Bu gün şəhərin demək olar ki, hər yerində, istər yaşayış binalarının, istər yeni inşa edilən hansısa inrafsturkturun, məsələn körpülərin dayaqlarında, istər digər obyektlərin üzərində, dirəklərdə, ağacların üzərində kağız elanlarına yenə də rast gəlirik. Səliqəsiz şəkildə hər yerdə yapışdırılan bu elanlar şəhərin görüntüsünü də pozur. Ümumiyyətlə, paytaxt küçələrində reklam və elan kağızlarının harada və necə gəldi vurulması, divarların fasadlarının yazılması dəfələrlə tənqid olunsa da, heç bir nəticə yoxdur. Halbuki, paytaxtda reklam yerləşdirmək üçün kifayət qədər elan lövhələri var və elan vərəqələri ilə harada gəldi bu natəmizliyin yaradılması qanunla qadağan edilib.
Onu da qeyd edək ki, əksər xarici ölkələrdə belə reklam kağızlarının yerləşdirilməsi üçün xüsusi lövhələr quraşdırılır və onların konkret ünvanı olur. Bu ünvandan kənarda yerləşdirilən elana görə cərimələr təyin olunur, şəxslər məsuliyyətə cəlb edilir.
Əməkdar memar Feyzulla Quliyev
Mövqe.az-a açıqlamasında şəhərin görüntüsünü pozan bu vəziyyətə
qarşı bizdə də əksər ölkələrdə tətbiq olunan sözügedən təcrübənin
həyata keçirilməsini məqsədəuyğun görür: "Söhbət ondan gdir ki, bu
elan, reklam kağızlarının yapışdırılmasına nəzarət olunmalıdır. Kim
harada istədi, kor-koranə şəkildə yerləşdirildiyinə görə, bugünkü
vəziyyət yaranıb. Bu kimi elanlar üçün şəhərdə xüsusi yerlər
yaradılsa, düşünürəm ki, problemin qarşısı alınar. Yerlər
yaradılandan sonra da hal davam eləsə, o zaman cərimə tədbirləri
görülər. Çünki, qanun varsa, riayət olunmalıdır. Riayət
olunmursa, cəzası mütləq olacaq".
Hüquqşünas Əlməmməd Nuriyev da
məsələ ilə bağlı Movqe.az saytına münasibət bildirib. Hüquqşünas
deyir ki, reklam kağızlarının hara gəldi yapışdırılması hər şeydən
əvvəl bunun üçün müvafiq şəraitin olmaması ilə bağlıdır: "Bizdə iri
reklam lövhələri var. Müxtəlif şirkətlər öz reklamlarını orda
yerləşdirirlər. Lakin bu, xeyli vəsait tələb edir. Kiçik fərdi
sahibkarlar, kiçik xidmət sahələrinə bu lövhələrdə reklam
yerləşdirmək sərf eləmir. Ona görə Bakı Şəhər İcra
Hakimiyyəti və bələdiyyələr əlaqəli şəkildə müəyyən yerlərdə reklam
və elanların yerləşdirilməsi üçün guşələr düzəldə bilərlər. Məlumat
var ki, 20-ci əsrin əvvəllərində bu təcrübədən istifadə
olunub. Şəhərdə 100-dən artıq guşə yaradılıb ki, reklam, elan
xarakterli yazılar orda yerləşdirilsin. Bu tip yerlər yenə
quraşdırılsa, bu, həm şəhərin görünüşünə müsbət təsir edər, həm də
insanlar müxtəlif xarakterli elan və reklamlarını rahatca burda
yerləşdirə bilərlər. Burda rahat, ucuz və sərfəli qiymətlər təklif
oluna bilər. Əhali üçün belə elanların pulsuz verilməsi isə
daha məqsədəuyğundur. Çünki bunlar əsasən sosial xarakterli
reklamlar olur. Məsələn, biri ailəsi, uşaqları üçün yardım
istədiyini bildirən, kömək, yardım xarakterli kağız yerləşdirir.
Əgər onu yerləşdirmək üçün pulu olsaydı, onu ailəsinə sərf edərdi,
reklama yox. O baxımdan bu cür guşələrin yaradılması zəruridir.
Şəhərin memarlıq üslübüna, şəhərsalma qaydalarına uyğun
müvafiq guşələr quraşdırılarsa, şəhərin gözəlliyini də
artırar".
Əlməmmdə Nuriyev birdirib ki, bu amil eyni zamanda müxtəlif xidmət sahələrinin inkişafına da öz təsirini göstərə bilər: "Bununla insanlar daha asan məlumatlana da bilərlər. Çünki artıq nəsə axtaranda divarlara baxmalı olmayacaqlar. Biləcəklər ki, elanların konkret yeri var. Və bu tendensiyanı genişləndirmək lazımdır. Çalışmaq lazımır ki, belə elan lövhələri təkcə Bakı və bu kimi iri şəhərlərdə yox, həm də rayonlarda olsun. Artıq insanlar üçün bu şəraiti yaratdıqdan sonra, insanlar bundan istifadə etməsə, yenə də kağız elan və reklamları hara gəldi yapışdırsalar, yalnız o zaman cərimələr müəyyən etmək, cəza tədbirləri görmək olar".