Vaxtaşırı sürücülərin narazılığına yol açan məamlardan biri də bəzi hallarda yol nişanlarının qarşısında olan maneələrdir. Paytaxt küçələrində bəzi yol nişanları və işıqforların yaşıllıqların, reklam lövhələrinin arxasında qalması sürücülər üçün problemlər yaradır. Mütəxəsislər deyir ki, şəhər küçələrində mütəmadi monitorinqlər aparılmalı və ehdiyac olan yerlərdə budama işləri aparlımalıdır. Əgər bu yolla nişanı görünən etmək mümkün deyilsə, yeri dəyişdirilməldir. Bəzi küçələrdə isə yol nişanı və işıqforların qarşısını heç bir estetik dəyəri olmayan reklam lövhələri kəsir.
Hüquqşünas
Ərşad Hüseynov məsələ ilə bağlı Movqe.az-a bildirib ki, bu işə
nəzarət Dövlət Yol Polisinə (DYP) tapşırılıb: "Yol-Patrul
Xidməti Haqda Təlimata görə, hər bir polis əməkdaşı xidmət etdiyi
sahədə nişanların vəziyyətinə, yolun vəziyyətinə, ümumiyyətlə,
texniki tənzimləmə vasitələrinə, yəni, işıqfora, yolda çəkilən
xətlərə, bütün bunların hamısına nəzarət etməlidir. Bunlarla bağlı
hər hansı problem aşkar olunduqda məlumat verməlidir ki,
müəyyən səbəbdən yol nişanı zədə görüb, yaxud ağac budaqlanıb
nişanın qarşısını kəsib və s. Həmin məlumat əsasında Dövlət Yol
Polisinin Siqnal Xidməti var ki, həmin təşkilat bu işlərlə
məşğul olmalı, problemləri aradan qaldırmalıdır. Məsələn, ağac
nişanın qarşısını kəsibsə, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin nəzdində olan yaşıllaşdırma işinə baxan quruma məlumat
verməlidirlər ki, ağacın budağının kəssinlər və ya nişanın yerini
dəyişsinlər".
Ekspert hesab edir ki, ümumiyyətlə, nişanla bağlı bu gün ölkəmizdə ciddi problemlər var: "Məsələn, sürücülər şikayət edirlər ki, nişanı görmürük, aşıb və s. Əslinə baxanda, Azərbaycanda 10 minlərlə nişan çatışmır. Əsas problem budur. Bu işdə daha diqqətli olmaq lazımdır. Ola bilər ki, bu sahədə texniki problemlər var, maliyyə vəsaiti yoxdur, vaxt lazımdır və s. Amma bunların hamısını təşkil etmək olar. Məsələn, sürücülərdən alınan cərimələr hesabına bunları bərpa eləmək olar. Hətta cərimələrin onda biri ilə mövcud problemləri həll etmək olar".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin
ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə Movqe.az-a
açıqlamasında deyib ki, yol nişanları qaydalara uyğun quraşdırılır.
Əgər hər hansı problem yaşanırsa, bununla bağlı dərhal aidiyyatı
qurumlara məlumat verilir: "Yol nişanlarının quraşdırılma qaydaları
var. Mövcud nişanlar da bu qaydalara, tələblərə uyğun quraşdırılıb.
Bura təkcə yol nişanları deyil, işıqforlar, təhlükəsizlik
kameraları və s. aiddir ki, yaz-yay mövsümündə ağacların
yaşıllaşması bəzən yol nişanlarının, işıqforlarının, digər texniki
vasitələrin görünməsinə mane yaradır. Odur ki, bizim nəzarətimiz
altında Bakı şəhərinin inzibati ərazisi üzrə bütün
çatışmazlıqlar tərəfimizdən qeydə alınır və lazımi orqanlara
məlumat verilir. Təkcə Bakı şəhərində 70 yerdən artıq məntəqədə,
kəsişmədə, birləşmədə, qovuşmada ağacların budaqlarının artması
nəticəsində yol nişanları, isşıqforlar görünməz hala düşdüyündən,
Respublika Yol Polisinin Siqnal İdarəsi rəhbərliyinin imzası ilə
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin aidiyyatı departamentinə 30 aprel, 2014-cü il
tarixində müraciət edilib. Yəni, bu tarixdən məlumat verilib ki,
konkret ünvanlarda ağacların budaqları budanmalıdır. Bəzi
yerlərdə budama işləri artıq aparılıb. Amma bəzi yerlərdə qalır. Bu
barədə də informasiya vermişik. Reklam lövhələrinin arxasında qalan
nişanlar haqda da Bakı Şəhər İcra Hakimiyyətinə məlumat
veriləcək.
Bəhanə edilməsin ki, yol-qəza hadisələrinin artması yol nişanları ilə bağlıdır. Əsas səbəb sürücü diqqətsizliyi, piyada səhlənkarlığıdır. Qalanları sürücülər tərəfindən söylənilən bəhanələrdir. Yaxud da ki, Dövlət Yol Polisinin əməkdaşlarının əməyini aşağı salma istəyidir. Düzdür, işlər görülməlidir. Amma qanunvericiliklə hamı məsuliyyət daşıyır. Hər hansı fövqəladə hadisə nəticəsində tutaq ki, işıqfor xarab olub. Bu zaman sürücü nişanlara uyğun hərəkət etməlidir. Əgər nişan da yoxdursa, asfaltdakı xətlərə uyğun hərəkət etmək lazımdır. Burda əsas yol-hərəkət qaydalarının gözlənilməsi, sürücülərin tələsməməsidir. Sürücülər adətən görmədim, bilmədim kimi ifadələr işlədirlər. Bunların hamısı qəzaların çoxalmasına səbəb olan hallardır. Gündən-günə təhlükəsizliklə bağlı edilən tədbirlər, nəzarətin güclənməsi, cərimələrin artırılması və s. hamısı qəzaların azalmasına, yol təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, bu gün yol-qəza hadisələrində dünyasını dəyişən, həlak olan insanlar hamısı bu cəmiyyətin vətəndaşlarıdır. Bu o deməkdir ki, hər kəs öz məsuliyyətini artırmalıdır. Yoxsa, günahı sürücü yol polisinin, yol polisi sürücün üstünə atmamaılıdır. Hər kəs qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəzifəsini yerinə yetirməlidir".