Əlaqə Arxiv
news Image
2014.07.03
08:57
| A A A
Dövriyyədə radiasiyalı pullar var
Adil Qəribov: “Rusiyada o qədər reaktorlar var ki, başı çıxan adam əskinası radioaktivləşdirə bilər” Fərhad Bayramov: “Radioaktiv çirklənməyə məruz qalma ölkənin özündə nüvə enerjisi ilə bağlı məsələdir”

Rusiya bankirləri ölkənin Mərkəzi Bankına müraciət edərək onları pul nişanlarının radioaktiv çirklənməyə məruz qalıb-qalmadığını yoxlamaqdan azad etməyə çağırıblar. Bankirlər bildirir ki, bu proses onları xeyli miqdarda əlavə xərcə salır. Təbii ki, burada maraq doğuran məqam radioaktiv pulların olması faktının özüdür. Təbi ki, təhlükə mənbəyi olan belə aullar onu daşıyan şəxsin səhhətində də ciddi problemlər yaratmaq iqtidarındadır. Belə halların mövcudluğu ölkəmiz üçün də narahatlıq yaratmaya bilməz. Eyni zamanda Azərbaycana müxtəlif ölkələrdən böyük həcmdə fərqli valyutaların daxil olduğunu nəzərə alsaq, bütün bunlar məsələnin diqqətdə saxlanılmasını vacib edir. Mövzu ilə bağlı gün ərzində Azərbaycan Mərkəz Bankının mövqeyini öyrənməyə çalışsaq dp, səylərimiz nəticə vermədi. Baş bank gün ərzində bu məsələ ilə bağlı sualımızı cavablandırmadı. Ancaq mütəxəssislər hələlik ölkəmiz üçün radiasiyalı pular təhlükəsinin olmadığını bildirirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru, kimya elmləri doktoru, professor Adil Qəribov öncə bildirdi ki, konkret manatda belə bir problem gözləmək olmaz: "Birincisi, həmin kağızların hamısı xüsusi nəzarətdən keçir. Manat sərhəddən keçəndə yoxlanılır. Eyni zamanda xaricdə pul həm bakterioloji, həm də digər kimyəvi təsir baxımından xüsusi standartlara uyğun buraxılırlar. Ona görə də onların yenidən yoxlanılmasına lüzum yoxdur".

Professor bildirdi ki, radioaktivləşdirmə yalnız xüsusi enerjili şuüalarla olur: "Nüvə proseslərinin aparılması üçün 10 milyon elektron voltluq enerjili təsir olmalıdır. Bu enerjili hissəsciklər də ümumiyyətlə, Azərbaycanda yoxdur. Ona görə də pulun radioaktivləşməsi ehtimalı yoxdur. Rusiyada o qədər reaktorlar var ki, başı çıxan adam əskinası radioaktivləşdirə bilər. Amma Azərbaycanda belə imkan yoxdur. Kağızın üzərində əsasən sellozadır. Sellozanın üzərinə müəyyən maddələr vurulur. Həmin maddələrin tərkibi yüngül elementlərin izotpolarıdır. Onlar isə tez parçalanır. Ona görə də əskinas işlədikcə və adi təsirlər olduğu üçün orada radioaktivləşmə prosesi gedə bilməz. Pulun üzərində radioaktiv maddənin qalma ehtimalı yoxdur. Əgər əskinas şüalandırılarsa, toz halına düşür. Pul dövriyyədədirsə, mexanizki davamlıdırsa, heç bir təsirə məruz qalmır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramov bildirdi ki, əskinasların aşınma prosesi illər üzrə özünü açıq şəkildə göstərir: "Mərkəzi banklar tədavüldə olan əskinasların keyfiyyəti pozulmasının aradan qaldırılması ilə bağlı tədbirlər görür. Əskinaslar müəyyən keyfiyyətə əsasən hazırlanır. Hər bir əksinas üçün tədavüldə olacaq müddət hesablanır. Bunlar da beynəlxalq standartlara əsaslanır. Kağız əskinasların istehsal olunduğu ölkələr məhdud saydadır. İstənilən ölkədə pul istehsal olunmur. Əskinaslar ekoloji, fiziki, təhlükəsizlik baxımdan müəyyən standartlara cavab verir. Yeni manatın köhnə ilə manatla müqayisədə keyfiyyəti yüksəkdir. Radioaktiv çirklənməyə məruz qalma ölkənin özündə nüvə enerjisi ilə bağlı məsələdir. Azərbaycanda nüvə enerjisi ilə işləyən stansiya yoxdur. Əgər kağız əskinaslar radioaktiv çirklənməyə məruz qalırsa, bu, həyacan siqnalı çalır ki, həmin ölkədəki vətəndaşların səhhətlərində problem yarana bilər. Kağız əskinasın insan əli dəymədən hərəkət etməsi mümkün deyil. Azərbaycanda əskinaslarda radioaktiv yoxlanılmanın aparılmasına ehtiyac yoxdur. Belə yoxlama aparmaq olar, amma burada radioaktiv çirklənməni gözləmək olmaz. Çünki, Azərbaycanda nüvə enerjisindən istifadə olunmur. Ancaq yoxlamanın aparılmasına tamamilə etiraz etmək də olmaz. Belə yoxlamalar texniki problem yarada bilər. Çünki, proses bahalı işdir. Ona görə də kağız əskinasdansa, havanın yoxlanılması daha məqsədəuyğundur".

Azərbaycan manatı radiasiyalı olmasa da, qeyd olunduğu kimi xaricdən ölkəmizə müxtəlif həcmdə müxtəlif valyutalar daxil olur. Onların da nə dərəcədə radiasiyalı olub-olmadığını müəyyənləşdirmək təhlükəsizlik baxımından mühüm önəm kəsb edir.

Sizin Reklam Yeriniz