Əlaqə Arxiv
news Image
2014.05.27
12:00
| A A A
Avtobuslar sərnişin həyatı yenə təhlükəyə altındadır
Azər Allahverənov: «Texniki baxışın həyata keçirilməsi üçün nəzarət mexanizmi olmalıdır»

Vaxtaşırı paytaxt Bakıda avtobus qəzaları haqda məlumatlar alırıq. Bu fonda avtobusu qeyri-peşəkar sürücülərin də idarə etməsi sərnişinləri ciddi narahat edir. Hətta bəzən xətt sahibləri zəruri kateqoriya üzrə sürücülük vəsiqəsi olmayanlara belə avtobusu həvalə etməkdən çəkinmirlər. Lakin problem təkcə bununla bitmir. 

Avtobusların iştirakı ilə qəzaların sayının artmasında bəzən  bu nəqliyyat vasitələrinin texniki vəziyyətinin arzuolunan səviyyədə olmaması da özünəməxsus rol oynayır. qeyd edəkki, avtobuslar hər axşam texniki baxışdan keçməli olduğu halda, sürücülər və avtobus sahibləri buna biganə yanaşırlar. Bir çox sürücülər avtobusları yaşadığı yerə yaxın yerdə saxlayır, elə səhər də ordan birbaşa xəttə çıxır. Halbuki, sərnişindaşıma xidməti göstərən avtobusların hamısı hər gün qarajlarda və texniki qulluq məntəqələrində yoxlanışdan keçməli, mühərrik sistemi bütünlüklə mexanik tərəfindən yoxlanmalıdır. Lakin bir çox hallarda bizdə bu məsələyə etinasız yanaşılır. 

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Mövqe.az-a avtobusların texniki baxışdan keçirilməsinin vacibliyindən danışarkən bildirib: "Avtobus öz kateqoriyasına görə ictimai nəqliyyat vasitələri sırasına daxil olduğundan, gün ərzində daim dövriyyədə olur. Gün ərzində minlərlə insanın daşınması ilə məşğul olduğundan, bu artıq dolayısı yox, bilavasitə həmin avtobusların sürücülərinin, avtobusların mənsub olduqları şirkətin və həmin şirkətin fəaliyyətinə nəzarət edən dövlət qurumlarının üzərinə öhdəliklər qoymuş olur. Çünki burda söhbət insan taleyindən gedir. Gün ərzində minlərlə insan həmin avtobusun xidmətindən yararlanır. Avtobus həmin insanları ünvana sağ-salamat aparb çatdırmaqğı üzərinə öhdəlik götürür. Vətəndaşın ünvana  təhlükəsiz çatdırılması nəiki yol hərəkəti qaydalarına uyğun davranmaq, nəqliyyat vasitələrini idarə etmək, eyni zamanda həmin avtobusların istismara yararlılığı məsələsini də özündə birləşdirir. Nəzərə alaq ki, avtobuslar hər gün dövriyyədədir və gün ərzində neçə yüzlərlə kilometr yol qət edir, bu, o deməkdir ki, onun müəyyən ehtiyyat hissələri vaxtından tez sıradan çıxa bilər, digər çatışmazlıqlar yaşanar və s. Bunların hamısı baş verməsin deyə, qaydalara əsasən, hər bir avtobus gündə texniki baxışdan keçirilməlidir. 

Məsələ bundadır ki, istər avtobus şirkətləri olsun, istərsə də avtobus sürüclərinin özü, avtonəqliyyat vasitəsinin texniki baxışının keçirildiyini deyirlər. Və ictimaiyyət olaraq, mənim timsalımda ekspert dairələrinin imkanları elə də  geniş deyil ki, həmin texniki baxışın necə, nə zaman, hansı şəraitdə keçirildiyini müşahidə edək. Amma bilirik ki, texniki baxış prosesinə nəzarət edən konkret şirkətlər və dövlət qurumları var. Bu məsələdə biz onlara bir növ etibar edirik. 

İndi hər bir tərəf təbii ki bu baxışın keçirildiyini deyir. Amma bu texnikadır. Texnika istismar olunan zaman elə hadisələr yaşanır ki, bu, nə sürücünün, nə də hansısa bir şirkət nümayəndəsinin üzərində qalan bir məsələ olmur. Məsələn, avtobus yolla gedir, təkəri partlayır. Bu zaman onu hansısa texniki baxışla əlaqələndirmək düzgün deyil. Amma istənilən halda, texniki baxış effektiv şəkildə həyata keçirilirsə, bu məsələ ilə bağlı tərəflərin nəzarət mexanizmi mövcuddursa, bu, dediyimiz təhlükələri bir qədər azaltmış olar. Məlumdur ki, riski 100%  azaltmaq mümkün deyil. Ona görə ki, avtobus daim hərəkətdə olur və yolda avtobusla yanaşı, digər nəqliyyat vasitələri də hərəkətdə olur. Bundan əlavə, bizim küçələrdə, çox təəssüflər olsun ki, tikinti materiallarının, tikinti tullantılarının və s.  daşınması ilə məşğul olan yük maşınları çox zaman materialın üzərinə tent örtmədən daşıyırlar ki, onda da mismar, daş, şüşə qırıntıları, dəmir parçaları və s. asfalta dağılır. Sonradan bunlar avtobusun texniki hissəsinə, ən azından təkər sisteminə və ya digər daşıma sisteminə zərər vura bilir. Nəticə olaraq, qəza şəraiti qaçılmazdır. Amma istənilən halda, mən düşünürəm ki, texniki baxışın həyata keçirilməsi üçün nəzarət mexanizmi olmalıdır. Bu nəzarət mexanizmi bütün tərəflərin üzərində olan öhdəliklər üzrə vəzifələrin yerinə yetirilməsinə nəzarət etməlidir. Hər hansı bir vəzifənin, öhdəliyin yerinə yetirilməməsi ilə bağlı bir çatışmazlıq üzə çıxarsa, bunun dərhal aradan qaldırılmasına xidmət edən bir sistem mövcud olmalıdır. Belə olan halda, həmin təhlükə və riskləri azaltmış olarıq və insanların təhlükəsiz şəkildə təyinat  ünvanlarına çatdırılmasına nail ola bilərik".  


Sizin Reklam Yeriniz