Əlaqə Arxiv
news Image
2014.06.04
08:43
| A A A
Sosial şəbəkələrdə böyüyən saxtakarlıq problemi
Ələsgər Məmmədli: “Şəxsin ya şəklini yerləşdirmək, ya da onu identifikasiya edəcək bir çox informasiyaları qoymaq faktiki olaraq, həmin şəxsin ad hüququnun mənimsənilməsidir”

Bu gün insan həyatını virtual əlaqəsiz, sosial şəbəkələrdən kənar təsəvvür etmək mümkün deyil. Azərbaycanda təkcə 1.2 milyon "Facebook" istifadəçisi var. Dünya üzrə isə məhz həmin sosial şəbəkənin istifadəçilərinin sayı 1 milyarddan çoxdur. İstifadəçi sayında baxdıqda bu qədər ciddiləşmiş sosial şəbəkələrdə hələ də saxta profil, saxta hesab problemi qalmaqdadır. Bəzən hansısa şəxsə sevgidən, bəzən isə məkrli məqsədlərlə idarə olunan profillər görürük. Hətta başqası tərəfindən yüksək çinli məmurların da adına açılmış profillər olur. Bunlar isə şəxsin nüfuzunə xələl gətirmə, təhqir və böhtan və sair bu kimi hallarının artmasına şərait yaradır. Hansı ki, ölkəmizdə bu gün internet informasiya resurslarında şəxsi təhqir etməyə və böhtan atmağa görə cəzalar var. Eyni zamanda məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Facebook" sosial şəbəkəsində feyk-akkauntlarla (saxta hesablar) mübarizəyə başladı. Ancaq mütəxəssislər saxta profil problemini köklü sürətdə həll edilməsini müşkül görmürlər.

Hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, bəzən fanat qruplar sevdikləri insanların dəyərlərini təbliğ etmək üçün həvəskar səhifələr yaradırlar: "Baxmayaraq ki, həmin şəxsin özündən icazə almırlar. Amma profildə adminin kimliyi göstərilirsə, burada hüquq pozuntusu yoxdur. Əlbəttə ki, həmin şəxsin şəxsi hüquqlarına zərər verməmək şərti ilə edilməlidir. Amma şəxsə zərər vermək, imicini, reputasiyasını hansısa formada gözdən salmaq üçün atılan addımlar da olur. Şəxsin ya şəklini yerləşdirmək, ya da onu identifikasiya edəcək bir çox informasiyaları qoymaq faktiki olaraq, həmin şəxsin ad hüququnun mənimsənilməsidir. Bu, hüquqən yolverilməzdir. Ən böyük problem odur ki, bu, virtual baş verir və profilin haradan yaradıldığı bilinmir. Əgər şəxsin hüquqlarını mənimsəyənin Azərbaycanda olduğunu biliriksə, o zaman ona qarşı hüquqi yolları tətbiq etmək asandır. İlk növbədə sosial şəbəkənin admininə müraciət edərək saxta profilin aradan qaldırılmasını tələb etmək olar. Eyni zamanda bununla bağlı məhkəməyə müraciət etmək də mümkündür. Ancaq şəxsin Azərbaycanda olduğundan əmin deyiliksə, ümumiyyətlə, onun İP adresi Azərbaycanda deyilsə, burada bir - həmin sosial şəbəkənin admininə müraciət etmək yolu qalır. Admin bir çox hallarda bunu qəbul etməyə bilər".

Hüquqşünas bildirdi ki, bir adamın adını mənimsəyən şəxsin Azərbaycan məhkəmələri qarşısında cavabdehlik məsələsini qoymaq çox çətindir: "Çünki, bizim qanunverciliyimiz sosial şəbəkələrin ölkələrinin qanunlarından fərqlənir. Sosial şəbəkələrin bir çoxu ABŞ qanunları ilə işləyir. ABŞ-da təhqirə, böhtana görə cinayət məsuliyyəti yoxdursa, Azərbaycanda mövcud olan cinayət məsuliyyətini ABŞ-dakı təhqir, böhtan edən şəxsə yönəltmək olmur. Burada qarşımıza ikili standarta çıxır. Sadəcə olaraq, təhqirə, böhtana görə adminə şikayət edə bilərik. Başqa hüquq yolu qalmır. Amma Azərbaycan qanunverciliyinə görə, həmin şəxsin hüquq qarşısında məsuliyyətə cəlb olunması mümkündür. Çünki, Azərbaycanda 2013-cü ildə Cinayət Məcəlləsinə dəyişiklik oldu. İnternet üzərindən olan təhqir və böhtana görə məsuliyyət var. Ayrıca "Kütləvi informasiya vasitələri haqqında" qanunun 3-cü maddəsinə görə internetdə yayılan informasiyalar KİV-də yayılmış hesab olunur. Üçüncü hal odur ki, şəxsə dəyən zərər Mülki Məcəlləyə əsasən maddi və ya mənəvi kompensasiya edilə bilir".

Ekspert bildirdi ki, sosail şəbəkələrin bəzilərində saxta qeydiyyatdan keçmə şansı yoxdur: "Çünki, profil açılarkən şəbəkə yaşadığınız ölkəni soruşur. Həmin ölkənin koduna uyğun şəkildə telefon nömrəsi istəyirlər. Profili təsdiqləmək üçün telefon nömrəsinə gələn kodu yığmaq lazımdır. Əgər Azərbacyanda olub, ABŞ-da olan telefon nömrəsi göndərilibsə, geriyə kod qayıtmayacaq və saxta profil açmaq olmayacaq. Mütləq ABŞ-da olan bir şəxs bura qatılmalıdır. Həmin şəxs qatılırsa, artıq onunla ortaqsınız. Bütün sosial şəbəkələrdə bu tip təsdiqləmə olarsa, şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmədən daha etibarlı olar. Çünki, Azərbaycanda mobil telefonlar şəxsiyyət vəsiqəsi ilə alınır. Deməli, istənilən mobil telefon qeydiyyatdan keçibsə, onun kimliyi avtomatik olaraq sistemdə var. Sistem vasitəsi ilə həmin şəxsin kimliyini müəyyən etmək mümkündür. Ona görə sosial şəbəkələr öz etibarlığını yüksəltmək üçün bundan istifadə edə bilər".

Sizin Reklam Yeriniz