Əlaqə Arxiv
news Image
2012.07.06
09:00
| A A A
Buğdanın bahalaşması Azərbaycana da təsirsiz ötüşməyəcək
Vahid Məhərrəmov: “İxracdan yaxşı gəlir əldə etmək Rusiya və Qazaxıstan fermerlərinin də marağındadır” Cümşüd Nuriyev: “Ölkəmizə buğda sıfır rüsumu ilə gətirildiyindən dünyada buğda bahalaşsa da, daxili bazarda gərginlik olacağı gözlənilmir”

Son zamanlar dünya miqyasında müşahidə olunan hallardan biri də buğdanın qiymətinin bahalaşması tendensiyasıdır. Bir çox buğda istehsalçıları olan ölkələr buğdanın qiymətinin qaldırılmasına rəvac veriblər. Rusiyada da anoloji bahalaşma prosesi gedir. Azərbaycana gəldikdə, bildiyimiz kimi, ölkəmiz özünün taxıla, o cümlədən sırf buğdaya olan tələbatını hələ də bütünlüklə daxili istehsal hesabına təmin edə bilmir. Ona görə də taxılın bir hissəsi xaricdən idxal edilir.

Azərbaycan hazırda taxıl idxalını əsasən Qazaxıstan və Rusiyadan reallaşdırır. Dünya bazarında taxılın qiymətinin qalxması isə istər-istəməz öz təsirini həmin məhsulu idxal edən ölkələrdə də göstərə bilər. Artıq bunun cücərtiləri, deyəsən, Azərbaycanda da hiss olunmağa başlayıb. Belə ki, məlumatlara görə bəzi yerlərdə unun qiymətini bahalaşdırmağa cəhd etmək halları müşahidə olunub. Görəsən, buğda ilə bağlı dünya bazarında baş vermiş bahalaşma tendensiyasının ölkəmizə də təsiri ola bilərmi? Həmin tendensiyanın Azərbaycanda hiss olunmaması üçün hökumət hansı addımlar atmalıdır?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, buğdanın dünya miqyasında qiymətinin bahalaşmasının Azərbaycana da təsiri olacaq: "Azərbaycanın taxıl bazarında bildiyimiz kimi, idxal taxılı ciddi təsirə malikdir. Azərbaycan özünün ərzaq buğdasına olan tələbatını ödəmək üçün Rusiya və Qazaxıstan kimi ölkələrdən taxıl idxal etməli olur. Rusiya və Qazaxıstanda buğdanın qiyməti də dünya bazarında olan qiymətdən asılıdır. Həmin ölkələr hazırda dünya bazarına kifayət qədər taxıl çıxarır. Ona görə də onlar mütləq mənada ixrac etdikləri taxılın qiymətini dünya bazarındakı qiymətə uyğunlaşdıracaqlar. İxracdan yaxşı gəlir əldə etmək Rusiya və Qazaxıstan fermerlərinin də marağındadır. Belə vəziyyət isə heç şübhəsiz ölkəmizin daxili bazarına ciddi təsir edəcək. Çünki Azərbaycan özünün taxıl məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəyə bilmir. 1 milyon tondan artıq taxıl hazırda idxal olunub, bu idxal indidən sonra da davam edəcək". Bununla belə sözügedən bahalaşma tendensiyasının ölkəmizdə hiss olunmaması üçün nə etmək lazımdır? sualına cavabında isə həmsöhbətimiz artıq bu barədə düşünməyin gec olduğunu dedi: "Artıq bu istiqamətdə hər hansı bir tədbir görmək gecdir. Yalnız çalışmaq lazımdır ki, gələcəkdə Azərbaycan özünün taxıla və buğdaya olan tələbatını ödəmək qabiliyyətində olsun. İdxal olunan taxıla tətbiq olunan vergilərə gəldikdə, düşünürəm ki, əlavə dəyər vergisini (ƏDV) götürməklə də idxal olunan buğdanın qiymətini 18 faizə qədər aşağı salmaq mümkündür. Bu isə ölkəmizə idxal olunan buğdanın qiymətinin qalxmaması və daxili bazara dünyada cərəyan edən prosesin elə də ciddi təsir etməməsinə kifayət edər. ƏDV-nin götürülməsinin istehsalata ciddi təsiri olmayacaq. Belə olan halda istehlakçılar da taxılı dünya bazarındakı qiymətdən yüksək qiymətə əldə etməyəcək. Onsuz da istehsal etdiyimiz buğdanın keyfiyyəti aşağı olsa da, qiyməti kifayət qədər yüksəkdir.

ƏDV götürülməsə isə idxal buğdasının qiyməti dünya bazarındakı qiymətdən baha başa gələcək. Bu isə bütün hallarda istehlakçılar hesabına olacaq".

Digər ekspert Cümşüd Nuriyev dünya bazarında buğdanın qiymətinin qalxmasının Azərbaycana təsir edəcəyini düşünmür: "Ölkəmizə buğda sıfır rüsumu ilə gətirilir. Ona görə də dünya bazarında bağdanın qiyməti bahalaşsa da, Azərbaycanın daxili bazarında gərginlik olacağı gözlənilmir. Amma Azərbaycanın xarici ticarət balansında taxılın idxalı kifayət qədər yüksəlib. Baxmayaraq ki, Azərbaycan hökuməti daxildə taxıl məhsulları üçün bu qədər vəsait və subsidiya ayırır. Həmin subsidiyanı ayırmayıb, ona taxıl alıb gətirsə, daha ucuz başa gələcək.

Hər il Azərbaycan orta hesabla 1-1,2 milyon ton taxılı xaricdən idxal etməli olur. Bu isə xeyli miqdar vəsaitin xaricə axını deməkdir. O ki qaldı, dünya bazarında buğdanın qiymətinin qalxmasının Azərbaycan bazarına təsirinə, ölkəmizdə bu istiqamətdə gərginlik olmayacaq. Çünki hazırda ölkənin buğda ilə təmin edilməsi işinə Kənd Təsərrüfatı Nazirliyi deyil, Fövqəladə Hallar Nazirliyi nəzdində yaradılan xüsusi fond baxır. Ölkəyə lazım olan bütün taxıl ehtiyatı da məhz bu qurumda cəmləşir. Fövqəladə Hallar Nazirliyi də işini normal qurduğundan Azərbaycanın daxili bazarında çörəyin qiymətinin bahalaşması baş verməyəcək. Amma təbii ki, ölkəmiz də dünyada gedən proseslərdən kənar qala bilməyəcək. Dünyada buğdanın qiymətinin qalxması ilə Azərbaycanın tədiyyə balansında nisbətən daha çox vəsait taxıl alınmasına xərclənəcək. Bu mənada isə buğdanın dünya qiymətinin bahalaşmasının Azərbaycan bazarına təsiri olacaq".

Sizin Reklam Yeriniz