Son illər bütün dünyada nağdsız ödənişlər genişləndiyindən, ödəmələr daha çox plastik kartlar vasitəsilə edilir. Və bununla əlaqədar plastik kartların təhlükəsizliyi məsələsinə xüsusi önəm verilir. Çünki, istifadə geniş olduğundan, şifrələrin sındırılması, hesabdan pul oğurlanması halları tez-tez baş verir. Kartın təhlükəsizliyini təmin etmək üçün müxtəlif üsullardan istifadə olunur ki, bunlardan biri də şifrə rəqəmlərini sayını artırmaqdır.
Azərbaycanda plastik kartlaın şifrələri bir qayda olaraq 4 rəqəmli olur. Təhlükəsizlik baxımından şifrələrin Avropada olduğu kimi bir qədər mürəkkəbləşdirilməsi və altı rəqəmə çatdırılması təklif olunur. Məsələyə ekspertlərin rəyi müxtəlifdir.
Belə ki, İKT üzrə mütəxəssis
Cahid İsmayıl məsələ ilə bağlı Movqe.az-açıqlamasında
bildirir ki, həqiqətən də plastik kartların şifrəsinin
dəyişdirilməsi onun təhlükəsizliyini 50% gücləndirir: "Amma
şifrə rəqəmlərinin sayı artırılarsa, gərək aparatlar,
bankomatlar da dəyişdirilsin, yenidən qurulsun. Bu, bankların
seçimidir. Hansı bank istəsə, bu yeni texnologiyanı tətbiq edə
bilər. Amma kartların təhlükəsizliyini təmin etmək üçün müxtəlif
vasitələr var. Məsələn, PİN kodlar vasitəsilə də mərhələlərlə
müştəriyə təhlükəsizliyin gücləndirilməsi təklif edilə bilər".
İqtisadçı-ekspert Samir Əliyev isə
indiki halda Azərbaycanda 4 rəqəmli şifərələrin 6 rəqəmli olaraq
dəyişdirilməsini zəruri saymadığını bildirib: "Bu, ilk baxışdan
maraqlı görünsə də, əslində, mənim fikrimcə, şifrənin 4, ya 6
rəqəmli olması ciddi fərq eləmir. O baxımdan ki, şifrəni qırmaq
istəyən haker, onsuz da bu işi peşəkar səviyyədə edir. 6 rəqəmi
açmaq, 4 rəqəmi açmaqdan daha çətin olsa da, o, bunu edə bilər.
Azərbaycanda plastik kartların şifrəsinin mürəkkəbləşdirilməsi
vətəndaşlar üçün çətinlik yarada bilər. O baxımdan ki, bizdə
nağdsız ödənişlər geniş yayılmayıb. Plastik kartların 90%-i əmək
haqqı və təqaüd kartlarıdır ki, onu da vətəndaşlar karta pul
köçürən kimi gedib bankomatdan çıxarır, nağdlaşdırırlar. Yaşlı
nəsil isə ümumiyyətlə, kartlardan istifadə etməkdə çətinlik çəkir.
4 rəqəmli şifrəni yadda saxlamaq onsuz da onlara çətindir, qaldı
ki, 6 rəqəmli olsun. Bu gün bizdə plastik kartlardan istifadə
aktual deyil deyə, hakerlərin də şifrələri sındırmaq, hesabı ələ
keçirmək halları demək olar ki, yaşanmır. Bu səbəbdən indiki halda
6 rəqəmli şifrələrin tətbiq olunması vəziyyəti, düşünürəm ki, daha
da mürəkkəbləşdirər".