Bir müddət öncə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanda yas çadırlarının yığışdırılması təklifilə çıxış edib. Uzun müddətdir ki, bu haqda gedən söhbətlərə QMİ sədri münasibət bildirərkən, çadırların yığışdırılmasının onunla əsaslandırıb ki, belə yerlərdə yaranan qarışıqlıq, səs-küy dini ayinlərin icrasına maneçilik törədir. Eyni zamanda bu mərasimlərdə edilən ifratçılıq ön plana çəkilib. Allahşükür Paşazadə çıxışında bildirib ki, molla məclisdə 2-3 saat oturmalıdır : "O gəlib 2-3 saat Qurani-Kərim oxuyub, Fatihə verib getməlidir. Yoxsa əks halda insanlar Qurana hörmət etmirlər. Bir yandan surə oxunur, bir yandan da insanlar yeyir, içir, söhbət edirlər". A.Paşazadənin sözlərinə görə, yas məclisinə kimsə gedirsə, hüzr verib qayıtmalıdır. Qurana, moizəyə qulaq asmaq istəyən isə məscidə getməlidir.
İlahiyyatçı Elşad Miri Mövqe.az saytına verdiyi açıqlamada bildirib ki,
ümumiyyətlə, İslamda yas mərasimi deyilən bir anlayış yoxdur,
olmayıb da: "Bugünkü yas mərasimlərinin təşkil olunmasında məqsəd
insanların orda dini maarifləndirilməsi, mütərəqqi fikirlər
aşılanması deyil. Bunlar hamısı müəyyən biznes məqsədlərinə xidmət
edir. Yas çadırlarının yığışdırılması mənim çoxdandır gözlədiyim
məsələ idi. Amma burdan yığışdırılıb başqa yerə köçürülməsi də
məqsəduyğun deyil. Bununla dəyişən heç nə olmayacaq. Yenə də eyni
məqsədlər güdüləcək. Əslində, İslam dinində yas mərasimi anlayışı
yoxdur. İslama görə, bir insan öləndə ona 3 günə qədər yas saxlamaq
olar. Düzdür, ölünün yaxınlarını ziyarətə, baş sağlığı verməyə
gələnlər ola bilər. Lakin xüsusi mərasim qurmaq, orda molla
gətirtmək, ölü üçün Quran oxumaq, ağlaşma qurmaq, mərsiyə demək və
s. bunların dinə aidiyyatı yoxdur və olmayıb da. Dinə görə, insan
öldüyü zaman meyid yuyulur, kəfənlənir, cənazə namazı qılınır və
dəfn edilir. Bundan başqa olanların ölüyə faydası yoxdur ki, diriyə
zərəri var. Ölü yaxınları bundan həqiqi mənada zərər çəkirlər.
Bunlar İslamın mahiyyətinə uyğun məsələlər deyil".
Bu arada ANS TV-nin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən yas çadırlarının ləğvi təklifinin səbəbləri ilə bğalı daha bir maraqlı ehtimal meydana çıxıb. Ehtimal belədir ki, bəzi hallarda yas çadırlarına radikal qruplaşmalar nəzarət etməyə çalışır. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev deyir bəzi çadrlar var ki, onlardan radikal yönümlülər istifadə edir: "Müəyyən saatdan sonra yas mərasimini bitirmək lazımdır. Sonra hərə öz işinə-gücünə getməlidir. Bu, Quranda da buyrulub".
Təkliflərdə yas mərasimlərinin məscidlərdə, yaşayış evlərinin yaxınlığında xeyir-şər üçün nəzərdə tutulmuş yerlərdə keçirilməsi göstərilib. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini deyir ki, bu məkanlarda mərasimin hansı din xadimi tərəfindən aparıldığına və onun dini söhbətlərinə nəzarət etmək mümkündür.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin sözlərinə görə, molla orada nədən danışır, kimi hansı cərəyana cəlb edirlər, bunlar çox vacibdir: "Elə çadırlarda nəzarət mümkün deyil. Kim istəsə, gəlib girir, orda istədiyini edə bilir".