Əlaqə Arxiv
news Image
2014.06.18
11:26
| A A A
Uşaq əməyindən istifadə halları davam edir
Pərviz Əliyev: «Uşaq əməyindən ən çox ailə təsərrüfatlarında və sosial xidmət sahələrində istifadə olunur» Yusif Bəkirov: «Məktəblərdə pullu təhsildən tamamilə pulsuz təhsilə keçmək lazımdır»

Bü gün bütün dünyada aktual problemlərdən biri uşaq əməyindən istifadədir. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, indi bütün dünyada 250 milyondan çox 5-14 yaşlı uşaq işləməyə məcburdur. Azərbaycanda da müxtəlif sahələrdə azyaşlı uşaqların çalışdığı sirr deyil. Xüsusən də oğlan uşaqları görürsən ki, bazarlarda yük daşımaqla, marşrut və avtobuslarda konduktorluq, çayxanalarda ofisiantlıq etməklə məşğul olurlar. Daha çox maddi imkanları aşağı olan ailələrin uşaqları əmək fəaliyyəti ilə məşğul olurlar. 

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin baş məsləhətçisi Pərviz Əliyev məsələ ilə bağlı Movqe.az-a açıqlamasında bildirib ki, bizdə uşaq əməyindən ən çox ailə təsərrüfatlarında və sosial xidmət sahələrində istifadə olunur: "Nə qədər uşaq əməyindən istifadə olunduğunu hesablamaq, qeydə almaq isə çətindir. Ona görə ki, çox vaxt uşaqlar regionlarda, ailə təsərrüfatında valideynə kömək məqsədilə çalışırlar. Eyni zamanda ən çox uşaq əməyindən sosial xidmət sahələrində istifadə olunur. Bunu isə istismar yalnız o zaman saymaq olar ki, bu iş uşağın təhsildən yayınması ilə nəticələnsin. Əslində, uşaq əməyi qanunidir. Lakin yalnız 15 yaşdan yuxarı uşaqlar müəyyən şərtlər altında çalışa bilər. Belə ki,  bu fiziki cəhətdən ağır iş olmamalıdır, uşaq işə görə təhsildən yayınmamalıdır və yaxud da onun sağlamlığına ziyan verəcək bir iş olmamalıdır. Qanunvericiliyə görə bu hallar xaricində uşaq çalışırsa, məsələn, yaşından ağır iş görürsə, dediyim kimi, məktəbdən uzaqlaşıbsa, bu, artıq istismar sayılır. Biz 2012-ci ildə təhsildən yayınma ilə bağlı sorğu aparmışdıq. Aydın oldu ki, bizdə əməyə görə təhsildən yayınma halları elə də kütləvi deyil. Araşdırma bir neçə rayon üzrə aparılmışdı. Böyük rəqəmlər ortaya çıxmasa da, fakt varsa, ona qarşı mübarizə aparmaq lazımdır". 

Komitə üzvü problemə qarşı valideynlər arasında geniş maarifləndirmə işlərinin aparıldığını deyib: "Biz bu istiqamətdə digər qurumlarla, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə çalışırıq. Aparılan işlər daha çox maarifləndirmə xarakterlidir. Bu işdə ən çox valideynlər məsuliyyət daşıdığından, maarifləndirmə əsasən valideynlər arasında aparılır. Düşünürəm ki, əgər bu işlər davam edərsə, problemi müəyyən dərəcədə həll etmək olar". 

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov da bu gün Azərbaycanda uşaq əməyindən istifadə olunmasının səbəblərindən danışıb: "Azərbaycanda sosial problemlər olduğu müddətcə belə hallara rast gəlinəcək. Məsələnin digər tərəfində təhsillə bağlı problem

lər dayanır. İndi məktəbə qəbul üçün də uşaqlar imtahan verməli olurlar. Uşaq imtahandan keçsin deyə, valideyn məcbur olur ki, əlavə pul verib uşağı hazırlığa qoysun. Həm də heç də bütün məktəblərdə verilən təhsil kifayət qədər keyfiyyətli deyil ki, uşaq bu təhsillə ali məktəbə qəbul ola bilsin. Valideyn məcbur olur ki, övladını repetitor yanına göndərsin. Üstəlik ali məktəbdə təhsil almaq da asan məsələ deyil. Bu gün universitetlərdə  təhsil əsasən ödənişlidir. Hər valideynin də imkanı çatmır ki, bütün bunları eləsin. Ona görə də, bunu gözə alaraq düşünürlər ki, əgər oxuda bilməyəcəmsə, yeganə yol əməyə öyrətməkdir. Beləliklə, uşaqlar başlayırlar balaca yaşından işləməyə. Reallıq budur. Yəni, problemin əsasında bir tərəfdən sosial, bir tərəfən iqtisadi problemlər dayanır. Məktəbdə təhsil almaq da tam pulsuz başa gəlmir. Fond pulu olsun, müllimlər günündə, bayramlarda müəllimlərə hədiyyə olsun, bütün bunlar xərc tələb edir. Məktəblərdə pullu təhsildən tamamilə pulsuz təhsilə keçmək lazımdır. Eyni zamanda təhsil o səviyyədə olmalıdır ki, valideynlər artıq bilsinlər ki, uşaq orta məktəbi bitirməklə ali məktəbə daxil ola bilər. Təhsil keyfiyyətli olmalıdır ki, uşaqlarda təhsildən erkən uzaqlaşıb əmək fəaliyyəti ilə məşğul olmasınlar". 


Sizin Reklam Yeriniz