Əlaqə Arxiv
news Image
2014.05.23
13:45
| A A A
Şiddət məzmunlu kompüter oyunlarının yaratdığı fəsadlar
Nuriyyə Quliyeva: «Zorakı xarakterli oyunlar oynayan uşaqlarda davranış pozuntularına daha çox rast gəlirik»

Son illər ciddi narahatlıq predmetinə çevrilən bir məsələ də uşaq və yeniyetmələrin, eləcə də gənclərin kompüter oyunlarına aludəçiliyi ilə bağlıdır. Əslində, bir çox hallarda valideynlərin özlərinin uşaqlarını bu yola sürüklədiyini demək olar. Çünki bir çox hallarda uşaq sakit qalsın, valideynə mane olmasın deyə, ana-ata icazə verir ki, uşaq günün  çox hissəsini kompüter başında keçirsin. Onun orda oynadığı oyunla, gördüyü işlə isə valideynlər bəzən maraqlanmırlar belə. Nəticədə uşaq gününü oyun oynamaqla keçirir. Və zamanla asılılıq yaranır. 

Xüsusən zorakı, şiddət məzmunlu oyunlar uşaq və yeniyetməələrin daha çox marağına səbəb olur. Əslində, bu maraq sonradan ciddi fəsadlara yol aça bilir. Məsələn, bu günlərdə, Tayvanda şiddət məzmunlu kompüter oyunlarının aludəçisi olan bir gənc əlində bıçaq ilə insanlara hücum edib və 20-dən çox insanı yaralayıb, 4 nəfəri  öldürüb. Valideynlərinin sözlərinə görə, vaxtının çox hissəsini oyun oynamaqla keçirən bu gənc daha çox şiddət məzmunlu kompüter oyunları oynayırmış.  Bu gəncin düşdüyü vəziyyət şiddət məzmunlu kompüter oyunlarının hansı təhlükələr yaratdığını da qabarıq surətdə üzə çıxarır. Ona görə də, vaxtında bu məsələnin üzərinə düşülməsi vacibdir. 

Peşəkar Psixologiya Mərkəzinin direktoru Nuriyyə Quliyeva Movqe.az-a açıqlamasında bildirir ki, müşahidələr də şiddət məzmunlu kompüter oyunlarının uşaq psixikasına ciddi təsirini göstərir: "Valideynləri ən çox narahat edən problemlərdən biri də kompüter oyunlarının övladlarının psixikasına təsiridir. Kompüter oyunlarının əksəriyyəti zorakı və şiddət səhnələri ilə doludur. Bu oyunlarda qəhrəman hədəfinə çatmaq, məqsədinə nail olmaq üçün qarşısına çıxan insanlara və digər canlılara hücüm edir, bir çox hallarda onları öldürür. Bunu sadəcə, oyun kimi qəbul edən uşaq və ya yeniyetmə əslində, bəsit görünən bu oyunun onun psixologiyasında qoyduğu izdən xəbərsizdir. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, zorakı xarakterli oyunlar oynayan uşaqlarda davranış pozuntularına daha çox rast gəlirik. Bu tip oyunlar oynayan uşaq və yeniyetmələr aqressiv, əsəbi, səbirsiz, hər kiçik şeyə tez reaksiya verən olurlar. Əksər hallarda bu uşaqlarda özünə və başqalarına zərər vermə davranışı da müşahidə olunur".

Psixoloq bildirir ki, şiddətli oyun aludəçisi olan uşaqlar daha çox cinayət törətməyə meyilli olurlar: "Son dövrlərdə aparılan bir tədqiqatın nəticəsinə görə 8 yaşında daim zorakı oyunlar oynayan, şiddət xarakterli verilişlər, filmlər izləyən uşaq gələcəkdə daha çox cinayət törətməyə meyilli olur. Burada xüsusi bir məqama diqqət çəkmək istəyirəm. Bildiyimiz kimi, bütün oyunların sonunda qəhrəman  ya yüksək xal toplayır, ya da bir mükafat qazanır. Zorakı xarakterli oyunun sonunda belə bir mükafat əldə edən uşaq və yeniyetmə bu şiddət davranışına görə, sanki mükafatlandırılır. Ümumiyyətlə, bu cür oyunlar insanların birbaşa şüuraltına təsir edir və xoşagəlməz izlər qoyur".


Sizin Reklam Yeriniz