BDU-nun tələbəsinin qiymətini kəsiblər
Bakı Dövlət Universitetinin tarix fakultəsinin 1-ci kurs
tələbəsiFidan Muradova təhsil aldığı universitetdə qiymətinin
kəsilməsi ilə bağlı Movqe.az-ın 449-82 44
nömrəli "Qaynar Xətt"inə zəng edərək məlumat verib. Tələbə bildirib
ki, müəllimə fərdi işinə görə ona 5 bal qiymət yazsa da, bunu
fərdi iş jurnalına əlavə etməyib. Qiymət jurnala əlavə
olunmadığından tələbəyə yazılan qiymət nəzərə alınmayıb: "Axı bu
mənim günahım deyil. Müəllim fərdi işimə 5 bal yazıb. Qrup
nümayəndəsi qiyməti jurnala qeyd etmədiyindən mənim qiymətim nəzərə
alınmayıb. Məsələ ilə bağlı Tədris Elektron Mərkəzinə müraciət
etsəm də, onlar qiyməti bərpa etməyin mümkünsüz olduğunu
söylədilər. Bildirdilər ki, müəllimin və qrup nümayəndəsinin səhvi
üzündən bu cür problem yaranıbsa, onlar da bu səhvi
düzəltməlidirlər".
Movqe.az məsələyə aydınlıq gətirmək məqsədilə BDU-nun tarix fakultəsinin dekanı Azad Rzayevlə əlaqə saxlayıb. A. Rzayev Movqe.az-ın əməkdaşına əvvəlcə bu problemə müdaxilə etməməyi məsləhət görərək ölkənin daha böyük problemləri ilə məşğul olmağı tövsiyyə edib: "Sizin işiniz universitetdə hər kiçik məsələyə görə mənim vaxtımı almaq yox, daha böyük problemləri işıqlandırmaqdır. O tələbəyə gəlincə, hər kəs cəzasını alacaq. Tələbə də, müəllim də, qrup rəhbəri də. Hər kimin günahı varsa o da cəzalandırılacaq. O tələbəyə də köməklik olunacaq. Əlbəttə məsələ tam araşdırıldıqdan sonra. Məndə olan məlumata görə, o tələbədə də az günah yoxdur".