Əlaqə Arxiv
news Image
2014.07.09
08:22
| A A A
Sosial evlərin inşasında Rusiya təcrübəsindən istifadə oluna bilər
Ramil Osmanov: " Hər bir halda sərmayə yatıran investisiya layihəsindən pul qazanır " Nüsrət İbrahimli: "Bu barədə dövlət proqramı qəbul olunmalıdır"

Bir çox ölkələrdə əhalinin aztəminatlı hissəsinin mənzil almasına kömək etmək üçün sosial xarakterli evlər tikilib, bu kateqoriyadan olan ailələrin istifadəsinə verilir. Artıq bu təcrübədən MDB ölkələri də yararlanır. Rusiyada sosial evlərin inşası üçün xüsusi ərazilər seçilir. Ardınca hökumət xətti ilə bu ərazilərə bütün kommunikasiya və infrastruktur xətləri çəkilir. Daha sonra özəl investor burada ev tikməyə başlayır. Bu zaman evlərin tikintisi şirkətə ucuz başa gəlir. Satışdan əldə olunan vəsait də investora çatır. Azərbaycanda da son illər sosial evlərin tikintisi vacibliyi vurğulanır. Bu yolla düşünülür ki, hazırki qiymətlərlə mənzilə sahib olmaqda çətinlik çəkən müəyyən qrup ailələr evlərlə təmin oluna bilərlər. Lakin hələlik ölkəmizdə sosial evlərin tikintisi məsələsi real müstəviyə keçməyib. Bunun üçün görünür, tikinti şirkətlərini prosesə həvəsləndirən müəyyən addımlar atılmalıdır. Bu mənada, görəsən, yuxarıda qeyd olunan Rusiya təcrübəsi Azərbaycanda da tətbiq oluna bilərmi?

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanov haqqında söhbət açdığımız Rusiya təcrübəsinin sosial xarakter daşıdığına şübhə etdiyini dedi: "İnvestor gəlir, sosial evlərin tikintisi üçün investisiya qoyur. Sonra da onu satışa çıxarıb, bundan pul qazanır. Bu halda mənfəəti az olur. Dövlət onlara müəyyən imtiyazlar verir. Amma hər bir halda sərmayə yatıran investisiya layihəsindən pul qazanır. Onda bunun sosiallığı nədən ibarət oldu? Əslində, proses belə olmalı idi: dövlət müəyyən şirkətləri həmin prosesə cəlb edib, ora sərmayə qoyan tikinti şirkətlərinə növbəti dönəmlərdəki gələcək fəaliyyətində bəzi ciddi imtiyazlar verə bilər. Məsələn, vergidən azad edilmələri mümkündür. Habelə, tikinti şirkətlərinin torpaqla təmin olunması məsələsi dövlətin hesabına həyata keçirilə bilər. Eyni zamanda, tikinti işləri zamanı müvafiq icazə sənədlərinin alınmasında ödənilən rüsumlar bu şirkətlərdən tutulmamalıdır. Şərtlər bu istiqamətdə olsaydı, investorların sosial evlərə investisiya yatırması məntiqə uyğun olardı. Amma dediyiniz Rusiya təcrübəsi bir qədər qaranlıqlıdır".

MBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli isə sosial evlərlə bağlı şimal ölkəsində tətbiq olunan təcrübənin Azərbaycanda da istifadəsini məqbul saydı: "Dediyiniz Rusiya təcrübəsi təbii ki, sosial evlərin tikintisi zamanı keçərlidir. Bu barədə dövlət proqramı qəbul olunmalıdır. Proqramın qəbulundan sonra məsələnin həlli müvafiq icra strukturlarına tapşırılır. Həmin icra strukturu da, müəyyən bir torpaq ərazisi ayırır. Burada bütün lazımi infrastruktur işlərini həyata keçirir, evlərin layihələrini hazırlayır, bunun ardınca hərrac keçirirlər. Burada kim qalib gəlirsə, o şirkət də sosial evlərin tikintisinə təhkim olunur. Sonra hazır sosial ev sifarişçiyə təhvil verilir. Sifarişçi də həmin evləri ya özü satır, ya da həmin icraçının əli ilə satış həyata keçirir. Bu, təkcə Rusiya təcrübəsi deyil, dünyanın bir çox yerlərində tətbiq olunur".

Sizin Reklam Yeriniz