Sosial şəbəkələr və bloqosfera hər bir fərdə öz fikrini maneəsiz ifadə etmək imkanı yaratmaqla, həm də tam nəzarətsiz və məsuliyyət meyarının minimal tələblərə cavab verməyən bir məkan olaraq qəbul edilir. Faktdır ki, digər üstünlükləri ilə yanaşı, bu mühitdə insanların təhqir olunması, yalan, böhtan adi hala çevrilib. Problem də məhz ondan ibarətdir ki, vətəndaşlar barələrində gedən qeyri-obyektiv və ya bəzən alçaldıcı məlumatlara qarşı təsir göstərə bilmir. Sosial şəbəkələrin bir çox hallarda dezinformasiya mənbəyinə çevrilməsi narahatlıq doğurur. Belə hallara qarşı qanunvericiliklə mübarizə aparılması əksər ölkələrdə xüsusi diqqət mərkəzindədir.
Müvəkkil Hüquq Mərkəzinin rəhbəri
Səməd Vəkilov Mövqe.az-a açıqlamasında bildirir ki, sosial
şəbəkələrdə təhqirə yol verildikdə cinayət məsuliyyəti nəzərdə
tutulur və bununla bağlı olaraq artıq bir neçə məsuliyyət məsələsi
məhkəmə qaydasında həllini tapıb: "Məsələyə qanunvericilik
kontekstində, həm də təhlükəsizlik kontekstində yanaşmaq olar.
Düşünürəm ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələyə
ciddi nəzarət etməlidir. Problem diqqətdə saxlanmalı, təhlükəsizlik
təmin edilməlidir. Sosial şəbəkədəki subyektin adından başqa adamın
saxta profillər düzəltməsi, yalan məlumatın yayılmasının qarşısını
almaq üçün qanunvericilikdə də müəyyən dəyişiklik etmək olar.
Təkmilləşdirmə aparmaq olar. Amma təkcə qanunvericilik deyil,
texniki qaydalara da riayət olunmalıdır. Çünki ola bilər ki,
kimsə məlumatı yayır, sonra silir. Nəticədə sübut eləmək olmur ki,
şəxs onu yazıb. Ona görə də, şəbəkələrin texniki baxımdan da
tənzimlənməsinə ehtiyac var".
Digər hüquqşünas Ələsgər Məmmədli də
Movqe.az-a bildirib ki, hər bir şəxs sosial şəbəkədə fəaliyyətnə
görə məsuliyyətə cəlb edilə bilər: "Əgər hər hansı şəxs öz şəxsi
səhifəsində məlumat yayırsa belə, o məlumatı özündən başqa ən
azından dostları oxuyur. Yəni məlumat artıq ictimailəşir. Buna görə
də, həmin şəxs istər-istəməz məsuliyyət daşıyır. Kimsə, məsələn,
dövlətçilik əleyhinə məlumat yayıbsa, təhqiramiz sözlərdən istifadə
edibsə, yalan məlumat yayıbsa, o, qanunvericiliyə görə, cinayət
məsuliyyətinə cəlb edilir. Bəzi insanlar elə başa düşür ki,
Azərbaycanda yaşayan və sosial şəbəkədə nəyisə paylaşan insan heç
bir məsuliyyət daşımır. Elə deyil. Əgər şəxs Azərbaycandan kənarda
yaşayırsa, onu tənzimləmək çətin ola bilər. Amma ölkə daxilində bu
problem deyil".