Bakı küçələrində dilənməklə məşğul olan azyaşlı uşaqlara hələ də rast gəlmək mümkündür. Qışın soyuğu, yayın istisi demədən dilənən bu uşaqların taleyi ciddi narahatlıq doğurur. Araşdırmalar nəticəsində məlum olub ki, bir çox hallarda bu uşaqları dilənçiliyə vadar edən elə öz valideynləri olur. Avropa ölkələrinin bir çoxunda uşaq əməyindən istifadəyə görə, hətta valideynlikdən məhrumetməyə qədər cəzalar mövcuddur. Bundan başqa, həmin uşaqları məcburi əməkdən qurtarmaq üçün onların ailələrinə dövlət tərəfindən xüsusi yardımların verilməsi də mümkündür. Bizdə də bu cür cəza tədbirlərinin görülməsi bəlkə də problemin həllinə çarə olardı.
Uşaq Hüquqları Liqasının sədri
Yusif Bəkirov hesab edir ki, uşaqları diləndirilməsi hallarının
qarşısını birdəfəlik almaq mümkün deyil: "Bu uşaqların dilənçilik
eləməsi sosial vəziyyətin ağır olmasından irəli gəlir. İnsanların
yaşam şəraiti o qədər yaxşı olmalıdır ki, hamı işləsin və uşaqları
dilənçilik eləməyə vadar eləməsin. Çünki dilənən uşaqlarının əsasən
məqsədi ailəsini dolandırmaq olur. Məsələyə inzibati müdaxilə kimi
uşaqlarını diləndirən valideynləri cəzalandırmaq da olar, onları
valideynlik hüququndan məhrum eləmək də. Lakin bu zaman başqa bir
problem ortaya çıxacaq. Bu zaman uşaqlar internatlara
yerləşdiriləcək və ailədən tamamən məhrum olacaqlar. İndilikdə isə
belə bir hal qəbul olunmayıb ki, dilənçiliyə görə, valideyn hüququ
əlindən alınsın. Əgər belə olsa, dövlət özü həmin uşaqları himayəyə
götürməli olacaq. Göründüyü kimi, bunlar hamısı zəncirvari şəkildə
problemlərin yaranmasına gətirib çıxarır".
Hüquqşünas Səməd Vəkilov isə
deyir ki, küçədə dilənən uşaqların əksəriyyəti valideynsiz uşaqlar
olurlar: "Əgər valideyn uşağı dilənməyə vadar edirsə, o zaman
valideyni qanunla müəyyən edilmiş borclarının yerinə yetirmədiyinə
görə cəzalandırmaq lazımdır. Çünki hər bir valideynin borcudur ki,
uşağı yetkinlik yaşına çatana qədər ona baxsın. Dilənməyə vadar
edirsə, bu borcunu yerinə yetirmir.
Qalan uşaqlar isə dövlətin himayəsinə verilməlidir. Bu kimi uşaqlara nəzarətlə birbaşa Daxili Işlər Nazirliyi məşğul olur. Onlar belə uşaqları müəyyən edib araşdırırlar. Hökümətin bu işdə marağı var və işlər görülür".