Bu günlərdə verdiyi açıqlamada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda gənclərin məşğulluq məsələsi ilə bağlı maraqlı məqamlara toxunub. Nazir bildirib ki, bu gün ölkədə 40% ali təhsilli gəncə əmək bazarında yer yoxdur. "Əsasən 25-29 yaş arası gənclərə tələbat vardır, lakin 25 yaşdan aşağı gənclərin işə düzəlməsi müəyyən çətinliklərlə üzləşir". Ekspertlər Movqe.az-a açıqlamalarında ölkədə mövcud bu şəraiti şərtləndirən səbəblər, həll yolları haqda danışıblar.
İqtisadi və Sosial İnkişaf
Mərkəsinin rəhbəri Vüqar Bayramov ali məktəbi yeni bitirən
gənclərin işsiz qalmasının əsasə səbəblərindən biri kimi,
Azərbaycanda məzunların sayının iş yerlərinin sayından çox olmasını
göstərir: "Adətən, yüksək ixtisaslı, yaxşı universitetlərdə təhsil
almış gənclər iş tapmaqla bağlı ciddi problem yaşamırlar. Amma
nəzərə alaq ki, bu gün ali məktəblərdə təhsil alan gənclərin sayı
həddən artıq çoxdur və bu məzunların qeyd olunduğu kimi, çox
təəssüf ki, heç də hamısı işlə təmin edilə bilmir. Bu, onunla
bağlıdır ki, Azərbaycanda ixtisasların iş yerlərinin sayına
uyğunlaşdırılması tətbiq olunmur. Məzunların sayı iş yerlərinin
sayından çox olduğu üçün gənclər iş tapmaqda çətinlik
çəkirlər".
İqtisadçı bildirib ki, digər tərəfdən ölkəmizdə problem təhsilin keyfiyyəti ilə bağlıdır: "Əksər yerli ali məktəblərdə təhsilin keyfiyyətinin ürəkaçan olmaması orada oxuyan gənclərin məzun olduqdan sonra qısa zamanda işlə təmin olunmasına mane olur. Üçüncü tərəfdən isə, biznes sahibləri adətən daha təcrübəli şəxslərə üstünlük verirlər ki, bunlar da adətən 25 yaşdan yuxarı şəxslər olurlar. O baxımdan bu, yeni məzun olan gənclərin işlə təmin olunmasında müəyyən problemlər yaradır".
Ekspert hesab edir ki, problemin həlli yolu birbaşa olaraq təhsilin keyfiyyətinin artırılmasıdır: "Təhsilin keyfiyyətinin artırılması, universitetlərdə daha yüksək keyfiyyətli məzunların hazırlanması imkan verəcək ki, onlar universiteti bitirdikdən sonra qısa zamanda iş tapa bilsinlər. Ən əhəmiyyətli məqamlardan biri də təhsil alan zaman tələbələrin ixtisasları ilə bağlı praktikadan keçməmələridir. Halbuki, bu, olduqca önəmlidir. Çox təəssüf ki, Azərbaycanda təhsil müəssisələrinin əksəriyyətində praktikaya ciddi yanaşılmır. Təhsil alan gənclərin praktika keçməmələri onların universiteti bitirənədək peşəkarlaşmasına imkan vermir. O baxımdan praktika müddətinin genişləndirilməsinə və ciddi şəkildə tətbiqinə ehtiyac var ki, gənclər univeristeti bitirəndən sonra işlə təmin oluna bilsinlər".
Əmək
Hüquqları Liqasının sədri Sahib Məmmədov da məsələ ilə bağlı
münasibət bildirib. Onun sözlərinə görə, gənclərin işsiz qalmasının
səbəbi universitetlərdə onlara kifayət qədər praktika
keçilməməsidir: "Məsələ ondan ibarətdir ki, bu gün Azərbaycanda
gənclərin əmək bazarına çıxış imkanları çox böyük problemdir. Səbəb
isə odur ki, Azərbaycan təhsilinin praktika ilə əlaqəsinin olmaması
ona gətirib çıxarır ki, işə götürənlər diplom almış məzunlara
təcrübəsiz, işi bacarmayan subyektlər kimi baxırlar. Yəni bir
nömrəli problem təhsilin keyfiyyəti ilə bağlıdır. İşə götürənlər
bizim universitetlərə güvənmirlər. Məsələn, deyəndə ki, Harvard
Universitetini bitirmişəm, onda heç bir sual vermədən işə qəbul
edərlər. Həm də yüksək maaşla. Çünki xarici universitetlərə güvən
var. Amma bizim universiteti bitirən gəclərdən söhbət gedirsə, işə
götürən əmin deyil ki, bu işçi sabah onun işini görə biləcək, ya
yox. Çünki belə gənci işə götürəndə onu öyrədir, işçi formasına
gətirir, sonra o çıxıb başqa işə gedir. Ona görə də işə
götürən işçiyə onun təcrübəsi üçün artıq xərc çəkmək istəmir. Əsas
problem burdan qaynaqlanır".
İkinci tərəfdən gənclərin işsiz qalmasının bir səbəbi də Azərbaycanda peşə təhsili sisteminin bərbad vəziyyətdə olmasıdır: "Vacib deyil ki, hamı ali təhsil alsın. Peşə təhsili alıb yaxşı ixtisaslı fəhlə kimi yetişən gənclər çox azdır".