində bu şüalanmanın rolu var.
Bunu gözardı etmək olmaz. Məsələyə ciddi yanaşmaq lazımdır. Ya telefonu uzaqdan istifadə olunan cihazlarla idarə etmək, yaxud çalışmaq lazımdır ki, daha çox daxili şəhər telefonlarından istifadə olunsun".