Əlaqə Arxiv
news Image
2014.07.02
11:25
| A A A
Keyfiyyətsiz dərman təhdidi səngimir
Şəmsiyyə Namazova: «Saxta dərman qəbulu orqanizmdə allergiyadan tutmuş, anafilatik şoka, ölümə qədər gətirib çıxara bilər» Rasif Bağırov: «Dərman saxtadırsa, deməli, bu, tam təmizlənməmiş, insan orqanizminin qəbul edəcəyi səviyyəyə gəlməmiş dərman molekulasıdır»

Araşdırmalar göstərir ki, hələ də dünya bazarlarında saxta dərmanlardan istifadə dairəsi  genişlənməkdədir. Dünyada saxta dərman dövriyyəsi 20-60 faiz arasında dəyişir. Saxta dərmanlar kateqoriyasına həm də keyfiyyəti aşağı olan dərmanlar da aid edilir. Azərbaycanda da dövriyyədə saxta dərman olması danılmaz həqiqətdir və buna qarşı mübarizə aparılır. Lakin istənilən nəticənin əldə olunmasından danışmaq hələ çox tezdir.

Belə iddialar da səslənir ki, xaricdən ölkəyə dərman preparatları sifariş edən bəzi firmalar istehsalçı şirkətlə anlaşaraq, bir flakon dərmanın tərkibində olan vacib elementi bir neçə flakona qatmaqla dərmanın təsir keyfiyyətini aşağı salır. Xəstəliyin sağalması üçün gərəkli olan maddənin dozası azaldıqca keyfiyyət də aşağı düşür. Belə olan halda qəbul edilən dərman da öz effektivliyini itirir. Keyfiyyətsiz dərmanlarla bağlı çoxdan həyəcan təbili çalınır.

Məsələ həm də ondadır ki, saxta dərman digərindən heç bir xüsusiyyətinə görə görünüşcə fərqlənmir. "Nəticədə adi vətəndaş onu keyfiyyətli dərmandan fərqləndirə bilməz. Saxta dərman qəbulu isə orqanizmdə allergiyadan tutmuş, anafilatik şoka, ölümə qədər gətirib çıxara bilər". Bunu Movqe.az-a açıqlamasında həkim Şəmsiyyə Namazova deyib.  Həkim bildirir ki,  biz həkim olaraq hansı dərmanların saxta olduğunu deyə bilmərik: "Biz sadəcə olaraq, xəstəyə təyinat veririk ki, hansı dərmanları qəbul etməlidir. Əgər dərman saxtadırsa, keyfiyyətsizdirsə,  bir sıra fəsadlar yaşana bilər. Əvvəla belə olan halda xəstəyə elədiyimiz müalicə effekt vermir. Ya effekt  uzun müddətdən sonra alınır. İkinci halda isə,  elə hallar ola bilir ki, dərmanın tərkibinə daxil olmalı olan hansısa maddə çıxarılır, ya əlavə olunur.  Bu zaman xəstənin ümumi bioloji sistemində allergik reaksiyalar baş verir. Səpkilər, durğunluq, ürəkbulanması, qusma halları, hətta anafilaktik şoka qədər gətirib çıxara bilər bu dərmanlar. Olur ki, xəstə özü həkim təyinatı olmadan gedib hansısa dərmanı alır. O zaman da dərman bu kimi effektləri verə bilər. Dediyimiz kimi, allergik reaksiyadan anfilaktik şoka qədər ciddi fəsadlar yaşana bilər".  

Həkim Rasif Bağırov da saxta dərmanların orqanizm üçün törədə biləcəyi təhlükələrdən danışıb: "Saxta dərmanların hazırlanması doğurdan da insan orqanizmi üçün çox böyük təhlükələr yaradır. Elə hallar yaşana bilər ki, insanı anında məhv edə də bilər. Əgər dərman saxtadırsa, deməli, bu, tam təmizlənməmiş, insan orqanizminin qəbul edəcəyi səviyyəyə gəlməmiş dərman molekulasıdır. Kifayət qədər təmizlənmədiyi, dərman halına düşmədiyindən orqanizm üçün antigen rolunu oynayır. Antigen isə orqanizm üçün zəhərli olan bir maddədir. Bu maddənin orqanizmə daxil olması anafilatik şok yarada bilər.  Xəstələr bu şokla yerindəcə məhv ola bilərlər. İkinci bir tərəfdən lazımi səviyyədə hazırlanmayan dərman preparatı orqanizmdə böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı kimi problemlər yarada bilər. Qaraciyərdə kəskin çatışmazlıq verərsə, bu qaraciyər komasına gətirib çıxarar ki, nəticədə ölümlə nəticələnə bilər.  Kəskin böyrək çatışmazlığı da insan tələfatına gətirib çıxara bilər". 


Sizin Reklam Yeriniz