Əlaqə Arxiv
news Image
2014.05.30
12:00
| A A A
Səmərəsiz dərmanlara görə fermerlərin nazirliyə müraciət etməsi tövsiyə edilir
Cəlal Quliyev: «Azərbaycanda Avropadan, Amerikadan tutmuş, Asiya ölkələrinə qədər müxtəlif yerlərdən gətirilmiş dərmanlara təsadüf etmək olar» Murtuzəli Hacıyev: «Məlumat verildikdən sonra iş dərhal nəzarətə götürülür və həmin rayonun bitki mühafizə orqanına tapşırıq verilir»

Məlumdur ki, havaların isti keçməsi ilə əlaqədar son vaxtlar təsərrüfatçılar zərərverici həşəratlardan ciddi əziyyət çəkir. Zərərvericilərin aktivləşdiyi bir vaxtda, onlara qarşı mübarizəni çətinləşdirən bir məsələ də istifadə olunan dərmanların bəzən effekt verməməsidir. 

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Cəlal Quliyev isə Movqe.az saytına açıqlamasında qeyd edir ki, bu gün Azərbaycanda Avropadan, Amerikadan tutmuş, Asiya ölkələrinə qədər müxtəlif yerlərdən gətirilmiş dərmanlara təsadüf etmək olar. Onun sözlərinə görə, dərmanlar ölkəyə özəl şirkətlər tərəfindən gətirilir: "Yəni, bununla azad sahibkarlar məşğul olur". 

Zərərvericilərə qarşı mübarizə tədbirləri dövlət tərəfindən də ciddi nəzarətə götürülüb. Bu haqda isə  Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib: "Zərərvericilərə qarşı mübarizə bu gün Fitosanitar Nəzarət Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi və ümumiyyətlə, rayon mühafizə şöbələrində tam ciddi nəzarətə götürülüb. Gördüyünüz kimi, son bir aydan artıq müddətdə Bitki Mühafizə Mərkəzi respublikada bütün çəyirtkəkimilərə qarşı mübarizə apardı və bunun qarşısını müvəffəqiyyətlə aldı. Artıq regionlarda kartof güvəsinə qarşı, eyni zamanda digər zərərvericilərə də qarşı iş aparılır, tədbirlər müvəffəqiyyətlə həyata keçirilir".

Nazirliyin nümayəndəsi vətəndaşlara dərmanlarla bağlı hər hansı problem yaşanarsa, qaynar xəttə müraciət etməyi məsləhət görür: "Təsərrüfatçılardan kim belə faktlarla qarşılaşırlarsa ki, məsələn, istifadə olunan dərman lazımi effekti vermir, ya istifadə müddəti bitib, keyfiyyətsizdirsə, bizim 16-52 qaynar xəttinə zəng vursunlar. Bununla iş dərhal nəzarətə götürülür və  həmin rayonun bitki mühafizə orqanına tapşırıq verilir". 


Sizin Reklam Yeriniz