Mövsümü yetişmədən artıq bazarlarda, yol kənarlarında qarpız və yemiş satılır. Alıcısı da kifayət qədərdir. Lakin edilən rəsmi xəbərdarlığa görə, tərkibində gübrənin çox olduğuna görə orqanizmə verə biləcəyi zərər nəzərə alınaraq, əhaliyə hələ ki, bu məhsullardan uzaq durmaq məsləhət görülüb. Gigiyena və Epidimiologiya mərəkəzi əhaliyə xəbərdarlıq edir ki, qarpız və yemiş alarkən diqqətli olun. Alıcılar isə indiki vaxtda alınan qarpızlarda sululuğun üstünlük təşkil etdiyini və tez xarab olduğunu deyirlər. Yüksək miqdarda gübrələnmənin nəticəsində qarpız və yemişdə nitratın artıdığını deyən ekspertlər əhaliyə xəbərdarliq edir ki, xüsusilə iyun ayında qarpız və yemiş almaqdan çəkinsinlər.
Həkim Adil Qeybulla Movqe.az-a
açıqlamasında bildirib ki, qarpız, yemiş kimi bitkilərdən indiki
vaxtda istifadə zəhərlənmələrə gətirib çıxara bilər: "Ümumiyyətlə,
Günəş altında, açıq havada heç bir ərzaq məhsulunun saxlaması
məsləhət görülmür. Hər bir ərzağın istehsalından, tədarükündən
tutmuş, istehlakına qədər bütün dövriyyə prosesi, saxlanma
qaydaları, utilizasiyası üçün konkret parametrlər var ki, bunlar
ciddi şəkildə gözlənilməlidir. Bu parametrlər gözlənilmədikdə təbii
ki, problemlər ortaya çıxacaq. Qida keyfiyyəti itər, çürüyə bilər,
tərkibində mikroorqanizmlər baş qaldıra bilər ki, bu da orqanizm
üçün zərərlidir. Nəzərə almalıyıq ki, qarpız-yemiş kimi bitkilər
xüsusən akumilyasiya effektinə malik olan, yəni müxtəlif
gübrələrin, digər zərərli maddələrin, pestisidlərin və s.
toplanma xüsusiyyəti yüksək olan bitkilərdir. Ona görə də bu
meyvə və tərəvəzlərdən zəhərləmə halları daha çox baş verir.
Xüsusən də indiki vaxtda gübrələrdən istehsalda daha çox istifadə
olunduğu bir şəraitdə zərərli maddələrin tərəvəzlərin tərkibində
toplanması daha çox baş verir ki, bu da hər bir şəxsin sağlamlığı
üçün çox zərərlidir. Belə ki, bu, birbaşa zəhərlənməyə gətirib
çıxara bilər.
Sovet hakimiyyəti illərində bir müddət sağlamlığa təsiri baxımından pestisidlərdən istifadə tamamilə qadağan olunmuşdu. İndi də bununla bağlı tədbirlər mütləq görülməlidir. Ümumdünya Səhiyyə Təşkilatının gigyena ilə bağlı qoyduğu konkret parametrlər, normativlər var ki, həmin göstəricilərdən kənara çıxılmamalıdır".
Bu meyvə və tərəvəzlərdən geniş istifadə olunan yerlərdən biri də restoranlar, şadlıq sarayları, kafelərdir. Görəsən, bu məkanlarda qarpız, yemiş kimi məhsulların zəhərlənməyə yol aça biləcəyi nəzərə alınırmı? Təhlükəsizlik cəhətdən hansısa işlər görülürmü? Çünki belə yerlərdə bir qarpız onlarla insanı zəhərləyə bilər.
Gigiyena və Epidemiologiya
Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyir ki, bu cür yerlərdə
təhlükəsizlik xüsusilə qorunmalıdır. Amma faktiki olaraq hər
restoran bunu eləmir. Şöbə müdiri Movqe.az-a açıqlamasında deyib
ki, biz də şikayət yoxdursa, gedib o obyektlərdə yoxlanış apara
bilmərik: "Qarpız, yemiş satılırsa, restoran da əlbəttə ki, alıb
ondan istifadə edəcək".
İmran Abdullayev yenə də əhaliyə ehtiyatlı olmağı məsləhət gördü: "Biz sadəcə olaraq, xalqa müraciət edirik ki, ehtiyatlı olsunlar. Vaxtından əvvəl bu məhsullardan istifadə məsləhət deyil. Çünki bu məhsulların tərkibində nitrat maddəsi çoxdur. Bu da zəhərlənmələrə yol aça bilər deyə, istifadəsi məsləhət deyil".