İllərdir ki, aktuallağıın qoruyan məsələlərdən biri də dünyaya gəlməmiş qız uşaqlarına qarşı ayrı-seçkilik, bu məqsədlə edilən selektiv abortlardır. Ciddi demoqrafik disbalansa yol aça biləcək bu problemin həlli istiqamətində həm dövlət, həm qeyri-hökümət təşkilatları tərəfindən maarifləndirmə işləri aparılsa da, son araşdırmalar göstərir ki, yenə də vəziyyət dəyişməyib. Hətta selektiv abortlar artan xətt üzrə gedir.
Dilarə Əliyeva adına Qadın
Hüquqlarının Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayeva
bildirir ki, görünən budur ki, həyata keçirilən tədbirlər effektli
deyil. Ekspert Movqe.az-a açıqlamasında bildirib ki, daha
effektli yol bu işə görə cəzalar müəyyənləşdirilməsidir: "Bu
məqsədlə Cinayət Məcəlləsində dəyişikliklər edilməlidir. Həmin
şəxslərə ən ağır cəza verilməlidir ki, bu hala birdəfəlik son
qoyulsun. İnsanlar bu işi görməkdən çəkinsinlər. Yoxsa ki
dəyişməyən bu vəziyyət ciddi demoqrafik fərqə gətirib çıxaracaq,
qız uşaqlarının sayının sürətlə azalması ilə nəticələnəcək. Bu,
Allahın verdiyinə qarşı çıxmaqdır. Əgər belə getsə, gələcəkdə
qız uşaqlarına olan milli düşüncə tərzi dəyişəcək. Sanki onlar
2-ci, 3-cü dərəcəli məxluq imiş kimi dəyərləndiriləcəklər.
Baxmayaraq ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də gender
bərabərliyi, hüquq bərabərliyi anlayışı var və bunula bağlı
ölkəmizdə ciddi öhdəliklər, konvensiyalar, qanunlar
müəyyənləşdirilib, bunların hamısının effekti itəcək. Düşünürəm ki,
bu, ölkəmiz, cəmiyyətimiz üçün ciddi fəsadlara yol aça bilər.
İnsanları cinsə görə ayırmaq, cinsə görə münasibət bildirmək doğru
deyil. Hər bir şəxs qabiliyyətinə, düşüncəsinə, əməllərinə
görə dəyərləndirilməlidir. Belə getsə, bu meyarlar da
itəcək".
Təmiz Dünya ictimai birliyinin sədri
Mehriban Zeynalova isə bildirib ki, bu problemin qarşısını almaq
üçün ultrasəs müayinəsindən keçən qadınlara dölün cinsi barədə
abort müddətində məlumatın verilməməsi məqsədəuyğun hesab edilə
bilər. Ələxsus da bu sahədə kişilərin məlumatlandırılması olduqca
vacib şərtdir: "Cinsə görə abortun aradan qaldırılması üçün
cərimələrin tətbiqi və tibbi personalın xəbərdarlığı və ya
hazırlığı olduqca vacibdir. Son zamanlar bu sahədə müzakirələr
getsə də, hələ ki, konkret addımlar yoxdur"