Müasir tələblərə uyğun mənzillərin inşasında istifadə edilən materialların keyfiyyəti qədər, orada çalışan ustaların iş bacarığının da mühüm rolu var. Bunu nəzərə alaraq, bir sıra ölkələrdə, elə qonşu Türkiyədə də, tikintiyə yalnız sertifikatı olan ustalar götürülməsi xüsusi diqqət mərkəzindədir. Belə ki, Türkiyədə yaxın tezlikdə səlahiyyət sənədi (sertifikatı) olmayan ustalar inşaatlarda işləyə bilməyəcəklər. Ölkənin Ətraf Mühit və Şəhərsalma Nazirliyindən verilən açıqlamaya görə, keyfiyyətli və etibarlı binaların tikilməsi, bunun mütəxəssis olan insanlar tərəfindən reallaşdırılması üçün işə başlanılıb. Tikinti ustaları bu işlər çərçivəsində 1 yanvar 2012-ci il tarixindən etibarən qeydə alınır. Qeydlərə görə, Türkiyədə 302 min "Müvəqqəti Ustalıq Səlahiyyət Sənədi" olan usta var. Ölkənin Abadlıq Qanununa görə, inşaat və təsisat işlərində səlahiyyət sənədi olmayan usta işlədilə bilməz. Ustalar nazirlik və ya əlaqədar idarələrə müraciət etdiyi təqdirdə onlara "Müvəqqəti Ustalıq Səlahiyyət Sənədi" verilir. Bütün bunlarda əsas məqsəd inşaatda iş bacarığı və sənətkarlığı yüksək olan işçilərin çalışmasını təmin etməkdir. Belə vəziyyət isə öz növbəsində mənzillərin keyfiyyət göstəricilərinin də yüksək olmasına rəvac verir.
Bu mənada Azərbaycanda da belə bir təcrübədən istifadəsi zəruri sayılır.
"MBA LTD" konsaltinq şirktinin
rəhbəri Nüsrət İbrahimov Movqe.az-a bildirib ki, bizdə sertifikat
tələb olunmasa da, hər bir şəxs tikinti təhlükəsiziliyi haqqında öz
ustasından və ya o sahədə çalışan müvafiq mühəndisdən təlimat alır:
"Və həmin tikintidə təlimat jurnalı təşkil olunur. O jurnala
gündəlik, aylıq və illik qol çəkilir. Əmək Müfəttişliyi tikinti
obyektinə gələndə onu yoxlayır. Gələcəkdə Azərbaycanda da
sertifikat şərt kimi qoyula bilər. Amma məsələyə baxmaq
lazımdır. Əgər sertifikat təlimat jurnalından daha çox effekt
verərsə, bu təcrübə bizdə də həyata keçirilə bilər".
"Əmlak Bazarı
İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə isə
deyib ki, əvvəlcə ölkədəki tikinti işçilərini sertifikatlaşdırmaq,
sonra onlar arasında seçim etmək daha məqsəduyğundur: "Bu gün
Azərbaycanda hər hansı şirkətin tikinti ilə məşğul olması üçün
müvafiq lisenziyası olmalıdır. Amma təcrübədə ordakı ustaların,
çalışan işçilərin sertifikatlaşması ilə bağlı bir şey yoxdur. Amma
belə müvafiq sertifikata malik peşəkar işçilərin olması, bu
təcrübənin bizdə də tətbiqi məqsədəuyğun olardı. Ən azından o zaman
binaların təhlükəsizliyi ön plana çəkilmiş olardı. Bundan başqa,
tək o yox, mən düşünürəm ki, bizim ustalarda beynəlxalq
təcrübələrin olması, onlarla bağlı sertifikatların olması da yaxşı
olardı. Bu gün bizdə bir çox hallarda iş zamanı bir sıra xarici
korporativ şirkətlərlə əməkdaşlıq edir, onların işçilərini dəvət
edirlər. Bu, bir növ beynəlxalq təcrübənin Azərbaycanda
tətbiq olunmasıdır. Amma bir yandan da, puulun xaricə axmasıdır.
Bunun qarşısı alına bilər. O yolla ki, bizim ustalarımız,
işçilərimiz xaricə göndərilə, müvafiq kurslardan keçə bilə,
sertifikat ala bilərlər. Nəzərə alanda ki, bu gün Azərbaycan
vətəndaşına verilən məvaciblə, əcnəbi ustaya verilə məvacib
arasında 3-4 qat fərq var, bu vəsaiti sertifikat almış öz
ustalarımıza da versək, pul da özümüzdə qalmış olar. Beləliklə,
xaricə gedən pul axınının qarşısını almaq olar. Əgər
kadrların yetişdirilməsinə diqqət yetirilsə, bizim ustalarımız da
ortaya beynəlxalq standartlara malik işlər qoya bilərlər. Bunun
üçün ümid edək ki, işlər görülür. Növbəti illərdə, çox güman ki,
daha yaxşı nəticələr görəcəyik. Son illər ümumiyətlə,
Azərbaycanda böyük layihələr həyata keçirilir. Bunlar hamısı onun
göstəricisidir ki, bunlar bizim beynəlxalq təcrübəmizdə də
öyrənilir. İndiyə kimi ehtiyac olmayıbsa da, bugünkü böyük
layihələr onu göstərir ki, doğurdan da belə mütəxəssislərə
kadr potensialına tələbat var. Bunun üzərində işlər gedəcək və
sertifikatı olan ustaların sayı çoxalandan sonra onlar arasında
seçim etmək olacaq. Seçim yaranacaq ki, məsələn, bazarda 100
işçi var, bunun 20-si sertifikatlıdır, 80-i sertifikatsız. Bu 80-ni
də sertfiktalaşdıraq və işin daha mükəmməl olması üçün onlardan
istifadə edək. Amma təəssüf ki, hazırda belə seçim yoxdur. Belə bir
şəraitdə bu cür təkliflə çıxış etmək işi dayandırmaqla nəticələnə
bilər. Bu baxımda, işi mərhələli şəkildə eləmək lazımdır. Əvvəlcə
sertifikatlaşdırmaq, sonra seçmək.. "