Yolunu bazarlardan salanların böyük əksəriyyətinin narazılığına yol açan hallardan biri də çəkidə aldanmaları ilə bağlıdır. Bir tərəfdən bazarlarda sanitariya qaydalarına kifayət qədər əməl olunmaması insanları bazardan uzaq salırsa, ikinci bir bəzi satıcıların çəkisilə bağlı müştəriləri aldatması hallarına hələ də rast gəlinir.
Azad İstehlakçılar Birliyinin
sədri Eyyub Hüseynov Movqe.az-a açıqlamasında problemin kökündə
duran səbəbin qanunvericiliklə bağlı olduğunu deyib: "Bu,
qanunvericilikdəki çatışmazlıqlarla bağlıdır. Çünki cəmiyyəti,
dövləti qanunlar idarə edir, insanlar yox. İstehlakçıların
hüquqlarının pozulması qanunlar kompleksi və qanunların icrasına
nəzarəti həyata keçirən dövlət orqanlarının fəaliyyətinin zəif
olmasından irəli gəlir. Dövlətin birmənalı şəkildə biznesin inkişaf
etdirilməsi siyasəti var. Lakin biznesi də, digərlərini də
saxlayan istehlakçıların mənafeyinin qorunması siyasəti
zəifdir. Bu, birinci məsələdir.
İkincisi, Azərbaycanda məhsulların orta çəkisi təxminən 1 kq 800 qr həcmindədir. Bazarlar insanların ən çox aldadıldıqları yerlərdir. Bizdə nümunələr var ki, xüsusən rayon yerlərində tərəzinin gözünə çəki daşı əvəzinə daş-kəsək, hətta bəzi hallarda xiyar, badımcan da qoyurlar. Bu tərəvəzlər də ki səhər iri olur, gün ərzində solur, kiçilir. Bu da müştərini məcbur edir ki, cibində tərəzi gəzdirsin. Bu, o deməkdir ki, vətəndaş taksiyə minəndə də gərək yolu hesablamaq üçün cihaz götürsün özüylə".
Eyyub Hüseynov bazarlarda nəzarət tərəzilərinin qoyulmasını zəruri sayır: "Təssüf ki bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ildə yalnız bir dəfə yoxlamalar keçirir. Və qoyulan tələblər məcburi xarakter daşımır. Gərək tərəzi sahibləri özləri qeydiyyatdan keçsinlər, daşlar damğalansın, elektron tərəzilər yoxlansın və s. Ona görə də istehlakçıların aldadılması halları tez-tez baş verir. Xüsusən kənd təsərrüfatı yarmarkaları təşkil olunandan bəri bizə çoxsaylı şikayətlər gəlir. Gərək yarmarka, bazar və dükanlarda xüsusi nəzarət tərəziləri olsun. Lakin bunlara demək olar ki, heç yerdə rast gəlmək mümkün deyil".
Hüquqşünas Əlməmməd Nuriyev də
verdiyi açıqlamada məsələyə münasibət bildirdi. Hüquqşünas
bazarlarda xüsusi nəzarət qruplarının yaradılmalı olduğunu deyir:
"Çox təəssüf ki, istər bazarlarda, istər yarmarkalarda belə hallar
müşahidə edilir. Hər şeydən əvvəl bu yarmarkaları təşkil edən
qurumlar məsələ haqda ciddi düşünməlidirlər. Yaxşı olar ki, xüsusi
nəzarət qrupları yaradılsın. Bu qrupların tərkibində də təkcə rəsmi
nümayəndələr yox, eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri
də olsun. Bundan əlavə, gərək bazarlarda təsadüfi yoxlamalar
keçirilsin. Bununla bazardakı real vəziyyəti öyrənmək olar.
Eyni zamanda İqtisadiyyat və Sənaye Nazirliyinin
müvafiq departamenti bu işə müəyyən qədər nəzarət həyata keçirə
bilər. Çünki bu, birbaşa olaraq istehlakçı hüquqlarının müdafiəsi
ilə bağlı məsələdir".
Onun sözlərinə görə, həm satıcılar, həm alıcılar arasında aparılan maarifləndirmə işləri də burada önəmli ropl oynayır: "Bununla yanaşı, həm satıcı, həm alıcılar arasında maarfləndirici bukletlər paylana bilər. Bununla insanları məlumatlandırmaq olar ki, çəkiylə bağlı aldatma baş verərsə, onları nələr gözləyir. Eyni zamanda həmin ərazilərdə lövhələr də vurula bilər ki, burda istehlakçı hüquqlarını əks etdirən məlumatlar olsun. Beləliklə, bir tərəfdən nəzarət tədbirlərinin həyata keçirilməsi, digər tərəfdən də maarifləndirmə işləri, düşünürəm ki, problemə son qoya bilər".
Qeyd edək ki, müştərini aldadan hər bir şəxs buna görə məsuliyyət daşıyır. Bununla bağlı həm istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müddəalarda, həm İnzibati Xətalar Məcəlləsində və eyni zamanda Cinayət Məcəlləsində də qeydlər var.